ayaqqabi

BMT-dən qadınlarla bağlı qorxunc hesabat – Azərbaycanda da durum yaxşı deyil

Baxış sayı: 220

“2021-ci ildə hər saatda 5-dən çox qadın və qız ailə üzvü tərəfindən öldürülüb”.

Bu barədə BMT-nin femisidlə (femisid – cinsiyyətinə görə qadınların öldürülməsi – red.) bağlı yeni hesabatından aydın olub. Sənədə əsasən, keçən il bütün dünyada qətlə yetirilən 81 100 qadının yarıdan çoxu – 45 000-i (56%-i) əri, sevgilisi və ya digər qohumu tərəfindən öldürülüb.

“BMT Qadınlar” qurumu və BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi rəqəmlərin son dərəcədə yüksək olduğunu, lakin cinsiyyətə görə qadın qətllərinin həqiqi sayının qeydə alındığndan daha çox olduğunu bəyan edib. 2021-ci ildə hər 10 ölümdən təxminən dördü kifayət qədər məlumat olmadığı üçün femisid hesab edilməyib. Son 10 ildə femisidlə bağlı rəsmi məlumatlar çox dəyişməyib.

Keçən il qohumların əli ilə femisid ən çox Asiyada (17 800) baş verib. Bununla belə, araşdırma Afrikada qadın və qızların ailə üzvləri tərəfindən öldürülmə riskinin daha çox olduğunu göstərib. Ailədə cinsiyyətə əsaslanan adamöldürmə nisbəti Afrikada 100 000 qadına 2,5, Amerika qitəsində 1,4, Okeaniyada 1,2, Asiyada 0,8 və Avropada 0,6 nisbətində qiymətləndirilir.

Araşdırmaya görə, 2020-ci ildə koronavirus pandemiyasının başlaması ilə Şimali Amerika, Qərbi və Cənubi Avropada qadın qətllərinin sayında xeyli artım olub.

Şərq müsəlman ölkəsi olan Azərbaycanda bu göstərici üzrə vəziyyət necədir, ildən-ilə pisləşir, yoxsa?

Qeyd edək ki, xüsusən də son bir ayda ölkədə qadın qətllərinin, femisidin geniş vüsət alması müşahidə olunur. Qadınların qətlə yetirilməsinin əsas səbəbləri qısqanclıq, ailə-məişət problemi, qatillər isə əksəriyyətdə ya ər, keçmiş ər, sevgili və yaxud hansısa qohum olur.

Qadın qətlləri, qadınlara qarşı zorakılıq faktlarının artması ilə bağlı qadınların hüquqlarının müdafiəsi yönündə sosial proqramların həyata keçirilməsinə, mütəmadi olaraq maarifləndirmə kampaniyalarının aparılmasına, qadın sığınacaqlarının yaradılmasına baxmayaraq, neqativ hadisələr artan tendensiyada davam edir. Bəziləri bu məsələdə sosial-iqtisadi çətinlikləri, bəziləri cəmiyyətdə gedən prosesləri, digərləri isə son vaxtlar milli-mənəvi dəyərlərin arxa plana keçməsini əsas gətirir.

novella ceferoglu

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu mövzu ilə bağlı aşağıdakıları dedi: “Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digərləri ilə birlikdə qadın həbsxanasında keçirilən seminardan çıxırıq. Bu həbsxanada müxtəlif taleli qadınlar var, o cümlədən ona hücum edən ərini öldürən qadınlar. O qadınlar uzun illər məhkumluq həyatı yaşamağa məcburdurlar, amma araşdıranda görürük ki, bir çoxu özünü müdafiə edəndə qatilə çevriliblər. O ki qaldı hazırda Azərbaycanda qadın qətlləri ilə bağlı vəziyyətə, hazırki vəziyyət həm qorxuludur, həm də dəhşətli. Az qala hər gün hansısa qadının ya əri, ya keçmiş  əri, ya sevgilisi və yaxud da qardaşı, oğlu, atası tərəfindən vəhşicəsinə qətlə yetirildiyini eşidirik. Deməli, hazırda cəmiyyətimizdə sağlam mühit yoxdur. Bu dəhşətin qarşısını almaq üçün ilk növbədə cəmiyyət sağlam vəziyyətə gətirilməlidir.

Əslində hər şey ailədən, ailədə görülən tərbiyədən gəlir. Uşaq nə görürsə, gələcəkdə onu təqlid edir. Buna görə də valideynləri maarifləndirməli, keçmişdə cəmiyyətimizdə qadınlara qarşı olan hörməti yenidən qaytarmalıyıq. Bəzən ailələrdə uşaqlara qarşı zorakılıq edilir. Bu zorakılıq gələcəkdə onları qatil olmasına gətirib çıxarır”.

Novella Cəfəroğlu qeyd etdi ki, qadınlara qarşı zorakılıq faktları ilə bağlı qanun qəbul edilməsinə baxmayaraq, zorakılıq halları durmadan artmaqdadır: “Qanun qəbul edilib, amma bunun nəticəsini görmək üçün müəyyən vaxt lazımdır. Cəmiyyət bilməlidir ki, qadına əl qaldırmaq olmaz, əgər kimsə əl qaldırarsa, həbs olunacaq. Bir məsələni də qeyd etmək istərdim, xüsusən də müharibədən sonra cəmiyyətimizin psixoloji vəziyyətində ciddi problemlər nəzərə çarpmaqdadır. Yəni cəmiyyətimiz xəstə cəmiyyətə çevrilib. İlk növbədə bu problemi həll etməyə çalışmaq lazımdır. Yalniz bundan sonra nəyəsə nail olmaq olar. Bu gün televiziyalarda zorakılığı təbliğ edən, qadınlara qarşı aqressiv filmlər nümayiş olunur. Doğrudur, bəzən hansısa verilişlərə rast gəlirik, amma onların sayı çox azdır. Bu baxımdan məsələyə daha dərindən yanaşmalı, təcili tədbirlər görməliyik”.

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir