cimerlik

Çimərlik mövsümünə hazırlıq: Formada qalmağın sirləri

Baxış sayı: 584

“Yay fəsli gəlir, çimərlik mövsümü başlayır. Hər birimiz qısa müddətdə ideal formaya düşməyi arzulayırıq. Bunun üçünsə birinci növbədə idmanların şahı sayılan idman yürüşünü məsləhət görərdik. İstər artıq çəkili, istərsə də normal çəkidə olanlara da bunu tövsiyə edirik”. 

Bunu həkim-dietoloq Şəfa Yadigarova deyir.

Onun sözlərinə görə, istər sağlamlıq, istər enerji balansını bərpa etmək, istərsə də metobolizma sisteminin fəaliyyətini sürətləndirmək nöqteyi nəzərindən iti addımlarla yerimək çox faydalıdır: “Artıq çəkili insanlara qaçış cihazlarında yüksək sürətlə qaçmağı tövsiyyə etmirəm. Düz yolda gəzmək kifayətdir. İdman günün birinci yarısında önəmlidir. Hazırda yay mövsümü olduğu üçün sübh çağı metobolizmanın daha da sürətlənir.  Xanımlarımıza səhər saat 06:00-da, bəylərimizə isə 05:00-06:00 radələrində idman etməyi məsləhət görürəm. Ümumiyyətlə, yay mövsümündə arıqlamaq daha sürətlə baş verir. Təbii ki, qidalanma da çox önəmlidir”.

Ş.Yadigarova onu da vurğulayır ki, formada qalmanın 80 faizi qidalanma, 20 faizi idmana bağlıdır: “İdman sadəcə bədəndəki artıq kaloriləri yandırır, metobolizmanı sürətləndirir, qan dövranını bərpa edir. Bunun hesabına arıqlama prosesi gedir. O şərtlə ki, qidalanmaya, su balansına və yuxu rejiminə riayət edilsin. Əgər bunlara əməl edilməsə, “bir addım irəli, iki addım geri” prinsipi işə düşəcək. Sadaladıqlarımıza sistemli şəkildə riayət edildiyi təqdirdə, istənilən nəticəni əldə etmək olar. Yay mövsümündə su balansına diqqət etməklə yanaşı, qazlı su və dondurmadan bir qədər uzaq durmaq lazımdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir