bosanma

Boşanmaq istəyən qadınlar TƏHLÜKƏDƏ

Baxış sayı: 542

Sabunçu rayonunda boşanmaq istəyən gəlinin bıçaqlanması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisədə şübhəli bilinən qayınatası deyil, gəlinin əri olub. Belə ki, 1997-ci il təvəllüdlü D.Əsgərovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən, əri 1990-cı il təvəllüdlü N.Əsgərov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Əsrlər boyu qadın hüquqlarının qorunması və qadın haqlarının müdafiəsi ilə bağlı çağırışlar səsləndirilib. Hətta ailədaxili zorakılığa və təzyiqlərə məruz qalsalar belə, bir çox qadın ictimai qınaq qorxusundan boşanmağa cəsarət etməyib.
Rəsmi statistikaya görə, hər 25 dəqiqədən bir boşanma qeydə alınır. Bəs cəmiyyətdə nə baş verir?

 “Bunun adı mədəniyyətsizlik, tərbiyəsizlikdir“ - Azad İsazadə

Mövzu ilə bağlı danışan psixoloq Azad İsazadə aşağıdakıları dedi: “Boşanma sözsüz ki, xoş hadisə deyil. Ancaq etiraf etməliyik ki, bəzi hallarda boşanma insanı xilas edən yeganə çıxış yolu olur. Söhbət təkcə qadınlardan deyil, kişilərdən də gedir. Əgər iki insan bir yerdə xoşbəxt deyilsə, bəzən ayrılıq onların hər ikisi üçün yeni həyata başlamaq imkanı yaradır. Mən boşanmanı təbliğ etmirəm. Sadəcə demək istəyirəm ki, bəzi hallarda bu, ən doğru qərardır. Şübhəsiz, boşanma uşaqlara da mənfi təsir göstərir. Amma unutmamalıyıq ki, zorakılığın hökm sürdüyü ailədə böyüyən uşaq çox vaxt boşanmış ailədə böyüyən uşaqdan daha ağır psixoloji, hətta fiziki travmalar yaşayır”.

Psixoloqun fikrincə, boşanmaya bəzən həyatın təbii proseslərindən biri kimi yanaşmaq lazımdır: “Qanun boşanma institutunu tanıyır və bu, onu göstərir ki, boşanmanı nə tamamilə yaxşı, nə də tamamilə pis hadisə kimi qiymətləndirmək olar. Bu, sadəcə həyatın reallığıdır. Ailə zorakılığına gəlincə, bu sahədə ölkəmizdə kifayət qədər ciddi qanunvericilik mövcuddur. Eyni zamanda, bu problemlə məşğul olur. Əvvəlki illərlə müqayisədə indi təkcə Bakıda deyil, demək olar ki, hər rayonda İcra Hakimiyyətinin nəzdində ailə və uşaq problemləri ilə məşğul olan xüsusi qruplar fəaliyyət göstərir. Həmin qruplarda psixoloqlar, hüquqşünaslar və digər mütəxəssislər çalışırlar. Mən onların fəaliyyətinin keyfiyyətini qiymətləndirmirəm, amma ən azı belə bir mexanizmin mövcud olması vacib addımdır.
Bununla belə, əgər biz bu cür hadisələrlə hələ də tez-tez qarşılaşırıqsa, deməli, problem təkcə dövlət qurumlarında deyil”.

Psixoloq vurğulayır ki, cəmiyyətimizdə hələ də ailə zorakılığına qarşı qəti mənəvi mövqe hələ tam formalaşmayıb: “Dövlət öz mövqeyini ortaya qoyub, qanun qəbul olunub. Ailə zorakılığı cinayətdir və onu törədən şəxs qanun qarşısında cavab verir. Ancaq cəmiyyətdə hələ də belə fikirlərlə rastlaşırıq: “Əşi, yəqin elə-belə vurmayıb”, “İnsan insanı səbəbsiz döyməz”, “Deməli, nəsə edib ki, döyülüb”. Bu cür yanaşmalar zorakılığa bəraət qazandırır və problemin dərinləşməsinə səbəb olur. Cəmiyyətin düşüncə tərzi dəyişməyincə, bu faktlarla yenə də qarşılaşacağıq və təəssüf ki, onların sayı hətta arta da bilər. Bəs boşanmaq istəyən qadınlar cəmiyyətimizdə təhlükədədirmi? Bəzən bəli, bəzən isə əksinə. Elə hallar olur ki, boşanmaq istəyən qadından daha böyük təhlükə altında boşana bilməyən qadın olur. Ona görə də bu suala birmənalı cavab vermək mümkün deyil. Mən həm ailələrin barışdırıldığı, həm də ayrılmasının daha doğru hesab edildiyi hallarla rastlaşmışam. Elə ailələr olub ki, düzgün psixoloji yanaşma nəticəsində münasibətləri bərpa etmək mümkün olub. Amma elə ailələr də var ki, psixoloq kimi onlara demişəm: “Siz onsuz da gec-tez boşanacaqsınız. Faciə baş verməmiş, bunu mədəni şəkildə edin. Dost kimi ayrılın ki, sabah övladınızın toyunda hər ikiniz valideyn kimi yanaşı dayana biləsiniz”.
Hər hadisənin öz xüsusiyyəti var. İnsanların psixoloji uyğunluğu, münasibətlərin mahiyyəti, fiziki və emosional zorakılığın olub-olmaması kimi çoxsaylı amillər nəzərə alınmalıdır. Bəzi ailələri barışdırmaq mümkündür, bəzilərini isə barışdırmağa çalışmaq doğru deyil.
Ona görə də mən bu məsələyə birmənalı yanaşa bilmərəm. Təhlükə həm boşanan qadın üçün mövcud ola bilər, həm də boşanmayan qadın üçün. Hər bir hadisəyə ayrıca yanaşmaq və qərarı konkret vəziyyətə uyğun qiymətləndirmək lazımdır”.

Novella Cəfəroğlu İsraildə yaşayan övladlarının durumundan danışdı - Gündə dörd dəfə zəng edirlər

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeyd edir ki, cəmiyyətimizdə ailə dəyərlərində ciddi aşınma müşahidə olunur: “Halbuki Azərbaycan ailəsi tarixən milli-mənəvi dəyərlərin əsas dayağı olub. Əvvəllər iki gəncin evliliyi təkcə onların şəxsi qərarı sayılmırdı. Ailələr bir-birini tanıyır, gedib-gəlir, ağsaqqalların, ağbirçəklərin iştirakı ilə söhbətlər aparılır, gənclərin gələcəyi hərtərəfli düşünülürdü. Mən demirəm ki, keçmişi olduğu kimi geri qaytaraq. Amma həmin ənənələrin müsbət tərəflərini yenidən yaşatmağa ehtiyac var. Çünki bu yanaşma bir çox problemlərin, o cümlədən uğursuz evliliklərin və boşanmaların qarşısını almağa kömək edə bilər.
Ailələrin bir-birini yaxından tanıması çox vacibdir. Bu, ilk növbədə, gələcəkdə yarana biləcək riskləri öncədən görməyə imkan verir. Bəzən insanlar yalnız görüşlər əsasında qərar verirlər, lakin sonradan məlum olur ki, qarşı tərəfin narkotik asılılığı var, qumar oynayır, aqressiv davranış nümayiş etdirir və ya başqa ciddi problemləri mövcuddur. Belə halları əvvəlcədən araşdırmaq mümkün olsa, sonradan qadınların zorakılığa məruz qalmasının, ailə faciələrinin və boşanmaların da sayı azalacaq”.

Hüquq müdafiəçisinin fikrincə, digər mühüm məsələ isə gənclərin ailə qurmağa hazır olmasıdır: “Mən hesab edirəm ki, oğlan da, qız da öz ayaqları üstündə dayanmadan, maddi məsuliyyət daşımağa hazır olmadan ailə qurmamalıdır. İnsan öz ailəsinin minimum ehtiyaclarını qarşılaya bilmirsə, ailə qurmaq qərarını bir qədər təxirə salması daha doğru olar. Çünki maddi çətinliklər çox vaxt ailədaxili münaqişələrin əsas səbəblərindən birinə çevrilir. Bu gün bəzi gənclər emosional qərarlar verirlər. Bir-birlərini kifayət qədər tanımadan evlənirlər. Sonradan isə maddi gözləntilər doğrulmadıqda münasibətlərdə narazılıqlar yaranır. Əlbəttə, bütün boşanmaları bununla izah etmək olmaz. Ancaq maddi təminatla bağlı gözləntilərin ailə münasibətlərinə mənfi təsir göstərdiyi hallara da rast gəlinir. Bu da boşanmaların səbəblərindən biri kimi nəzərə alınmalıdır. Mən hesab edirəm ki, bu məsələdə qeyri-hökumət təşkilatlarının, jurnalistlərin, təhsil müəssisələrinin və dövlət qurumlarının üzərinə böyük məsuliyyət düşür. Gənclərlə ailə dəyərləri, məsuliyyətli evlilik, sağlam münasibətlər və ailədaxili ünsiyyət mövzularında davamlı maarifləndirmə işi aparılmalıdır.
Eyni zamanda valideynlər də övladlarını ailə qurarkən yalnız “evləndirmək” məqsədi ilə hərəkət etməməlidirlər. Ən vacib sual budur: qızını və ya oğlunu kimə etibar edirsən? Qarşı tərəfin xarakteri, ailəsi, həyat tərzi, vərdişləri, məsuliyyət hissi və gələcək planları araşdırılmalıdır. Valideyn düşünməlidir ki, övladını necə bir ailəyə göndərir və onun gələcəyini kimə etibar edir. Boşanmaların səbəblərindən biri kimi kişilərin işsizliyi də xüsusi diqqət tələb edən məsələdir. Uzun müddət işsiz qalmaq bir çox kişidə psixoloji gərginlik, özünəinamın azalması, aqressiya və depressiya yarada bilir. Bu vəziyyət ailədaxili münasibətlərə mənfi təsir göstərir, münaqişələri artırır və nəticədə bəzi ailələrdə boşanmaya qədər gedib çıxan problemlər yaradır. Buna görə də ailə institutunun möhkəmləndirilməsi təkcə mənəvi dəyərlərin qorunması ilə deyil, həm də məşğulluğun artırılması, sosial rifahın yaxşılaşdırılması və gənclərin iqtisadi cəhətdən gücləndirilməsi ilə birbaşa bağlıdır”.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir