psixoloq Aysu Eliyeva

Bacı-qardaş qısqanclığı qarşısında necə davranmalı?

Baxış sayı: 743

İnsanın təbiətində var olan qısqanma duyğusu, uşaqlıqda ilk bacı (qardaşın) doğulması ilə ortaya çıxır. Valideynlərin ən çox şikayət etdiyi, hər 10 ailədən 7-də görülə bilən durumlardan biridir.

Yeni bacı-qardaşın gəlməsi, hər şeydən öncə evə yeni bir nəfərin gəlməsi deməkdir. Yeni ailə üzvü evdəki standartları dəyişdirir. Xüsusilə yeni doğulan körpəyə uşaq rəqibi olaraq yanaşır. Davamlı qayğıya və baxıma ehtiyacı olan, ananın demək olar, bütün zamanını alan, digər ailə üzvlərinin diqqətini çəkən körpənin rəqib olaraq qavranılması təbii qarşılanmalıdır. Bu rəqib ana və atanı uşaqdan uzaqlaşdıran və normal olaraq uşaq tərəfindən istənilməyən biridir.

Bəzən bu durumun yaranmasına ana və atanın  uşaqla yanlış davranış şəkli də səbəb ola bilər. Ümumiyyətlə, ilk səhv, uşağı ona yeni bir qardaş-bacı gələcəyinə hazırlamamaq olur. Heç bir şeydən xəbəri olmayan uşaq günün biri yeni körpə ilə qarşılaşır və ona bu yeni körpənin onun bacı-qardaşı olduğu söylənilir. Halbuki  valideyn hələ hamiləlik dönəmindən uşağa yeni doğulacaq körpənin varlığından xəbər verməli idi. Xüsusilə də bunu deməyin ən doğru zamanı uşağın ananın qarnının böyüdüyünü fərq etməyə başladığı zamandır.

USAQLAR

Yeni körpənin dünyaya gəlməsinin təlaşı və sevinci ilə ata və analar, bir an evdə başqa övladının olduğunu unuda bilər. Bu an uşaq ailənin ona qarşı sevgi, qayğı və diqqətinin birdən-birə azaldığını fərqinə varır. Özünün də var olduğunu sübut etmək üçün nələrsə etməyə çalışır . Xüsusilə dağıdıcı davranışlar: yalan, oğurluq, söyüş , özündən balaca körpəni incidəcək hansısa davranış və s. göstərir. Və bu hal ata-ananın sərt reaksiyası ilə qarşılanır. Belə olduğu halda uşaq “ ailəm artıq məni sevmir” deyə düşünür.

Aralarında yaş fərqi az olan uşaqlarda qısqanclıq əlamətləri daha çox görülür. Bu da ailənin hədsiz çox qayğısının anidən başqa uşağa yönəlməsindədir.

Bəzən bəzi uşaqlar qardaşı( bacısı) doğulduqdan sonra ifrat dərəcədə qayğı, maraq göstərir. Körpənin hər ehtiyacını qarşılamaq istəyir və körpənin baxımı üçün anaya yardım etməsi üçün dil tökür. Bu tipli situasiyalar daha çox qısqanclığını xaricə göstərməyən, duyğularını basdıran və kamuflyaj edən uşaqlarda daha çox görülür. Uşaq elə düşünür ki, bacı-qardaşını qısqandığını bəlli edərlərsə, anası ondan uzaqlaşacaq, onu tərk edəcək.

aile

Uşaqlar arasında rəqabət və çəkişmənin səbəbləri arasında ana-atanın gözünə girə bilmə, evdə özünə məqam tutmaq, fərd olduğunu qəbullandırmaq, önəmsəmə və dəyər verilmə istəyi ön sıralardadır. Valideynlər uşaqlar arasında didişmə, dava çıxan zaman hakim/vəkil rolunu üstlənməməlidir.  Xüsusilə də evin balaca uşağı ağlayaraq ananın duyğusallığından istifadə etməyə çalışa bilər. Bu zaman valideyn əksərən böyük övladına “ Sən böyüksən, sən başa düşürsən,amma, o balacadır” deyə yanaşma yanlışdır.  Tərəf olmaq onların bizi içinə  almaq  istədiyi oyuna daxil olmaq deməkdir. Neytral mövqedən çıxış etmək ən düzgünüdür. Sağlam yanaşma isə hər uşağın ailə içində özəl yerinin olduğunu uşağa göstərmək, izah eləmək və fərqində olmasını təmin etməkdir. Uşaqlar içində fərq qoyulmadan , müqayisə edilmədən hər birinə diqqət göstərərək və hər birini fərd, şəxsiyyət olaraq yanaşsaq, daha doğru olar.

                                

Psixoloq Aysu Əliyeva




2 şərh “Bacı-qardaş qısqanclığı qarşısında necə davranmalı?

  1. Şəbnəm Məmmədova

    Elə bil bizim ailəni təsvir etmisiniz😆faydalı oldu sağ olun
    Davamlı ,axarlı olsun

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir