sevgi

Bir ayın gəlini qonşu kişiyə qoşulub qaçıb: “Günahkar ailələrdir”

Baxış sayı: 725

Lerikdə bir ayın gəlini qonşuda yaşayan kişiyə qoşulub qaçıb. Hadisə fevralın 6-da Kaqon kəndində baş verib. Kənd sakini 31 yaşlı Məhəbbət Nağıyev qonşuluqda yaşayan 19 yaşlı Astara sakinini Bakıya qaçırıb. M.Nağıyevin bundan əvvəl iki dəfə ailə həyatı qurduğu və boşandığı bildirilir. Həyat yoldaşı qaçırılan Araz Səfərov hadisə ilə bağlı açıqlama verib. O, həyat yoldaşı ilə bir aydır ailəli olduğunu deyib.

A.Səfərovun sözlərinə görə, pandemiya olduğu üçün yığıncaq keçirmədən nişanlısını öz evlərinə gətirib:

“Qonşu kişi ilə bir ildən çox olar ki, aralarında münasibət olub. Öz xoşu ilə qaçdığını deyib. Buna görə də polisə müraciət etmədim”.

Baş verənlərlə bağlı danışan “Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova bildirir ki, ölkəmizdə nikahın könüllü bağlanan bir müqavilə olduğunu deyirlər. Düşünürlər ki, hər iki tərəf arasında nigah rəsmiləşibsə, deməli artıq evlidirlər:

“Amma nikahın əsas prinsipi könüllülükdür. 19 yaş ailə həyatı qurmaq üçün erkəndir. Neçə gündür ki, ölkəmizdə erkən nikahlarla bağlı ciddi müzakirələr gedir. 19 yaşlı şəxs qanun qarşısına yetkin yaşa çatmış sayılır. Bəzən 20 yaşında belə nikaha girmək çətin olur, çünki yetkinlik anlayışı orqanizmin yalnız tibbi baxımdan yox, mənəvi baxımdan da formalaşmasıdır. Baş verən hadisəyə gəlincə, yəqin ki, tərəflərdən biri nikaha könüllü daxil olmayıb. Bundan başqa həmin insanın ailə həyatına hazır olmadığı da görünür”.

G.Səfərova qeyd edir ki, bütün məişət problemlərinin baş verməsinin kökündə iqtisadi bir yanaşma dayanır:

“Təəssüf ki, bəzən övladlarımızı bəlli bir çərçivəyə salırıq və deyirik ki, “sən ancaq bu çərçivədə olmalı, kənara çıxmamalısan”. 19 yaşlı qız ailə həyatı qurub, amma o, ali məktəbdə oxuya, hansısa sənət sahibi olub, iqtisadi asılılığını aradan qaldıra bilərdi.

Bu zaman ailə həyatı qurmaq fikri olmayacaqdı. Etiraf edək ki, ən çox valideynlər övladlarını ailə qurması üçün təşviq edirlər. 18-19 yaşlı qız nə başa düşür ki, ailə qurmağın qərarını da özü versin? Ona görə də ilk olaraq ailələr anlamalıdırlar ki, uşaqları nikaha təşviq etmək yox, onlara alternativlər hazırlamaq lazımdır.

Bu baxımdan baş verən hadisədə ailələrin də günahkar olduğunu hesab edirəm”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir