ehali

Demoqrafik fəlakətə doğru… – ARAŞDIRMA

Baxış sayı: 341

Azərbaycanda nikahların, doğulan körpələrin sayı azalır, boşanmalar isə artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Cari ilin yanvar-iyun aylarında ölkə üzrə 53 min 918 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici azalaraq 12,2-dən 10,7-yə düşüb. Ölkədə doğulanlar arasında cins nisbətinin pozulmasını da nəzərə alsaq, vəziyyətin nə dərəcədə kritik olduğu açıq görünür. Bəs nə etməli? Belə davam edərsə, gələcəkdə hansı fəsadlarla qarşılaşa bilərik?

 

Zorakılıq, erkən nikah, sosial şəbəkələr…

Əvvəlcə boşanmaların sayının artması və nikahların azalmasından başlayaq. Məlumdur ki, Azərbaycan ailə institutu uzun illərdir nümunəvi model hesab olunub. Hazırkı statistika isə bu modelin sarsılmağa doğru getdiyini göstərir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov hesab edir ki, ailə institutuna ənənəvi problemlərlə yanaşı, son illər sosial şəbəkələr ciddi şəkildə təsir edir. Mütəxəssisin sözlərinə görə, boşanmaya səbəb olan digər faktorlar zorakılıq, övlad sahibi olmamaq və erkən nikahlardır: “Boşanmalarda tərəflər əksər hallarda xarakter uyğunsuzluğunu əsas gətirirlər. Araşdırdıqda, digər problemlər özünü büruzə verir. Əksər ailələrdə ərlə arvad vaxtlarının çoxunu sosial şəbəkədə keçirir, bu da ailə üzvləri arasında ünsiyyəti azaldır, nəticədə ailədaxili münaqişə üçün bünövrə yaradır”.

Xilaskar – ailə psixoloqu, ağsaqqallar institutu

Qurum rəsmisi düşünür ki, problemin həll yolu ağsaqqallar institutunun formalaşması və ailə psixoloqlarının fəaliyyət göstərməsidir: “Əvvəllər ailələrin möhkəmlənməsində mühüm rolu ağsaqqallar institutu oynayırdı. Hazırda bu institutun fəaliyyəti iri şəhərlərdə müşahidə olunmur, rayon və kəndlərdə isə qismən də olsa, qalır. Bu gün insanların psixoloji problemlərlə daha çox rastlaşdığını görürük. Komitə olaraq hazırda bu sahədə bir sıra işlər aparırıq. Qurum ailə psixoloqu institutunun yaradılmasında maraqlıdır.  Çalışırıq ki, həmin institutu Azərbaycanda tam olaraq formalaşdıraq”.

Nikahı ikinci plana keçirən faktor

Nikahların azalmasına gəldikdə isə, mütəxəssis vurğulayır ki, hazırda gənclərin prioriteti ailə qurmaq yox, karyeradır: “Nikahlar daha çox orta yaş dövrünə qədər, yəni 24-30 yaşlarda olan şəxslər arasında bağlanır. Müşahidələrimiz göstərir ki, gənclərin prioriteti ailə qurmaq yox, daha çox təhsil almaq, karyera qurmaqdır. Nəticədə nikahın bağlanması ikinci plana keçir. Hazırda ən çox nikah bağlanma yaşı 28-dən yuxarıdır”.

Demoqrafiyanı təhdid altına qoyan növbəti yaralı yerimiz gender əsaslı cins seçiminə (GƏCS) görə dünyada birinci yerdə olmağımızdır. Dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya görə, 100 qıza 102-106 oğlan nisbətindədir. Hazırda Azərbaycanda bu rəqəm 100 qıza 112 oğlan nisbətindədir. Yəni, qızların sayı azalır, oğlanlar çoxalır. Açıqlanan sonuncu statistika da bunu bir daha sübut edir. Ötən illə müqayisədə doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının isə 46,8 faiz olub. Bəs bunun fəsadları nədir?

 

Oğlan uşaqlarının sayı qızlardan xeyli çox olarsa, nə baş verər?

BMT-nin Əhali Fondunun (UNFPA) hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12000-15000 nəfər çox olacaq. Fondun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev müsahibəsində bildirib ki, hər 100 qıza nisbətdə 112 oğlanın doğulması gələcəkdə oğlanlarının sayının qızlardan xeyli çox olması deməkdir. Bunun isə fəsadları ağır ola bilər: “Cins nisbətinin pozulması nəticəsində kişilərin sayının çoxalması təhsildə daha kəskin gender fərqi, əmək bazarında qadınların xüsusi çəkisinin azalması, ictimai həyatın bütün sahələrində kişilərin sayının kəskin artması (maskulinizasiya), eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun ağırlaşması, qızqaçırma, erkən nikahlar, insan alveri və s. bu kimi mənfi hallara səbəb ola bilər”.

Doğulan uşaqların azlığı qocalma tendensiyasını sürətləndirir

Həmçinin, ölkədə yeni doğulanların sayının azalması əhalinin qocalma tendensiyasına da təsir edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov deyir ki, hazırda dünya bu problemlə mübarizə aparır. Azərbaycanda da çoxuşaqlı ailələrdən azuşaqlıya keçid, nikahların azalması, doğulan uşaqların azlığı bu tendensiyanı sürətləndirir: “İnkişaf etmiş ölkələrdə yaranmış disbalansı bərpa etmək üçün miqrasiya siyasəti həyata keçirilir. Xaricdən olan gənc kadrları öz ölkələrinə cəlb edirlər. Ölkədə təbii artımda azalmaların baş verməsi demoqrafiyamızı ciddi şəkildə zərbə altında qoya bilər”.

Sonda mütəxəssislər vurğulayırlar ki, demoqrafik fəlakətlə üz-üzə gəlməmək üçün artıq tədbirlər görülməlidir. Çünki bu statistika həyəcan təbilidir.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir