Nermine  Abbasova

Boy inkişafının ləngiməsi niyə baş verir və necə müalicə olunmalıdır?

Baxış sayı: 544

“Elə ailələr var ki, onlarda uşağın boyunun zəif artması irsi xarakter daşıyır. Belə uşaqlar ilk dövrlərdə zəif boy atır, sonradan müəyyən bir dövr ərzində daha sürətlə boy ataraq son nəticədə normal boy həddinə çatırlar.

Mövzudan da göründüyü kimi, MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova ilə növbəti söhbətimizdə boy inkişafının ləngiməsi, səbəbləri və müalicəsindən bəhs edəcəyik.

Nərminə xanım qeyd edir ki, boy artımını ləngidən səbəblərdən biri – hipofiz vəzisi (baş beyində yerləşir) tərəfindən boy hormonun kifayət qədər hazırlanmamasıdır. Onun sözlərinə görə, bu, ilk növbədə hipofizin özünün zədələnməsi səbəbindən ola bilər:

“Bu halda uşaqlarda həmçinin cinsi yetkinlik prosesi də ləngimiş olur. Çünki hipofiz eyni zamanda cinsi yetkinləşməni tənzimləyən hormon hazırlayır. Onlarda boy artımının ləngiməsi 2-5 yaşlarda aşkar edilir. Bədənləri mütənasib şəkildə qurulmuş, skelet sümükləri isə nazik olur, daxili üzvləri normal uşaqlarda olduğundan xeyli dərəcədə kiçik olur. Belə uşaqların cinsi üzvləri də inkişafdan qalmış olur, ikincili cinsi əlamətlər nəzərə çarpmır. Xalq arasında belə xəstələri “liliputlar” adlandırırlar. Onların müalicə edilməsi üçün xüsusi preparatlar hazırlanıb.
Uşaqlarda boy artımının ləngiməsinin daha çox rast gəlinən səbəblərindən biri də anadangəlmə və ya qazanılma hipotireozdur. Bu xəstəlik zamanı qalxanvari vəz kifayət qədər tireoid hormonları hazırlaya bilmir. Bu hormonlar orqanizmin həyat fəaliyyətində çox vacib rol oynayaraq, maddələr mübadiləsini, orqanizmin böyüməsini və inkişafını tənzimləyir, ürək-qan damar sisteminə təsir edir. 
Bu hormonlar olmadan orqanizmin sinir sistemi normal şəkildə inkişaf edə bilməz”.

Həkim terapevt bildirdi ki, anadangəlmə hipotireozun səbəbi qalxanvari vəzin bətndaxili inkişafının ləngiməsi və ya zədələnməsi ola bilər. Belə problemi olan uşaqlarda südəmər dövrdən boy artımının ləngiməsi özünü büruzə verir:

“Belə uşaqlar adətən əzgin, yuxulu, az hərəkətli, dəriləri quru, əl və ayaqları soyuq, səsləri kobud, dilləri isə daim ağızdan kənara çıxarılmış şəkildə olur. Xəstəliyə məruz qalmış uşaqlar gülümsəmir, oyuncaqlara maraq göstərmir, onlarda əksər hallarda qəbizlik olur, digər uşaqlardan fərqli olaraq vaxtında başlarını düz tutmur və düz otura bilmirlər”.
Nərminə xanım deyir ki, xəstəliyin müalicəsində hormonal preparatların tətbiq edilməsi tez bir zamanda yaxşı nəticə verir. Onun sözlərinə görə, uşaqların boyu normal şəkildə artmağa başlayır, hipotireozun digər əlamətləri də keçib gedir:

“Hipotireoz zamanı sinir sisteminin normal fəaliyyətinin bərpası isə yalnız xəstəliyin müalicəsi tez başlandığı hallarda mümkün olur. Hipotireoz bir çox hallarda qazanılmış olur. Hormonların qəbul edilməsi endokrinoloqun nəzarəti altında (uşaq böyüdükcə onun hormona olan tələbatı da dəyişir) xəstənin ömrünün sonunadək davam etdirilir.
Azərbaycanda uşaqlarda cırtdanboyluluq olmasa da, kiçikboyluluğa meyllilik müşahidə olunur”.

Nərminə xanım bildirdi ki, MayoMed Klinikasında fəaliyyət göstərən pediatrların hər biri peşəkardır və onlara müraciət edən pasientlər həkim seçimlərində yanılmayacaqlar.

Həkim terapevtin fikrincə, uşaqların kiçikboyluluğa meylinin yaranmasının əsas səbəbi onlara ailədə diqqətin, qayğının az göstərilməsi, qidalanmanın düzgün təşkil olunmaması ilə bağlıdır:

“Ailədə uşaqlara qayğı, onların qidalanması düzgün təşkil olunmadıqda böyümə və inkişafın pozğunluqları baş verir. Uşağın yaşı artsa da, boyu balaca qalır, bədən kütləsi normadan az olur. Bu problemdən əsas çıxış yolu uşaqlara daha çox diqqət göstərilməsi, onların sağlamlığının qorunmasıdır”.

Həkim deyir ki, uşaqlarda gündəlik ifraz olunan böyümə hormonunun miqdarı yaşlılara nisbətən xeyli çoxdur və yaş artdıqca sekresiya miqdarı azalır. Orqanizmdə böyümə hormonu çoxsaylı müxtəlif funksiyalar yerinə yetirir. Onun təsiri birbaşa icra olunmur, qaraciyərdə sintez olunan bəzi faktorların köməyi ilə vasitəli olaraq həyata keçirilir. Nərminə xanımın sözlərinə görə, böyümə hormonu çatışmazlığı olduqda onlar cırtdan kimi formalaşır, yəni hər hansı bir problemləri olmadan normal insan kimi inkişaf edir, sadəcə boyu həddən artıq qısa qalır. Buna hipofizar cırtdanboyluluq deyilir:

“Bir çox halda hipofizdə böyümə hormonu sintez edən hüceyrələrdə dəyişikliklər gedir və onlar xoşxassəli şiş hüceyrələrinə çevrilir. Belə olan halda, hipofizdə böyümə hormonu sintezi artır. Belə xoşxassəli şiş (adenoma) uşaq yaşlarında əmələ gəldikdə, uşaq cinsi yetişkənlik dövrünə qədər sürətlə boy atır. Hipofiz adenomasının səbəb olduğu bu patologiya nəhənglik (giqantizm) adlanır. Cinsi yetişkənlik dövründə isə cinsi hormonların qanda konsentrasiyası artmağa başlayır və bu sümük uclarında epifiz qığırdaqlarının sümükləşmə prosesini sürətləndirərək sümüklərin uzununa böyüməsini dayandırır”.

Bəs uşağın boyunu artırmaq üçün nə etmək lazımdır? Nərminə xanım dedi ki, MayoMed Klinikasında terapevtin müayinəsindən sonra fizioterapiya reablitasiya ilə müalicəsi aparılır:

“Düzgün balanslanmış qidaya diqqət edilir. Rasionda meyvə-tərəvəzi, dənli bitkiləri, süd məhsullarını, yumurtanı, ət-balığı artırmaq, xəmir xörəklərini, şirniyyatı, konservantları azaltmaq lazımdır. Rasionu xüsusən kalsium, sink, A, E, D vitaminləri ilə zənginləşdirmək məsləhətdir. Sink mineralı, əsasən oğlan uşaqlarının boy artımına və ümumi inkişafına müsbət təsir göstərir. Mal əti, quş əti, boranı tumları, buğda kəpəyi və paxla bitkiləri sink ilə daha zəngindir.

Bununla yanaşı fiziki aktivlik, bəzi idman növləri olmalıdır. Üzgüçülük, basketbol, yüngül atletika boyu stimullaşdırır, ağır atletika, güləş kimi idman növləri isə ləngidir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir