kart

Dələduzların iş təklifləri və qazanmaq əvəzinə itirilən pullar

Baxış sayı: 602

Son günlərdə dələduzlar tərəfindən gündəlik evdən işləməklə 100-300 manat əmək haqqı vəd edən mesajlar geniş yayılır. Hədəf seçilən “qurban”la uzun-uzadı söhbət aparılır. Şəxisn lazım olan bütün məlumatları toplanılır və nəticədə iş tapmaq ümidi olan vətəndaşın əlində qalan pulu da talanır.

 

Bu vəziyyətlə necə mübarizə aparmaq olar?

İT məsələləri üzrə ekspert Fərid Pərdəşünas bildirir ki, bu cür kiber dələduzlar şəxsi ələ almağa çalışaraq ona saxta elektron ticarət saytında hesab açır:

“İşə qəbul olunmaq üçün son tələb kimi həmin saytdakı hesaba ödəmə metodlarından birini seçməklə 10 manat ödəniş etmək tələb olunur. Sonda həm “m10” platforması ilə həm də bank kartı ilə ödəniş etmək olur. Həmin mərhələdə sizə oğurlanmış kart və “m10” hesabları təqdim olunur. Əllərində o qədər oğurlanmış hesablar var ki, hər saatın tamamında bu hesablar yenilənir. Siz isə sadəcə bu işdən xəbəri olmayan adama 10 manat göndərirsiniz. Daha sonra o pullar tranzit – yəni oğurlanan hesablardan çəkilir”.

“Bu dələduzlar azərbaycanlı deyil və burada yaşamırlar”, – deyə ekspert əlavə edir.

İKT üzrə ekspert Elvin Abbasov bildirir ki, hər bir halda şəxs iş təklifini detallı maraqlanmalı və böyük hədəf kütləsini seçən bir kiberdələduzluğun qurbanı olmamaq üçün şəxsi məlumatlarını kimsəyə ötürməməlidir:

“Çünki nəticə etibarilə şəxsdən kart hesabının məlumatları tələb olunur və onun vəsaiti ələ keçirilir”.

O bildirir ki, müvafiq qurumlar tərəfindən bu hallar aşkarlandıqda və operatorlara məlumat verildikdə həmin nömrəyə sanskiya tətbiq etmək mümkündür:

“Lakin başqa bir məsələ də var. Dələduzlar hər gün nömrə dəyişir, bu problem də var”.

“Elə xidmətlər var ki onlar toplu SMS-lər satırlar. Operator necə ayıracaq ki bu SMS-lər adi belə şirkətdən göndərilir, yoxsa dələduzlar tərəfindən göndərilir. Düşünürəm ki, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayətlər daxil olduqda artıq bunun qarşısı alına bilər. Bundan başqa, bu cür təkliflər yalnız adi SMS ilə deyil, sosial şəbəkələr vasitəsi ilə də göndərilir. Vəziyyət sanki artıq pandemik hal alıb, qarşısını almaq mümkünsüzdür”, – deyə o əlavə edib.

O bildirir ki, artıq bir müddətdir ki, bu istiqamətdə maariflənmə işləri görülsə də qurbanların sayı artır:

“Telekanllarda da dəfələrlə maarifləndirici məlumatlar verilir, müxtəlif ekspertlər bununla bağlı xəbərdarlıq edirlər. Maraqlıdır, bu insanlar heç nəyə baxmırlarmı?”.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir