tehsil

Uçuruma gedən peşə – Aşağı ballı gələcək mühəndislər ekspertin QINAĞINDA

Baxış sayı: 395

Xəbər verdiyimiz kimi, ötən gün Ali təhsil müəssisələrinə bakalvriat səviyyəində aparılan müsabiqənin nəticələri açıqlanıb. Uzun illərdən sonra bu il əksər ixtisasların keçid ballarında enmələr müşahidə olunub. Balların enməsi əsasən mühəndislik ixtisasında olub. Nəzərə alınmalıdır ki, mühəndislik əsas peşələrdən biridir. Bəs, bu ixtisas üzrə balların bu qədər aşağı olmasının səbəbi nədir? Əmək bazarında bu peşəyə ehtiyac yoxdur, yoxsa səbəb başqadır?

Təhsil eksperti Nadir İsrafilov bildirir ki, qəbul balları ilə bağlı bir çox dəyişikliklər olub və olmağa davam edir.

“Keçid ballarının getdikcə aşağı düşməsi və yaxud qaldırılması birinci hal deyil. Bunun bir sıra səbəbləri var. Məsələn, pandemiya dövrü və yaxud yeni imtahan modelinə keçid vaxtı ballar aşağı salındı. Balların oynamasının digər səbəbi isə plan yerləri ilə bağlıdır. Universitetlərdə plan yerləri dolmalıdır, buna görə də keçid ballarını aşağı salırlar. Situasiyaya uyğun məsələ tənzimlənir. ADNSU-nun Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının (tədris ingilis dilində) dövlət sifarişli keçid balı 600+ baldan 200 bala enməsi təcrübəmdə ilk dəfədir ki, görürəm. İxtisasın birdən-birə 400 bal enməsi çox güman ki, birinci dəfədir.

Özü də bu ixtisas ən vacib ixtisaslardan biridir. Həm də dövrün tələbləri ilə uzlaşan bir ixtisasdır. Bu dərəcə enmə həm təəssüf, həm də təəccüb doğurur. Bəlkə də səbəbləri var, biz bilmirik. Tədrisin ingilis dilində olması ilə bağlı da balı aşağı sala bilərlər. Amma digər ixtisaslara nəzər salsaq görərik ki, tədris ingilis dilində olan ixtisasların balları daha yüksəkdir. İstənilən halda DİM rəsmiləri bununla bağlı açıqlama verməlidirlər. Bu məsələ artıq sosial şəbəkələrdə rezonans yaradıb. Belə bir vacib, hətta beynəlxalq əhəmiyyətli sahənin balının bu qədər endirilməsinə mütləq aydınlıq gətirilməlidir. Keçid balları əsasən universitetlərin plan yerləri ilə bağlıdır”.

Ekspert diqqətə çatdırıb ki, hələ 1992-ci ildə test imtahanı zamanı təklif etmişdik ki, keçid balları 350 olsun:

“Çünki 350 bal klassik qiymətləndirmə ilə 3 deməkdir. Yəni kafidir. Amma elə vəziyyət yarandı ki, 350 bal toplayanların sayı az oldu. O bal endirildi 200, 150 indi isə 100-ə. Nəticələrə baxsaq görərik ki, 100-150 balla universitetlərə tələbə qəbul etmişik. 100-150 bal klassik qiymətləndirmədə 0 deməkdir. 200 bal isə 2-dir. Bu gün minlərlə klassik qiyməti 2 olan abituriyentə tələbə adı vermişik. Burada iki məsələ var: kəmiyyət və kefiyyət. Bunlardan birini azaltmaq lazımdır. Əgər kəmiyyətlə irəliləmək istəyirsə elə ballar 150-200 olaraq qalacaq və belə də davam edəcək. Yox, keyfiyyət istəyiriksə keçid balı 350 olmalıdır. İki yol var, bunlardan birini seçməliyik.

Bir tərəfdən də qarşımızda məqsəd var ki, ali məktəb hər kəs üçün əl çatan olmalıdır. Neft kapitalı insan kapitalını çevrilməlidir. Ölkəmiz həm də adam sayına görə ali təhsil alan şəxslərlə dünya ölkələri ilə rəqabət aparır. Bunları da nəzərə almalıyıq. Ölkəmiz həm də çalışır ki, ali təhsillilərin sayı çox olsun. Belə ki, say çox olduğu halda keyfiyyət aşağı düşür. Çünki iki yol var, üçüncü yol yoxdur. Yəqin ki, bu istiqamətdə də işlər görüləcək. Hazırda Milli Məclis səviyyəsində də ali məktəblərə qəbul qaydasındakı məsələlər müzakirə edilir. Dünənki qəbul ballarını və qəbul olanların sayını gördükdə təhsilimizin kəmiyyət üzərində qurulduğunu görə bilərik. Açıq nöqtəyi-nəzərdən yanaşsaq keçid balını minumum 350 etsək görün, nə qədər abituryent qəbul ola bilməyəcək, nə qədər universitetlərdə boş yer qalacaq. Bu boş yerlərin qalması müxtəlif ixtisasların sıradan çıxması, müəllimlər arasında ixtisarların olması deməkdir. Keçid ballarının qaldırmaq bir çox ixtisasların bağlanması deməkdir. Təbii prosesin qarşını süni yollarla almaq çıxış yolu deyil. Zaman özü hər şeyi yoluna qoyacaq”.

Hüquq müdafiəçisi Sahib Məmmədov qeyd edir ki, əmək bazarında ən çox tələbat mühəndis-texniki işçilərə və ixtisaslı fəhlələrədir:

“Bəzən deyirlər ki, balların enməsi təlabatın azalması ilə bağlıdır. Lakin bu doğru yanaşma deyil. Səbəblər müxtəlif ola bilər. Bu gün ən çox tələb olunan iş sahəsi mühəndislik ixtisasıdır. Bu gün ölkəmizdə kənd təsərrüfatı, zootexnik, aqronom kimi ixtisaslara ehtiyac artıb. Bütün sahələr üzrə mühəndisə ehtiyac var. Mühəndis sahəsi deyəndə yalnız energetika sahəsinə köklənmək lazım deyil. Tikinti, neft, mühəndis-texnoloq kimi sahələrdə də ehtiyac artmaqdadır.

Mühəndislik ixtisasını bitirən tələbənin gec iş tapmasının və yaxud tapmamasının səbəbləri var. Məzunlar işəgötürənin tələblərinə cavab vermir. Məsələn, nəzəri biliyi var, lakin praktiki biliyi yoxdur. İşə götürən isə peşəkar, təcrübəli işçini axtarır və götürür. Hazırki dövrdə tək diplomu olanı işə götürmürlər, gərək həm də ixtisasın üzrə bacarıq və təcrübən olsun”.

Aysel Şahmar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir