Dilber Behmenli

Boşanmaların psixoloji səbəbləri – “QƏBUL OTAĞI”

Baxış sayı: 1. 214

1) Konfliktlər zamanı partnyorlar hər zaman sadəcə haqlı olmağa çalışıb eqo savaşına girirlərsə, təbii ki, bu münasibətlər boşanma ilə nəticələnə bilər. Səbəb ondan ibarətdir ki, haqlı çıxmağa çalışan insan daim özünü müdafiə etmək məcburiyyətində qalan insan olub, o insan üçün haqlı olmaq və ya haqsızlığa məruz qalmamaq bir ailənin uğurundan daha önəmlidir.

2) Verilən vədlərin tutulmaması da boşanmaların digər səbəblərindən biridir. Bəzən sevgililikdən əvvəlki və ya sevgililik mərhələsində partnyoru əldə etmək, onu manipulyasiya etmək üçün müxtəlif yalan vədlər verir, qarşı tərəfi öz təsirinə salır. Bu zaman qarşı tərəfin gözləntiləri yüksəlir, lakin sonra partnyorunu əldə etmiş şəxs üçün qarşı tərəf maraqsızlaşa bilər, artıq onun üçün vəzifə tamamlanıb və -dir. Artıq ovunu əldə etmək üçün çalışmır. Çünki uşaqlıqdan müvəffəqiyyətsizliklə sınanmış bu şəxs istədiyi və əlçatmaz olan o şəxsi əldə edib və maraqsızlaşan bu şəxslə yanaşı münasibət üçün artıq heç bir şey etməməyə başlayır. Bu da qarşı tərəfin etirazına səbəb olur, çünki o əvvəlki ovçu ruhlu insanı gözləyir, onu əldə etməsi üçün əlindən gələni etməsini istəyir.

3) Sədaqətsizlik boşanmaların digər səbəblərindən biridir. Bununla bağlı digər məqaləmdə geniş məlumat vermişəm.

4) Emosional və ya fiziki yaxınlıq əskikliyi də boşanmalara gətirib çıxarır. Bəzən şəxslərdən biri düşünür ki, qarşı tərəfə sadəcə səni sevirəm deyərək və ya maddi, cinsi əlaqə zamanı təmin edərək qarşı tərəfi xoşbəxt edə bilərəm. Lakin belə deyil, səni sevirəm deyib, lakin əməllərdə çox kobud və ya soyuqqanlı rəftar etmək qarşı tərəfə deyilən sözün yalan olduğunu düşündürür.

5) Əgər iki insan oturub normal söhbət edə bilmirsə, fikrini ifadə edə bilmirsə, qarşı tərəfin həyatında söz hüququ yoxdursa, razı olmadığı şeylərə etirazını bildirə bilmirsə, təbii ki, bu münasibət boşanma ilə nəticələnə bilər.

6) Məişət zorakılığı digər səbəblərdən biridir. Bu insanlar, adətən, özləri də ailəsində zorakılıq halları olan şəxslərdir. Şiddəti göstərən şəxs sevgidən yoxsul, daimi şiddətlə böyümüş və sevgi anlayışının içində sevginin də bu şəkildə olduğunu düşünən toplumun qurban psixologiyasından çıxmağa çalışarkən öz yoldaşlarını və ya övladlarını da bu qurban psixologiyasının obyektinə çevirirlər. Şiddət görmüş şəxs isə adətən şiddətdən qaçan şəxslər olub elə məhz şiddət göstərən insanı da tapanlar olurlar. Çünki bu şəxslər qayğıya həsrət, sevgi acı və daim ürkək uşaq ruhunda olurlar və onlar o aqressiv “canavar ruhlu” insanların əllərinə düşürlər, çünkü bu “canavar ruhlu” aqressiv insanlar insan içində çox idarəedici, özgüvənli, sanki qayğı verirmiş kimi görüntü yarada bilirlər. Şəxs də bundan təsirlənərək onları sahiblənən insan tapdığını düşünüb sevinirlər. Məsələn, bax mənə görə filankəslə dalaşdı, onu döydü deyə sevinirlər. Lakin o şiddətin bir gün özünə çevrilə biləcəyinin fərqində deyillər.

7) Asılılıq: alkoqol, narkotik, qumar və ya cinsi əlaqə də boşanmalara səbəb ola bilər. Bildiyimiz kimi asılılıq beyində dopamin ifrazına səbəb olur və insan ilk başlarda bundan hədsiz zövq alır. Sonralar bu zövqü ala bilmək üçün davam etsə də bir müddət sonra bu belə olmur, lakin artıq insanda asılılıq yaranır və şəxs bunun qurbanına çevrilir. Və insanın həyatının tək məqsədi asılılıq yaradan şeyi əldə etməkdir. Bu zaman hətta ailə üzvlərinə şiddət göstərə, onları sata, pul qazanması üçün başqaları ilə cinsi əlaqəyə məcbur edə bilər. Digər bir asılılıq cinsi əlaqə asılılığıdır ki, bu insanlar cinsi obsessiyalardan və hiperseksuallıqdan əziyyət çəkə bilərlər. Bu zaman partnyorunu yanında tapmadıqda başqaları ilə cinsi əlaqəyə girə və partnyoruna xəyanət edə bilərlər.

8) Digər səbəb isə partnyorlardan birinin ailənin yükünü qaldıra bilməməsi və ya məsuliyyətdən qaçması zamanı ortaya çıxır. Məsələn, maddi cəhətdən ailəni təmin etmək üçün çalışmır. Övladlarının və ya yoldaşının qayğısına qalmır. Öz məsuliyyətini sadəcə digər partnyorunun üzərinə atır. Lakin qayığı təkbaşına irəli aparmaq bir müddət sonra partnyoru yorar.

9) Boşanmaların situativ səbəbləri yanaşı, etnopsixoloji səbəbləri də mövcuddur. Bəzən partnyorlar eyni ölkədə doğulub böyüsə də, müxtəlif düşüncələrə sahib ola bilirlər. Svinger ailələr də buna misal ola bilər. Bəzən partnyorlardan birinin etnik dəyərləri dəyişə bilər və şəxs partnyorundan bunu tələb və ya məcbur edə bilər. Digər bir məsələ isə cinsi oriyentasiya dəyişikliyi olan insanların ailə qurması zamanı ortaya çıxır. Voyeurizm (müşahidəçilik) pozuntusundan əziyyət çəkən şəxs cinsi əlaqəni izləmə zamanı bundan zövq aldığı üçün şəxs öz həyat yoldaşını başqası ilə cinsi əlaqəyə girməyə məcbur edir ki, bu prosesi izləsin. Digər bir məsələ biseksual insanların cəmiyyət qınağına məruz qalmamaq üçün evlənməsi və kənarda öz cinsi ilə münasibətini davam etdirməsi zamanı partnyorunun bunu öyrənməsi və qəbul etməməsi zamanı ortaya çıxa bilir. Və boşanma ilə nəticələnir.

10) Digər bir səbəb şübhə ilə bağlıdır. Bütün günü hardasan, görüntülü yığ, məkanı göndər, arxadan səs gəldi, instagram parolu ver, kodu de və s. tipli işlərlə məşğul olur beyinləri. Lakin unutmayaq ki, xəyanət etmək istəyən hər kəs bunu edə bilər. Siz hər zaman partnyorunuzun yanında olmursunuz. Ayrıca sizə pis bir xəbərim var. Birini qısqanmaq o deməkdir ki, o şəxs sizin yoldaşınız üçün potensial partnyordur və yoldaşınız onunla münasibətə girə bilər və yoldaşınızın şüuraltına o şəxslə bağlı informasiya yerləşdirirsiniz.

11) Erkən yaşda evlənmək də boşanmaya səbəb ola bilər, çünki insanın düşüncələri, dünyagörüşü və zövqü dəyişə bilər. Siz bilmirsiz ki, beş il sonra da o insanı “güclü məhəbbətlə” sevəcəksiniz. Xarakteriniz oturuşmadan ailə qurmaq məsləhətli deyil.

12) Ortaq maraqların olmaması da boşanmaya səbəb ola bilər, çünkü ailə sadəcə bir yatağa girib uşaq dünyaya gətirməkdən ibarət deyil, maraqlar da ortaq olmalıdır ki, sadəcə gecələri və ya yemək zamanı deyil, hər anınızı birlikdə xoş keçirə biləsiniz.

13) Dini baxışların fərqli olması da bu səbəblərdən biridir. Burada əsas məsələ insanların bir-birlərinə hörmətindən asılıdır. Əgər yoldaşınızın baxışlarına hörmət etməyi bacarsanız bu sizin ailənizdə problem olmayacaq, lakin daimi olaraq qınanılmış, təhqir edilmiş insanlar başqalarını da qınayır, təhqir edir və dininə qarşı da bu şəkildə yanaşmağa davam edir.

14) Ailəyə xarici təzyiqlərin olması da bizim cəmiyyətdə ən başlıca boşanma səbəblərindən biridir, lakin əsas səbəb ondan ibarətdir ki, bizim ailələrdə analar öv övladlarının fikir azadlığını qəbul etmir və ailə qurduqdan sonra da ailələrə müdaxilə edirlər. Analar qızlarından ailədə olan hər şeyi onlara danışmasını gözləyir, oğlanlardan da sadəcə onların dediklərini etməsini gözləyirlər. Lakin əgər analar sağlam öz sözünü deyə biləcək şəxslər yetişdirmiş olsaydı, xanımlar ailə içi məsələsini analarına deyib ailə içi problemlər yaşatmazdı və oğlanlar da yoldaşı ilə anası arasındakı pərdəni götürməzdi. Problem anaların övladlarını nə istədiyini bilən, azad iradəli şəxslər kimi böyütmək yerinə sadəcə onlara tabe olan asılı şəxslər kimi böyütməsindən irəli gəlir.

15) Digər bir səbəb də real olmayan gözləntilərdir. Deyək ki, ailənin gəliri çox aşağıdır, lakin xanım öz yoldaşından qiyməti baha olan bir telefon gözləyir. Təbii ki, bu sadəcə qeyri-real bir məsələdir.

16) Digər bir səbəb isə cinsi tələbatların bir-birinə açıq ifadə edilməməsidir. Cəmiyyətdə cinsi əlaqə zamanı sadəcə bəylər zövq alır düşüncəsi uşaqlıqdan xanımların şüuraltına yavaş-yavaş yeridilir. Oğlanlar istifadəçidir, birdən istifadə edər səndən və s.deyilir. Və xanım ailə qurduqda belə cinsi problemlər yaşayır.  Cinsi əlaqə zamanı ağrılar, cinsi əlaqədən zövq almamaq halları ola bilir. Lakin bəy də qarşı tərəfdən təqdir edilmək istəyir ki, səninlə əlaqə mənə zövq verir, sən bu prosesdə uğurlusan. Belə olmadığı halda bu hissi yaşadan başqa partnyor axtarışına çıxır. Təsdiq gözləyirlər. Bəylər də, adətən, həyat yoldaşlarını öz ana modelinə uyğun görüb və  onunla hər şeyi edə bilmərəm düşüncəsi ilə öz istəklərini başqası ilə yaşamağa davam edirlər. Və ya mən övladlarımın anası ilə hər şey edə bilmərəm deyirlər. Sonra da xəyanətlər və cinsi əlaqədən soyumaq halları başlayır.

17) Bir-birlərinin məqsədlərinə dəstək olmamaq da boşanmaya səbəb ola bilər. Bəzən təhsil almaq istəyib ala bilməyən, karyera inkişafında olan, lakin yoldaşı tərəfindən anlaşılmayan insanlar var. Mən səni maddi təmin edirəm. Sənin nəyə ehtiyacın var ki, deyirlər. Lakin nəzərə almaq lazımdır ki, insanların özlərini inkişaf etdirmək təlabatı da vardır. Və insan sevdiyi şəxs tərəfindən anlaşılmadığını düşünəndə qarşı tərəfi silə bilər.

 

Bildiyimiz kimi boşanmaların qurbanı ilk olaraq uşaqlardır. Bizim cəmiyyətdə isə digər qurban boşanmış xanımlardır.  Boşanmış qadındırsa onunla hər şey edə bilərəm düşüncəsi ilə yanaşan bəylər kifayət qədərdir. Və boşanmış, uşaqlı xanımı oğluma almaram deyən valideynlər vardır. Lakin nəzərinizə çatdırım ki, heç kim həyatda heç nədən sığortalanmayıb. Sizin də övladınızın başına gələ bilər və bu düşüncələrə sahib olduğunuz üçün bədbəxt, lakin davam edən kifayət qədər ailələr mövcuddur. Çünki camaat o boşanmış şəxsə pis baxacaq. Yaxşı kişi olsaydı, xanımını boşamazdı deyirlər, görəsən nə etdi boşadılar deyilən qadınlar vardır. Sizə kiçik bir tövsiyə edə bilərəm ki, hər kəs evlənə bilər, amma boşana biləcəyiniz insan seçin həyatınıza. Ona görə yox ki, münasibətinizin bitməsini gözləyirsiniz, ona görə ki, məndən boşana bilməzsən düşüncəsi ilə yanaşan insan hətta buna görə sizi öldürə də bilər. Digər bir tövsiyə partnyor seçəndə düşünün ki, bu şəxs mənim övladıma ata/ana ola biləcək insandırmı?

Bir də cəmiyyət qınağı var, biz dözmüşük siz də dözün deyirlər. Nəyəsə dözərək aqressivləşib öz aqressiyalarınızı övladlarınızdan çıxıb qurban psixologiyasında övlad böyüdəcəksinizsə dözməyin. Bunu sizdən övladınız istəməyib, bu sizin seçiminizdir. Onsuz belə edərək onlara atasızlıqdan/anasızlıqdan daha çox zərər verə bilərsiniz. Əvvəlcə düşünmək lazımdır ki, boşanmaqmı daha çox zərər verər mənə və ya mənim övladıma yoxsa bu ailəni davam etdirməkmi? Buna uyğun olaraq qərarı verə bilərsiniz, çünki hər ailə fərqlidir. Bəzən boşanmaq çıxış yolu ola bilər. Qərar sizindir, əziz insanlar. Hər birinizə sağlam ailə arzu edirəm.

 

Psixoterapevt Dilbər Bəhmənli




4 şərh “Boşanmaların psixoloji səbəbləri – “QƏBUL OTAĞI”

  1. Nazli Qemerli

    Son zamanlar isə bəzi insanlar Avropa ailə modelini tərcih edərək boşanmağa qərar verirlər. Belə ki, bir sıra xarici ölkələrdə insanlar bir müddətdən sonra həyat yoldaşından ayrılaraq tək, ya da uşaqla birgə yaşamağa üstünlük verir ki, bu hal ölkəmizdə, xüsusilə də qadınlar arasında özünü göstərməkdədir.

    Cavabla
  2. Orxan

    Heç bir cütlük boşanma düşüncəsiylə evlənməsə belə boşanma da evlilik kimi təbii haldır. Bəzən illər, bəzən də evlilikdən qısa müddət sonra əmələ gələn dəyişmələr cütlüklər tərəfindən istənilməyə bilər.

    Cavabla
  3. Murad A]ayev

    Xoşbəxt münasibətin sirri cütlüklərin bir-birini başa düşməyi bacarmasındadır. Bu da öz növbəsində tərəflərin bütün istəklərini qarşılıqlı müzakirə aparmaqla həll etmələrindən asılıdır. Ən çox boşanma səbəbi olan anlaşılmazlıq və yola getməyi bacarmamaq münasibətlərin bitmə nöqtəsinə gəlməsinə səbəb olur. Münaqişələrə yol açan faktorlar içərisində: yoldaşı tərəfindən dəyişdirilmək istəndiyini düşünmə, karyerasında uğurlu olan yoldaşına qarşı özünü yetərsiz hiss etmə, hadisələr qarşısında həmişə kənarda saxlanma, sevildiyini hiss etməmək, həmcinsləri ilə müqayisə olunma halları kişilər tərəfindən irəli sürülən boşanma səbəbidir.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir