batil inanclar

Batil inanclar necə yaranıb?

Baxış sayı: 671

Qara bir pişik yolunuza çıxarsa, çətinliklə qarşılaşacaqsınız, ancaq ağac və ya taxta lövhə döyəcləyərək bunun qarşısını almağa çalışa bilərsiniz. Məntiq haradadır? Bir çoxumuz təsadüfi şeylərin həyatımıza təsir edə biləcəyinə inanırıq. Bəs bu qəribə batil inanclar haradan qaynaqlanır?

 

Qara pişik qarşınıza çıxarsa..

Qara pişiklərin bədbəxtlik gətirdiyinə inamın kökü qədim Misirə gedib çıxır. Ancaq bir təzad var. Qədim misirlilər pişikləri çox sevirdilər, buna görə də qara pişiklə qarşılaşmağın şans gətirdiyinə inanırdılar. Ancaq orta əsrlərdə hər şey dəyişdi. Qara pişiklər cadu ilə əlaqələndirildi. Qara pişiklərin cadugərlərin sadiq yoldaşlarına çevrilməsinin necə baş verdiyini bilmirik, amma elə o dövrdən indiyədək bu batil inanc hələ də qalır.

 

Taxtanı döyəcləmək bədbəxtliyin qarşısını alır

Kiminsə başına gələn bir pis hadisədən danışarkən sizin də başınıza gəlməməsi üçün taxtanı döymək lazım olduğunu söyləyirlər. Bəzi tarixçilər iddia edirlər ki, keltlər və vikinqlər kimi qədim Avropa xalqları tanrıları, yaxınlaşan çətin vəziyyətdən xəbərdar etmək üçün belə edirmişlər.

Ancaq başqa nəzəriyyələr də var. Onlardan birinə görə, taxtanı döyəcləyərkən çıxan səs pis ruhları qorxudur. Bəziləri bu batil inancın and içməzdən əvvəl çarmıxa toxunmaq vərdişindən qaynaqlandığını iddia edirlər.

 

13 rəqəmi

Uğursuzluqla bağlı xürəfat haqqında danışarkən şanssız 13 rəqəmi dərhal yada düşür. Bu, qədim Skandinav mifologiyası, on iki tanrının dəvət olunduğu Valhalla ziyafəti ilə bağlıdır. Ziyafətə dəvət edilməmiş bir qonaq gəldi, on üçüncü olan Loki. Həmin ziyafətdən sonra sevilən tanrı Balder döyüşdə öldürüldü. Lokini bal otağından çıxarmağa çalışdı, amma bacarmadı, 13 rəqəmi ilə bağlı şanssızlığa inam buradan yarandı. Sonradan xristianlıq bu batil inancı daha geniş auditoriyaya yaydı.

 

Duz dağıldısa, dava olacaq

Ümumi bir iddia, tökülən duzla bağlı xürəfatın xristianlıqda “Son Şam” yeməyində bir qab duzu çevirən İuda ilə əlaqəli olmasıdır. Ancaq əslində bu inanc İncil yazılmadan xeyli əvvəl mövcud idi.

Qədim şumerlərin təxminən 5500 il əvvəl bir uğursuzluğu aradan qaldırmaq üçün çiyinlərinə tökülmüş duz atdıqlarına dair qeydlər var. Məntiqlə düşündükdə isə, duz uzun müddət bahalı bir şey olub, buna görə insanların onu israf etməyin yanlış olduğunu düşünmələri təəccüblü deyildi. Duzu dağıtmamaq üçün belə bir  şey düşünülmüş ola bilərdi.

 

Qapalı məkanda açıq çətir uğursuzluq gətirir?

Bu inanc da Qədim Misirlə bağlıdır. Misirlilər papirus və tovuz quşu lələklərindən çətirlər yaradaraq onlara səma ilahəsi Nutun şəklini verdilər. Çətirlər tanrı və günəşlə yaxından əlaqəli olduğundan misirlilər onların kölgələrini müqəddəs hesab edirdilər. Çətirin qapalı şəraitdə istifadəsi məqsədə zidd idi, buna görə də belə bir inanc yarandı.

Daha praktik bir səbəb də var. Viktoriya İngiltərəsində ilk çətirlər sağlamlıq üçün ciddi təhlükə yaradırdı. Çətirin sərt yayları o qədər pis açılırdı ki, metal çubuqlar cisimləri asanlıqla qırırdı, hətta əti deşə bilirdi. Bu səbəbdən, təsadüfən kimi isə zədələməmək üçün çətir açmağa yalnız küçədə icazə verilirdi.

 

Güzgü sınması və yeddi il bədbəxtlik

Qədim romalılar inanırdılar ki, insanın taleyi və sağlamlığı hər yeddi ildən bir dəyişilir. Qırılan bir güzgüdə özünə baxmaq, insanın əksini təhrif edir, buna görə də qədim romalılar bunu növbəti yeddi illik dövrdə uğursuzluğa məhkum olacaqlarına işarə olaraq qəbul edirdilər.

 

Nərdivanın altından keçəni problemlər gözləyir?

Bu, misirlilərdən miras qalan digər bir xürəfatdır. Onlar üçbucağı müqəddəs bir fiqur hesab edirdilər. Divara söykənən bir nərdivan divar və torpaq ilə üçbucaqlı bir forma meydana gətirir. Üçbucaq müqəddəs bir fiqur olduğundan oradan keçmək hörmətsizlik və tanrıların qəzəbinə düçar olmaq üçün səbəb hesab olunurdu. Xristianlıq bu inamı daha da gücləndirdi. İsa bir nərdivanla çarmıxdan endirildi, bundan sonra nərdivanın altından keçmək pisliyin və bədbəxtliyin simvolu oldu.0

 

At nalı -uğur simvolu

Məqaləni pozitiv notlarla tamamlamaq üçün sonda at nalı ilə bağlı inancdan bəhs edək. Bu inancın kökü Qədim Yunanıstana gedib çıxır. İlk növbədə nalın dəmirdən hazırlandığına nəzər salaq. Qədim yunanlar hesab edirdilər ki, bu metal mənfi enerjiləri itələmək gücünə malikdir.

Nal həm də aypara formasındadır. Qədim yunanlar ay formasını uğur və bərəkət simvolu sayırdılar. Bu inanc qədim yunanlardan qədim romalılara keçərək, bütün Avropada yayıldı. İndiyədək də qapısın üzərinə uğur və xoşbəxtlik rəmzi kimi at nalı asanlar var.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir