Nermine Abbasova

Çürük dişlərin daxilə ötürdüyü xəstəliklər

Baxış sayı: 548

“Diş və ağız boşluğunun sağlamlığı ümumi sağlamlığın ayrılmaz hissəsidir. Bir çox insanlar diş çürüməsini yalnız lokal problem hesab etsə də, elmi araşdırmalar göstərir ki, ağız boşluğundakı infeksiyalar bütün orqanizmə təsir göstərə və ciddi sistem xəstəliklərinin yaranmasına zəmin yarada bilər”.

Mövzu ilə bağlı danışan terapevt, ailə həkimi Nərminə Abbasova öncə çürük dişlərin necə formalaşmasından danışdı:

“Diş çürüyü bakterial mənşəli xəstəlikdir. Ağız boşluğunda yaşayan bakteriyalar qida qalıqları, xüsusilə şəkər və karbohidratlarla qidalanaraq turşu ifraz edir. Bu turşular diş minasını zədələyir və zamanla mina, dentin, diş pulpası – yəni sinir və damarlar zədələnərək infeksiyanın dərinləşməsinə səbəb olur. Əgər proses vaxtında dayandırılmazsa, infeksiya diş kökünə və ətraf toxumalara yayılır.
İnfeksiyanın orqanizmə necə təsir etməsinə gəlincə, ağız boşluğu orqanizmin giriş qapılarından biridir. Burada yaranan infeksiyalar bir neçə yolla yayılır – Hematogen, Limfatik və birbaşa yayılma. Xüsusilə diş kökü iltihabı zamanı bakteriyalar daha aqressiv olur”.

DIS ETI

Nərminə xanım çürük dişlərin səbəb ola biləcəyi xəstəliklərə diqqət çəkdi:

“Bunlardan biri ürək-damar sistemi xəstəlikləridir. Ağız boşluğundakı bakteriyalar qan vasitəsilə ürəyə çataraq infeksion endokardit, damar iltihabı, ateroskleroz riskinin artması kimi problemlərə səbəb ola bilər. Bəzi tədqiqatlar göstərir ki, diş əti xəstəlikləri olan şəxslərdə ürək xəstəlikləri daha çox rast gəlinir.
Digəri tənəffüs sistemi xəstəlikləridir. Ağızdakı bakteriyalar nəfəs yollarına düşərək bronxit, pnevmoniya yarada bilər. Xüsusilə yaşlı və yataq xəstələrində bu risk daha yüksəkdir.
Üçüncüsü, həzm sistemi problemləridir. Çürük dişlər qidanın düzgün çeynənməsinə maneə olur. Bundan əlavə bakteriyalar mədə turşuluğunu dəyişə bilər, qastrit və bağırsaq problemlərini artırır. Bu isə ümumi həzm prosesinə mənfi təsir göstərir.
Dördüncüsü, böyrək və qaraciyər problemləridir. Xroniki infeksiya ocaqları böyrəklərə əlavə yük yaradır. Uzunmüddətli iltihab böyrək funksiyalarının zəifləməsinə, orqanizmdə toksinlərin artmasına səbəb ola bilər.
Hamilə qadınlarda isə ağız infeksiyaları erkən doğuş, az çəkili körpə riskini artıra bilər. Bu səbəbdən hamiləlik dövründə diş sağlamlığı xüsusi nəzarətdə saxlanmalıdır.
Və nəhayət şəkərli diabetlə qarşılıqlı əlaqə. Qeyd edim ki, diabet və diş xəstəlikləri bir-birini gücləndirir. Bu zaman yüksək şəkər səviyyəsi infeksiyanı artırır, infeksiya isə qanda şəkərin nəzarətini çətinləşdirir.”

dis

Ailə həkimi deyir ki, çürük dişlərin digər təsirləri xroniki ağız qoxusu, daimi ağrı və stress, iİştahanın azalması, yuxu pozuntuları, ümumi həyat keyfiyyətinin aşağı düşməsidir. Bəs nə vaxt həkimə müraciət etmək lazımdır? Ailə həkimi bildirdi ki, əgər diş ağrısı və ya həssaslıq, diş ətində qanama və şişkinlik, ağızda pis qoxu, çeynəmə zamanı narahatlıq, dişdə qaralma və ya boşluq əlamətləri varsa, gecikmədən stomatoloqa müraciət edilməlidir:

dis

“Erkən mərhələdə aşkar edilən problemlər daha sadə və ağrısız şəkildə həll olunur. Çürük dişlər sadəcə lokal problem deyil, onlar bütün orqanizmdə ciddi fəsadlara səbəb ola bilən xroniki infeksiya mənbəyidir. Müasir tibbin yanaşmasına görə ağız sağlamlığı ümumi sağlamlığın güzgüsüdür. Dişlərinizdə kiçik problem belə hiss etdikdə onu gözardı etməyin. Vaxtında müdaxilə sizi daha ciddi və bahalı müalicələrdən qoruyacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir