boy

Boyumuzun bəstə olmasının səbəbi nədir?

Baxış sayı: 2. 715

 

Azərbaycanda 18 yaşadək uşaqların anamiya, yod, A vitamini çatışmazlığı, boyatmanın ləngiməsi və zəifliklə xəstələnməsi üzrə statistika açıqlanıb.

Dövlət Statistika Komitəsindən “azvision.az”a verilən məlumata görə, ötən il anamiya diaqnozu qoyulan uşaqların sayı 28018 nəfər olub. Həmçinin ilk dəfə yod çatışmazlığı qoyulmuş uşaqların sayı 353, A vitamini çatışmazlığından əziyyət çəkən uşaqların sayı 35, boyatmanın ləngiməsi və zəiflikdən əziyyət çəkən uşaqların sayı 723 nəfər olub.Respublika Endokrinologiya Mərkəzinin həkimi endokrinoloq Azadə Əliyevanın sözlərinə görə, uşaqlarda boyun inkişafdan qalmasının bir sıra səbəbləri var: “Son zamanlar uşaqlar  arasında boy artımı problemləri müşahidə edirik. İndi texnika o qədər inkişaf edib ki, kompüter, internet, telefonların şüa təsiri də uşaqların boy artımına təsir edir. Biz müraciət edən uşaqlardan qan analizi götürürk. Bu uşaqlarda daha çox anemiya müəyyən edilir. Əksəriyyəti anemik uşaqlar olur. Və onlarda təkcə fiziki inkişafdan geri qalma deyil, cinsi inkişafdan da geri qalma müşahidə edirik.  Belə hallarla çox tez-tez qarşılaşırıq”.Həkim bildirir ki, boy artımı əsasən 18 yaşına kimi davam edir. Bəzi istisna hallarda bu, 23 yaşa qədər də ola bilər: “Əlin bilək oynağında boy zonası var. Boy zonası açıq olursa, belə uşaqlar 23 yaşa qədər boy ata bilər. Elə uşaqlar var ki, onlarda 16 yaşında həmin zona bağlanır. Belə olan halda da həmin uşaqlarda boy artımı getmir. Çox çətinliklə nəyəsə nail olmaq olur”.A.Əliyevanın dediyinə görə, idman, üzgüçülük, təbii qidalar, dərman müdaxiləsi ilə uşaqların boyunu az da olsa, artırmaq mümkündür. Müsahibimiz hesab edir ki, ölkədə boy artımı problemini daha çox qız uşaqları yaşayır: “Qızlarda boy problemi daha çoxdur. Onlarda mensturasiya olduqdan sonra boy artımı zəifləyir. Yəni həmin yaşa qədər nə artıbsa, sonrakı illərdə bu, çox az olur. Biz əvvəlcə uşaqlarda boy hormonunu yoxlayırıq. Əgər boy hormonu normadadırsa, deməli, bu uşaqda hormonal deyil, fiziki geriləmə var. Biz həmin uşaqlara üzgüçülük, dərman müdaxiləsi və s. ilə kömək edə bilirik. Yox, əgər uşaqda samatotrop çatışmzlıq varsa, bu uşaqların boyu 130-140 sm-dən yuxarı qalxmır. Biz onlara samototrop hormonla müalicə edirik”.

Endokrinoloqun sözlərinə görə, normada uşaq ilə 6-8 sm artırsa, belə uşaqlar ilə 4-5 sm arta bilirlər. O, boy problemi olan uşaqların daha erkən yaşlarda müraciət etməsini önəmli sayır. Dediyinə gör, məsələn, uşaq 11 yaşında müalicəyə başlasa, 18 yaşa kimi yaxşı nəticə əldə etmək olar: “Ancaq təəssüf olsun ki, nadir halda valideyinlər öz uşaqların boy problemi ilə bağlı müraciət edirlər. Biz məktəblərə müayinələrə gedirik, bölgələrdə oluruq, belə problemləri biz özümüz ortaya çıxarırıq və yardım edirik”.

Həkim qastroenteroloq Adisə Səlimova isə bildirir ki, əgər cavan insan üçün müəyyən olunmuş lazımi qaydalar yaradılsa, bəzən boyun ölçüsünü artırmaq olur. Onun sözlərinə görə, skelet sümüklərinin müəyyən bir hissəsində böyümə zonaları var ki, onların yox olması ilə (bağlanması) sümük inkişafı dayanır. “Bu səbəbdən də boy artımı sona çatmış olur və biz bundan sonra onun inkişafını heç bir yolla davam etdirə bilmərik. Bu zonaların vəziyyətini biz rentgen müayinəsinin köməyi ilə təyin edə bilərik. Odur ki, “boyumu uzatmaq istəyirəm” deyən hər bir kəs, əvvəlcə rentgen müayinəsindən keçməli, sümüklərin böyümə zonalarının vəziyyəti haqqında məlumat əldə etməli və daha sonra lazımi tədbirləri görməlidir. Əks təqdirdə, bu səmtdə etdiyi bütün tədbirlər hədər ola bilər”.

Həmsöhbətimizə görə, boy artımına müsbət təsir göstərən faktorlar, zəngin tərkibli qidalanma, infeksion xəstəliklərin azlığı, xüsusi fiziki məşğələlər, mənfi təsir göstərənlər isə ağır fiziki və psixoloji gərginliklərdir: “Qida rasionunda norma daxilində, zülallar, yağlar, karbohidratlar, vitaminlər olmalıdır. Boy artımını arzu edənlər gündə 3-4 dəfə meyvə və tərəvəzlərdən yeməlidirlər (ortalama 1.5 kq-a yaxın). Boy artımı üçün ən yaxşı stimulyator dənli bitkilərdir. Əsas üstünlüyü qara çörəyə verməli, mannı müstəsna olmaqla, müxtəlif sıyıqlardan istifadə etmək məsləhətdir”.

Həkim boy artımı üçün xüsusi idman hərəkətlərini də məsləhət görür: “5-7 dəqiqə yüngül bədən hərəkətləri ilə qaçış. 18-20 dəqiqə bildiyiniz müxtəlif idman hərəkətləri: ayaq və əl hərəkətləri, aşağıya əyilmək, bədəni körpü vəziyyətinə salmaq, bacarırsınızsa “şpaqat” açmaq, əl və ayaqları tərpətmək və s. Daha sonra 20 dəqiqə ərzində turnikdən sallanmaq. Bu, iki cür həyata keçirilir: Ayaqlardan yük asılmadan sallanmaq və daha sonra 5-10 kq çəkisində yük asmaqla. 60-70 dəfə tullanma hərəkətləri. Çalışmaq lazımdır ki, bacardığınız qədər ayaqlarınızı  yerdən hündürlüyə doğru itələyərək daha yüksəyə tullanasınız. Bu hərəkətlər də 2 cür həyata keçirilir: əvvəlcə bir ayaqla, daha sonra iki ayaqla.  Həftədə 2-3 dəfə hovuzda çimmək, bununla bərabər suda müxtəlif növ dartma üsullarından istifadə etmək olar. Məsələn, brass üsulu ilə üzərək, əl və ayaqları maksimal dərəcədə dartmaq. Həftədə 3-4 dəfə basketbol, voleybol oynamaq olar. Bu zaman da yuxarıdakı qayda üzrə, həmişə çalışmaq lazımdır ki, daha yüksəyə tullanasınız. Onu da unutmayaq ki, hər bir idman hərəkəti minimumdan başlanmalıdır. Birdən-birə orqanizmə çox yük salmaq olmaz. Yavaş-yavaş sayı, intensivliyi artırılarsa, daha yaxşı olar”.

Iradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir