edv

Daha ƏDV-ni geri ala bilməyəcəyik? – ARAŞDIRMA

Baxış sayı: 1. 029

2020-ci ilin may ayından pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir. Nağdsız ödənişlər üzrə ƏDV məbləğinin 15, nağd ödənişlər üzrə 10 faizi qaytarılır. Bildirilir ki, gələn ildən etibarən ƏDV-nin geri qaytarılması nəzərdə tutulan mal, iş və xidmətlərin əhatə dairəsi genişlənəcək. Azərbaycanda istifadədə olan ödəniş terminallarındakı qəbzlərdə də “ƏDV geri al” üzrə QR-kodlar tətbiq oluna bilər. İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov ölkədə onlayn nəzarət kassa aparatlarının tətbiqi ilə bağlı məsələyə toxunaraq qeyd edib ki, bu məsələ təhlil olunur və daim nəzarətdədir: “İşlər gedir. Ola bilsin ki, hər hansı yeniliklər tətbiq olunacaq. Onlayn nəzarət kassa aparatlarının tətbiq olunması həm əhali, həm də sahibkarlar və dövlət orqanları tərəfindən çox müsbət hal kimi dəyərləndirilir”.

Vergi Məcəlləsində nəzərdə tutulan digər dəyişikliyə əsasən, tibbi xidmətlərin alışı zamanı ƏDV-nin bir hissəsi istehlakçılara geri ödəniləcək. Bu məqsədlə tibb müəssisələrində onlayn nəzarət-kassa aparatları tətbiq ediləcək. Eyni zamanda növbəti ildən alkoqollu içkilərə və tütün məmulatlarına, eləcə də avtomobillərə görə ödənilən ƏDV-nin qaytarılması dayandırılacaq. Bu kimi xəbərlərin fonunda insanlar arasında “ƏDV geri al”ın ləğv olunacağı ilə bağlı da şayiələr yayılır. Bu xəbərlər nə dərəcədə real ola bilər? Layihənin ləğvi gündəmə gələ bilərmi?

Nə qədər geri qaytarılıb?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, 2020-ci ilin may ayından bu günədək “www.edvgerial.az”da 1 milyon 340 mindən çox istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank üzrə ümumilikdə 147.111.792 çek üzrə 60.192.462 manat ƏDV məbləği geri qaytarılıb. 2021-ci ilin 1-ci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Yanvar ayında portalda qeydiyyatdan keçmiş 779.018 istehlakçı sistemə çek əlavə etmişdisə, mart ayında bu rəqəm 1.026.757 nəfərə çatıb ki, bu da “ƏDV geri al” layihəsinə olan marağın sürətlə artmasını göstərir. Bütövlükdə, 2021-ci ilin 1-ci rübü ərzində 67.101.388 kassa çeki üzrə 26.770.074 manat ƏDV məbləği istehlakçılara geri qaytarılıb.

Layihənin məqsədləri

İqtisadçı Xalid Kərimli deyir ki, “ƏDV geri al” layihəsi insanlar tərəfindən maraqla qarşılandı: “Bu layihə rezonans yaratdı, geniş bir sosial təbəqəni əhatə etdi. Alqı-satqı prosesində iştirak edən insanların, demək olar ki, hamısı bu sistemə qoşuldu. X.Kərimli bildirir ki, dövlətin bu layihəni həyata keçirməkdə bir neçə əsas məqsədi var idi: “Birincisi, dövlət insanlarda maraq oyatdı ki, onlar aldıqları əşyanın, ərzağın çekini tələb etsinlər. Bu çek avtomatik olaraq Vergilər Nazirliyinin bazası ilə əlaqəlidir. Satışlar avtomatik qeydiyyata alınır ki, vergidən yayınma olmasın. İkinci əsas məqsəd nağdsız hesablaşmaların genişləndirilməsi idi. Nağdsız hesablaşmalarda – kartla ödənişlərdəki çeklərdə ƏDV məbləği nağd ödənişlərdən daha çoxdur. Üçüncü məqsəd isə budur ki, dövlət ƏDV-ni geri qaytarmaqla sosial vəziyyətə də müəyyən qədər dəstək vermiş oldu”.

Xalid Kerimli

ƏDV-də yenilik

X.Kərimlinin sözlərinə görə, dövlət “ƏDV geri al”ın tətbiq olunduğu sahələrdə müəyyən dəyişikliklər edib: “Dəyişikliklərin məqsədi ondan ibarətdir ki, dövlət “ƏDV geri al”ın istiqamətini dəqiqləşdirir. Alkoqollu içkilər, tütün məhsulları və avtomobillər üçün “ƏDV geri al” ləğv edilir və yerinə tibbi xidmətlər, səhiyyə üçün ödənilən məbləğ qoyulur. “ƏDV geri al” sosial layihədir və bu baxımdan hökumət daha proqressiv olan tibbi xidmətləri siyahıya əlavə edir. Bundan sonra vətəndaşlar xəstəxanalardakı xidmətlərə görə edilən ödənişlərdən də ƏDV-ni geri ala biləcəklər”

Gündəlikdə deyil, ancaq…

X.Kərimli deyir ki, “ƏDV geri al”ın ləğv ediləcəyi ilə bağlı deyilən sözlər, sadəcə şayiədən ibarətdir: “2022-ci ilin layihəsində “ƏDV geri al”ın ləğv olunması nəzərdə tutulmayıb. Ölkədə hələ şəffaflaşma, nağdsız hesablaşma, sosial məsələlər tam həll olunmayıb ki, bu layihə gündəlikdən qalxsın. “ƏDV geri al”ın ləğvi, hələlik gündəlikdə deyil, ancaq təbii ki, Vergilər Məcəlləsinə, zamanın tələblərinə uyğun olaraq baxılır və düzəlişlər edilir”

edv

Diferensiallaşdırılma

X.Kərimli bildirir ki, insanların bu layihədən məmnuniyyətini artırmaq üçün müəyyən addımlar atmaq olar: “ƏDV-nin diferensiallaşması məsələsi də diqqət mərkəzindədir. Növbəti illərdə sahələrdən asılı olaraq ƏDV-nin fərqli dərəcələrinin tətbiqini görə bilərik. Hesab edirəm ki, bəzi sahələrdə “ƏDV geri al”ın faizi qaldırıla, endirilə, siyahıdan çıxarıla, əlavə edilə bilər. ƏDV-ni  əsas istehlak məhsulları üzrə təyin etmək olar. Bəzi ərzaq məhsullarında ƏDV-ni tamam ləğv və yaxud 5-10 faiz etmək olar”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir