nura suri

Bu kişilərə aldanmayın! – NURA SURİ YAZIR

Baxış sayı: 1. 087

Məni də bir çoxu kimi cəmiyyətimizdə baş verənlər narahat edir. Hamı hamını qınayır. Ən çox qınanılan, təhqir olunan, hətta öldurülənlər qadınlardır. Bu nə münasibətdir? Bu nə düşüncədir? Nə məntiqdir? Nə isə, başınızı ağrıtmayım, çünki suallarım çoxdur, məntiqli cavablar isə az.

“Kişilər” rahat şəkildə bir neçə qadınla yaşaya bilirlər. Həyat yoldaşı, məşuqə ( 1 və ya daha çox) və s… Bunları edən kişi pozğun hesab olunmur. Deyirlər ki, pulu var arvadına baxır, o birini də saxlayır. Bu əməlinə dini don geyindirib “müsəlmana 4 arvad saxlamaq olar” deyənlər də az deyil. Belələrinin sayı artıq azalmaq üzrədir, çünki yeni “kişi” obrazı yaranıb “alfonslar”. Hətta 1 qrup cinayətkar sırf qadınları aldadaraq mal-mülkünü mənimsəyirlər. Evlilənirlər və aldadaraq evini, avtomobilini satdırıb aradan çıxırlar (uzun söhbətdir).

Qanunla qadın ərinə qarşı nə iddia qaldıra (müqaviləsiz nigahda yaşayıblar – N.S.), nə də şahidlik edə bilir. Evli alfonslar da var. Ailəsini, uşaqlarını dolandırmaq üçün özündən yaşda böyük xanımlardan istifadə edənlər. Bunlar özlərinə bəraət qazandırır ki, evimə çörək aparıram. Bütün bunları qadınlar edəndə olur fahişə, kişilər edəndə heç kəs reaksiya vermir. Bu nə məntiqdir cəmiyyətimizdə? Homoseksuallarla pul qarşılığında cinsi əlaqəyə girənlər, qadınlarla pul qarşılığında evlənənlər və s… Sonra da həmin bu kişiciklər sosial şəbəkələrdə açıq-saçıq geyimə görə özlərinə yaraşan sözlərlə başqalarını qınayıb təhqir edir. Kişilikdən danışırlar. Qadın olmaq çox çətindir. Ailəsindən boşanıb, uşağını atıb gedən qadını cəmiyyət dərhal daş-qalaq etməyə hazırdır. Amma burda dindən heç bir sitat gətirən olmur.

Dində deyilir ki, boşananda uşaq atayla qalmalıdır. Çünki pulu qazanan kişidir. Din boşanandan sonra qadına ailə qurmağa icazə verir. Bu, pozğunluq hesab olunmur. Amma yox, biz nə danışırıq. Kişi arvad-uşağını atıb gedə bilər, bu, normaldır. Qadın isə bunu etməməlidir və edə bilməz. Qadın sevmədiyi insanla yaşamağa məcburdur sanki. Sevgi bitir, ölür.

Əbədi sevgi kitablarda, nağıllarda qaldı. Kişinin bir qadına hissləri ölən kimi, qadınların da hissləri ölür. Başqalarını qınayıb təhqir etməyi tərgidin artıq. Heç kəs mələk deyil, səhvsiz deyil. Nəyin səhv və doğru olduğunu sübut etmək mümkünsüzdür. Nisbidir çünki. Xanımlar, özünüzü sevin və özünüzə dəyər verin. Alfons və fahişə kişilərə aldanmayın. Sevgini pulla satın almaq mümkün deyil. Mənliyi, qüruru, vicdanı “mümkündür”, amma sevgini yox…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir