Bu yazı ailəli insanlar üçündür!

Baxış sayı: 1. 624

Ailə – sevginin, səmimiyyətin, qayğıların, ağrıların bölüşüldüyü müəssisədir. Bir-birini sevən insanlar bu müəssisədə sevinci, sevgini bölüşərək çoxaldır, kədəri, ağrını bölüşərək azaldırlar.

Ailə – əslində fərqli dünyaların bir yuvada bir dünyaya çevrilməsidir. Ürəklərin eyni ritmlə döyünməsi, üzlərin eyni təbəssümlə işıqlanmasıdır. İnsanların bir-birinə sevgi telləri ilə bağlanmasıdır. İnsanların bir-biri üçün hər cür fədakarlığa hazır olmasıdır.

İnsan ictimai varlıqdır. Hər birimiz ətrafımızda kimlərinsə qayğısına, sevgisinə möhtacıq. Xəstələnəndə, dara düşəndə kimlərdənsə kömək gözləyirik. Bütün bu ehtiyacların ən təmənnasız və ən gözəl şəkildə yerinə yetirildiyi ünvan da ailədir. Ona görə də, ailə qurmaqda əsas məqsəd nəslin davamı olmaqla yanaşı, həm də insanların xoşbəxtliyinin, rahatlığının təmin olunmasıdır. Xoşbəxt ailə qurmağın təməli fərdlərin öz vəzifələrini bilməsində və onları qəbul etməsindədir. Yəni, qadın da, kişi də hansı şərtlərlə və kiminlə ömür-gün yoldaşı olacağını irəlicədən götür-qoy etməlidir. “Xasiyyətimiz tutmadı”, “Biz ayrı-ayrı dünyaların adamlarıyıq” və s. kimi ifadələr sonradan meydana gələn və çox vaxt da əsassız olan ittihamlardan başqa bir şey deyil. Allah bizə ağıl verib və Quranda da dönə-dönə buyurulur ki, bir qərar qəbul etməzdən əvvəl ciddi-ciddi düşünək və ən doğru variantı seçək. Yəni, təməl sağlam olmalıdır. Bundan sonra isə gənc ailənin fərdləri daha çox bir-birilərinə anlayışla yanaşmağı öyrənməli, qarşı tərəfin hər əməlində qüsur axtarmamalıdırlar. Ailənin möhkəmliyi üçün həya və qarşılıqlı hörmət vazkeçilməz ünsürlərdir. Ona görə də, böyüklərimiz yeni ailələri ən azı 3-5 il qayınana, qayınata yanında saxlamağa üstünlük verirlər. Bu müddətdə gənc ailənin fərdləri həm bir-birilərinə isinişir, həm də doğulan körpələr nənə-baba nəvazişi ilə böyüyürlər. Bir şeyi də unutmayaq, ən qalın pərdə ən yaxın insanlar arasında olmalıdır ki, hər şeyin təravəti, gözəlliyi qısa müddətdə sovrulub getməsin və ondan sonra bir-birilərinin gözlərinə baxmaq tərəflər üçün iztiraba çevrilməsin.

Süfrə başında

Ailə fərdlərinin bir-birilərinə ən yaxın, ən səmimi ünvanları isə süfrə başıdır. Hər kəs öz yerini tutur, hər kəs bir-birinin çöhrəsinə təbəssümlə baxır, halını soruşur, işi-gücü ilə maraqlanır. Süfrə təkcə maddi nemətlərin deyil, həm də sevgilərin, qayğıların bölüşüldüyü yerdir. İnsanlar süfrə başında bir-birilərinə dəstək olurlar, bir-birilərinə ürək-dirək verirlər. Ona görə də, hələ qədimdən bəri ailənin süfrə başında toplaşması çox mühüm vəzifələrdən biri kimi qəbul edilib. Bəzən kimsə gecikir və ailə onu gözləmək üçün yeməyi bir qədər təxirə salır. Ona görə də, hər kəs vaxtında süfrə başında olmağa çalışır. Harada olsan, bilirsən ki, indi evdə hər kəs bir yerə yığışıb sənin gəlişini gözləyir. Bu duyğu, yəni bir yuvada hər kəsin sənə dəyər verməsi istər-istəməz insanda sevgi rüşeymləri cücərdir, səni doğmalarına daha yaxından bağlayır. Deməli, süfrə həm də ailənin hər hansı fərdə verdiyi dəyərin təsdiq olunduğu yerdir. Bir də insanı ən çox kədərləndirən, sarsıdan duyğulardan biri biganəlikdir, sahibsizlik hissidir. Yəni, halın necə olur-olsun, heç kim səninlə maraqlanmır, heç kim sənə yardım əli uzatmır, hətta dönüb halını belə soruşmur. Ailə isə insanın bu vəziyyətdən qurtarmasının qarantıdır.

Gəzintilər, səyahətlər…

Ailə fərdlərinin bir-biriləri ilə dost, yol yoldaşı olması bu bağlılığı daha da möhkəmləndirir. Həmişə təkrarlanan eyni mənzərə istər-istəməz adamın ürəyini sıxır. Kişi işdən gəlir, qadın qapını açır, kişi televizorun qarşısında əyləşir, qadın çay gətirir. Oturub 3-5 kəlmə söhbət edirlər, sonra yemək gəlir. Ailə-məişət söhbətləri, uşaqların qayğıları və s. Bu mənzərənin hər birinin təkrarlanması, daha doğrusu, bu monoton həyat tərzi sizi sıxmamış fərqli tədbirlər haqqında düşünün. Əgər imkanınız varsa, ayda, yoxsa, ildə bir dəfə ailəliklə harasa səfər etməyi planlaşdırın. Uzaq yerə gedə bilməsəniz də, heç olmasa, yaxın ərazilərdən birini seçin. Özü də hər şey fərqli olsun. Yeməyi də kişi bişirsin, çayı da kişi qaynatsın. Qadın, ancaq kölgədə oturub ətrafı seyr etsin, ya da uşaqlarla məşğul olsun. Özünüzü fərqli mənzərələrdə, fərqli məqamlarda sınaqdan keçirin və o fərqli məqamlarda bir-birinizi yenidən kəşf etməyə, yenidən tanımağa çalışın. Ailənin qaynayıb-qarışması, daha səmimi, daha möhkəm olması üçün fərdlərin hər cür qarşılıqlı fədakarlığa hazır olması çox mühüm amillərdəndir.

Kim deyir ki?..

Kim deyir ki, yeməyi həmişə qadın bişirməlidir; kim deyir ki, uşağın altını təmizləmək ancaq qadının işidir; kim deyir ki, kişi öz qadınına çay süzməz… Bəzən elə məqamlar olur ki, kişinin öz qadınına çay süzməməsi, yemək hazırlamaması və ya uşağının altını təmizləməməsi haqsızlıq kimi də qiymətləndirilə bilər. Əslində bu saydıqlarımız qadının təməl vəzifələri deyil, fədakarlığıdır və kişi bu fədakarlığı qiymətləndirməyi bacarmalıdır. Bu da onunla mümkün olur ki, qadının bu işləri görməyə imkanı olmadığı halda, kişi heç utanmadan, çəkinmədən onları yerinə yetirməlidir. Kimlərinsə uydurduğu “kişi onu eləməz”, “kişi bunu eləməz”… kimi kriteriyalar quru təkəbbürdən başqa bir şey deyil. Bir sözlə, ailədə hər iki tərəf bir-birilərinə güclərinin çatdığı qədər yardım etməli və dəstək verməlidir.

Uşaqlara vaxt ayırın!

İşdən gec dönürsünüz, yorğun olursunuz, ya da sabahkı məsələlərlə bağlı bəzi hesablamalar aparmalısınız… Nə olur-olsun, uşaqları unutmayın. Təcrübə göstərir ki, valideyndən, xüsusilə də atadan laqeyd münasibət görən uşaqlar ya küskün olurlar, ya da problemləri əyri yollarla həll etməyə üstünlük verirlər. Yəni, uşaq elə düşünməsin ki, siz onunla maraqlanmırsınız. Yorğun da olsanız, çağırıb yanınızda oturdun, bu gün məktəbdə hansı dərsləri keçdiyini, hansı dərslərə cavab verdiyini, cavabının necə qiymətləndirildiyini soruşmaq lazımdır. Onun dəftər-kitabına göz qoyanda, yazı-pozusuna nəzər salanda sizdə müəyyən qənaətlər hasil olacaq. Üstəlik, uşağın sizin ona qarsi diqqətinizə əmin olması onda məsuliyyət hissini artıracaq. Uşağınız məktəbdə müəllimə, evdə isə sizə hesabat verdikdə istər-istəməz dərslərinə ciddi hazırlaşacaq və nizam-intizamı da axsatmayacaq. Bəzən də heç dərsdən, məktəbdən danışmırsınız, başını sığallayır, kefini soruşursunuz, heç əlaqəsi olmayan mövzuda söhbət edir, onun fikrini, düşünmək, analiz etmək imkanını yoxlayırsınız. Ən başlıcası isə ona dəyər verdiyinizi, onu sevdiyinizi nümayiş etdirirsiniz. Bəzən zarafat edir, bəzən də onunla deyib-gülürsünüz. Uşaqda özünə inam hissi aşılayırsınız, çünki bu duyğu onun xarakterinin formalaşmasında ən mühüm amillərdən biri hesab olunur. Uşağın əsl şəxsiyyət, bacarıqlı insan kimi yetişməsi üçün həm özünə güvənməsi, həm də arxasında onu sevən bir ailənin olduğuna inanması çox vacibdir.

Bir damın altında…

Bir damın altında sayınız nə qədər olursa-olsun, hamınız bir dünyanın insanı olun. Hamınız eyni sevinci paylaşın, eyni qayğını bölüşün. Heç kim təklənməsin, heç kim öz dərdi ilə baş-başa qalmasın.

Bu gün Avropada ailə müəssisəsi çox çətin mərhələdən keçir. İnsanlar bir-birilərinin qayğılarını, yüklərini çəkmək istəmirlər. Elə ilk sınaqda qarşı tərəfi buraxıb gedirlər. Halbuki, bizim əxlaqımızda bu cür həyat düzgün sayılmır, hər şeyin rəsmiləşdirilməsi, qanuniləşdirilməsi ciddi şərt kimi, qaçılmaz tələb kimi irəli sürülür.

Ailə ayrılıq deyil, birlikdir, bütövlükdür, iki başqa fərdin birliyidir, bir-biri ilə təmin olunmasıdır, təsəlli tapmasıdır, xoşbəxtliyini tamamlamasıdır. Bir damın altında ayrı-ayrı dünyalar qurmayın, bir olun, bütöv olun ki, Allah da bərəkətini üstünüzdən əskik etməsin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir