usaqlar

Azərbaycanda valideynlər kimə üstünlük verirlər: qıza, ya oğlana?

Baxış sayı: 576

Gender əsaslı cins seçimi doğulan uşaqlar arasında cinsə görə nisbətin pozulmasına birbaşa təsir edən amildir. Bioloji normaya görə dünyaya gələn hər 100 qız uşağına düşən oğlan uşağının sayı heç bir xarici müdaxilə olmadıqda 102-106 arasında dəyişir. Bu göstəricinin 106-dan çox olması gender əsaslı cins seçiminə, yəni oğlan uşaqlarına üstünlüyün verilməsinə işarə edir. 1990-cı illərin əvvəllərindən başlayaraq Azərbaycanda cins nisbətinin pozulması müşahidə olunmağa başlayıb. 1990-cı ildə 100 qıza 107, 1996-cı ildə 112, 2000-ci ildə 115, 2010-cu ildə 117, 2016-cı ildə 114, 2018-ci ildə 115, 2020-ci ildə 114, 2021-ci ildə 116, ötən il isə 112 oğlan düşüb.

Bu barədə BMT-nin Əhali Fondu tərəfindən Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli vərdişlərin aradan qaldırılması üçün Azərbaycan mediasında gender həssaslığının artırılması üzrə II təlimdə jurnalistlərə verilən məlumatda bildirilib.

Təlim çərçivəsində qeyd olunub ki, oğlan uşaqlarına üstünlük verilməsi onlara daha yüksək dəyər aşılayan patriarxal ailə strukturu, ənənəvi təcrübələr və sosial normaların təzahürüdür və ölkədə gender əsaslı cins seçiminin kökündə dayanan əsas səbəbdir.

BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2018-ci ildə birgə həyata keçirilmiş “Kişilərin gender bərabərliyinə münasibətinə dair tədqiqat”ın nəticələrə görə həm kişi, həm də qadın respondentlər ailədə qız uşağından çox oğlan uşağının olmasına üstünlük verir – qadınlarla müqayisədə kişilər oğlan uşaqlarının sayının daha çox olmasını istəyirlər.

Tədqiqata görə, kişilərin 6 faizi, qadınların isə 17.5 faizi qız uşaqlarının daha çox olmasına üstünlük verir. Kişilərin 41.5 faizi, qadınların 18.3 faizi oğlan uşaqlarının daha çox olmasına üstünlük verir. Kişilərin 0.6 faizi, qadınların isə 1.5 faizi yalnız qız, kişilərin 6.0 faizi, qadınların 6.7 faizi yalnız oğlan uşaqlarının olmasını istəyir.

Kişilərin 52.4, qadınların 64.2 faizi isə cinslər üzrə uşaqların bölgüsünün bərabər olmasına tərəfdardır.

hamilelik

Cins ayrı-seçkiliyinin səbəblərindən biri

Bundan başqa, qeyd olunub ki, dölün cinsiyyətini müəyyən etməyə imkan verən ultrasəs müayinə cihazının əlçatanlılığı və geniş istifadəsi fonunda oğlan uşağına verilən üstünlük nəticəsində edilən selektiv abortlar doğulan uşaqlar arasında cinsə görə nisbətin pozulmasına yol açır.

BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilədək hər il doğulan oğlan uşaqlarının sayı qızların sayından 12000-15000 nəfər çox olacaq.

Oğlan uşaqlarının sayında artım bu və ya daha artıq templə davam edərsə, ölkə tezliklə ictimai həyatın bütün sahələrində gender fərqliliyinin azalması kimi acınacaqlı fəsadla üzləşəcək.

O da qeyd olunub ki, gender əsaslı cins seçimi bir sıra fəsadlara yol açır: gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri, kriminal səviyyənin artması.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir