Doktor Ziya

Doktor Ziya: “Xaricdə olanda Azərbaycan çayı və suyunun dadı üçün darıxıram” – MÜSAHİBƏ

Baxış sayı: 1. 794

Ekranlarda nə vaxt görürüksə, üzündən, gözlərindən təbəssüm əskik olmur. Özü də imkan olan yerdə gülərüz olduğunu deyir. Etiraf edir ki, Əkizlər bürcündən olduğundan müəyyən məsələlərdə həm efirdən kənarda, həm də efirdə ikili xarakteri özünü göstərir. Amma özünün dediyi kimi, hər ikisində  səmimidir. Onun üçün əsas olan səmimiyyətdir. Qonağımız “Antenn” FM-də aparıcı, CBC Sport kanalında futbol şərhçisi Doktor Ziyadır. Bu il radioda olmağının 21 ili tamamdır, televiziyanın həyatında yaşı isə 17 ildir.

– Bir az keçmişə qayıdaq. 1999-cu ildə Tibb Universitetini uşaq psixonevroloqu ixtisası üzrə bitirmisiniz. İlk iş fəaliyyətinə harada başladınız?
– Uşaq Psixonevroloji Dispanserində bir il işlədim. Bu da internatura ilə işin sintezi idi. Gördüm ki, özümü bu sahədə çox narahat hiss edirəm. Düşündüm ki, nə qədər ki məni təkləməyiblər, dalaşmamışam, buranı tərk edim.

– Nədən, yaxud nələrdən narazı qaldınız ki?

– Hazırda həkimlərin maaşlarının hesablanma sistemindən xəbərim yoxdur. O zaman hər həkim mütləq ay ərzində 12 yeni xəstəni qeydiyyata götürməli idi. Ayın sonuna qədər həkimlər 8-9 nəfərin qeydiyyatdan keçdiyini görəndə, əlavə 3-4 nəfəri “tapmalı” olurdular. Valideynlər hansısa bir şikayətlə gələndə onların övladlarının diaqnozunu şişirdirdilər ki, ay ərzində tələb edilən 12 nəfər düzəlsin. O zaman  etiraz edirdim ki, axı bu uşaqda oxuduğum qədərilə maksimum nevrotik vəziyyətdir və valideynlər sadəcə, uşaqla söhbət etdikdən, daha çox diqqət ayırdıqdan sonra problem həllini tapacaq. Mənə deyirdilər ki, sən heç nə bilmirsən, bu, ağıldankəmliyin birinci dərəcəsidir. Burada güdülən sırf o idi ki, 12 nəfər tamam olsun və biz maaşımızı tam alaq. Çünki qeydiyyatdan neçə faiz az xəstə keçirirdinsə, maaşın o qədər azalırdı. Bu sistemi anlaya bilmədim. Həkimlərin ümumi iclasında etirazımı bildirəndə təkləndim və orada qərara gəldim ki, işdən gedim. Amma Tibb Universitetini bitirdiyimə görə peşman deyiləm. O dövrdə topladığım biliklər mənə indiki işimdə xeyli kömək edir.

– Həkimlikdən uzaqlaşandan sonramı jurnalistikaya gəldiniz?
– Xeyr. Tələbə vaxtımdan paralel olaraq ANS-də işləyirdim. O zaman musiqili verilişlərin aparıcısı idim. Çünki ciddi verilişlər aparmaq üçün yaşım və təcrübəm az idi. O vaxt mənə deyirdilər ki, sənin dinləyicin səninlə birlikdə böyüyür və o dinləyiciləri özünlə apar.

– Dinləyicilərinizi tanıyırsınızmı? Hansı təbəqəyə, hansı yaş qrupuna aiddirlər?
– Təxminən deyə bilərəm ki, dinləyicilərimin əksəriyyəti sərbəst qərar vermək gücündə olan, müəyyən uğur əldə edən 35-50 yaş arasında olan insanlar, vəzifə sahibləri, biznesmenlərdir. Dinləyicilərim arasında özlərindən böyüklərin nə düşündüyünü bilmək istəyən gənclərimiz də, “oğlum, məsləhət kimi çıxmasın” cümləsi ilə sözə başlayıb, fikirlərini bildirən təqaüdçülərimiz də var.

– Doktor, dinləyicilərlə ünsiyyətə girmək çətin deyil ki? Bəzən elə dinləyici olur ki, verdiyi sual, dediyi söz çətin situasiya yaradır…

– Çətin situasiyadan çıxa bilmək aparıcının təcrübəsindən asılıdır. Nə qədər çox təcrübən varsa, bu qazanın içində qaynayırsansa, deməli, istənilən suala cavab verə, yaxud dinləyicini başqa səmtə yönəldə bilərsən ki, fikrində tutduğunu deməsin. Çünki canlı efirin bir çox məsuliyyətli tərəfi var. Canlı efirdə istənilən an nəsə baş verə bilər. Pult qarşımızda olduğundan operatorluğu da biz edirik və buna görə məsuliyyət aparıcı kimi bizim üzərimizə düşür. Amma işə təzə başladığım vaxtlarda çətinliyim olurdu. Sənə efirdə “salam əleyküm” deyirlər və sən xoşbəxtsən ki, səninlə salamlaşırlar, üstəlik, hamı bunu eşidir. Bu həyəcan sonradan sıfıra endi və indi daha çox peşəkarcasına yanaşma var.

– Hər gün efirə çıxmaq və hər gün söz tapıb danışmaq çətin deyil ki?
– Alışmışam. Düzdür, bunun mənfi tərəfi odur ki, bir çox məsələlər avtomatlaşıb, amma müsbət tərəfi odur ki, həyəcan, əndişə keçirmirsən. Mikrofonu açandan sonra demək üçün mütləq bədahətən nəsə gəlir. Amma mütləq əvvəlcədən hazırlıq lazımdır.

– Hər gün dinləyici qarşısına çıxır və müxtəlif mövzularda danışırsınız. Özünüzü necə inkişaf etdirirsiniz?
– Mənim aləmimdə aparıcı imkan dərəcəsində çoxlu gəzməli, müxtəlif ölkələrə getməli, müxtəlif mədəniyyətləri görməli, cəmiyyətin üzvləri ilə mütləq ünsiyyətdə olmalıdır. Xaricdə taksidən istifadə edirsə, sürücünü sorğu-suala tutmalıdır. Bu üsulla yalnız öz cəmiyyətini tanımaqla keçinmir, digər cəmiyyətlərdəki insanları  tanımağa başlayırsan.
Mütaliə də mütləqdir. Özü də müxtəlif dillərdə. Hansı dillərdə oxumaq bacarığın varsa, həmin dillərdə oxusan, gözəl olar. Bu, istər-istəməz insanın söz bazasını  artırır. Əksər hallarda oxuduqlarını istifadə etməsən də, beynin lazım olan anda unutduğun sözü rəfdən çıxarıb qarşına qoyur.

– Xarici səfərdən söz düşmüşkən, təzəlikcə Fransadan qayıtmısınız. Fransız xalqı doğrudanmı kef edir?
– Fransada olanda bu sözün kökünü anladım. Birinci məqam budur ki, fransızlar səhər tezdən oyanırlar, tələsmədən kimisi idmanını edir, duşunu qəbul edir, evdən çıxıb işə yollanır. Əksəriyyət səhər yeməyini kafedə yeyir. Kafenin oturacaqları mütləq səkiyə, yoldan keçən insanlara, maşınlara baxır. Bizdə insanlar yemək yeyəndə əsasən gizlənirlər. Fransızlar isə yediyini göstərir ki, mənim günüm belə xoş başladı, səninki də belə olsun. Başqa bir məqamı deyim. Daşlı küçələrdə avtomobildə saatda 30-la, asfaltlı yollarda isə 50 ilə gedirlər. Biz orada uşaqlarla kirayə götürdüyümüz avtomobili sürəndə əsəbiləşirdik ki, yollarda saatda 30-50 ilə sürərlərmi? Bu, fransızlarda məmnunluğun və rahatlığın göstəricisidir.
Daha bir məqam xidmət sektorunda diqqətimi cəlb etdi. Vətəndaş müraciət edir və ona xidmət edən operator müştərinin sualını yavaş-yavaş, arxayıncasına cavablandırır. Növbə yaranır. Bizdə belə növbə yarananda arxadakılar qabağa boylanıb operatora deyirlər ki, “ay xanım, bir az tez elə, burada gözləyənlər var”. Orada bu sözü demək olmaz. Əgər irad tutdunsa, operator növbədə dayanan adamın işini uzadacaq. Çünki operatorlar da öz işlərini rahatlıqla görmək istəyirlər.
Supermarketlərin, ticarət mərkəzlərinin əksəriyyəti bazar günü işləmir. Şənbə günü maksimum 19.00-da bağlanırlar. Ümumiyyətlə, əksər yerlərdə iş günü 5 gündür. Söylədiyim bu məqamlar, bir çox məsələləri tələsmədən görmələri fransız xalqının kef etdiyini deməyə əsas verir.

– Çox ölkədə olmusunuz. Başqa ölkələrdə gördüyünüz və Azərbaycanda görmək istədikləriniz nələrdir?
– Ölkəmizdəki əhalinin əksəriyyəti müsəlmandır. Bizim gözəl bir sözümüz var: səbr. Amma bizdə o səbr yoxdur. Fransadan yeni qayıtdığıma görə oradan misal çəkim. Fransızlar stressi özlərindən uzaqlaşdırırlar. Çünki bu, insanı içəridən çürüdür. Bizdə isə insanlar stress olmadan yaşaya bilmirlər. Şüuraltı olaraq özlərini problemin içinə daxil edirlər. Hərçənd ki, bir çox məsələləri çox rahat qəbul etmək, fikir verməmək lazımdır. Digər tərəfdən, bizdə insanların böyük bir hissəsində üzrxahlıq etmək qabiliyyəti yoxdur. Uduzmağı da bacarmırıq. Hamının gözü qarşısında rəqibə yaxınlaşıb təbrik etmək məsələsində bir az geridə qalırıq.

– Xaricə gedəndə Azərbaycana məxsus nələrdən, yaxud kimlərdən ötrü darıxırsınız?
– Azərbaycan çayı və suyunun dadı üçün darıxıram. Məsələn, Fransada su içəndə adam Azərbaycanda istehsal edilən bütün suları bir-bir yadına salır. Çünki başqa ölkələrdəki suyun dadı bizim suyun dadını vermir. Düzdür, bunu bütün ölkələrə şamil etmək olmaz. Almaniyada, Türkiyədə su dadlıdır. Avropaya gedəndə isə bizim ət üçün darıxırsan. Adam istəyir ki, ən azı heç olmasa lülə kabab tapsın. Bir də təbii ki, doğmalar, yaxınlardan ötrü darıxırsan.

– Xaricə tez-tez səfər edirsiniz. Övladlarınız sizi az gördüklərinə görə şikayətlənmirlər ki?

– Böyük oğlum xaricdə liseydə təhsil aldığından onu çox az-az görürəm. İki yaşlı oğlum isə hər səfərdən qayıdanda məni görəndə sevincinin həddi-hüdudu olmur. Hərçənd müasir texnika imkan verir ki, hər gün ünsiyyətdə olasan. Vizual darıxmağa zəmin yaratmırsan, amma təmas, toxunmaq, qucaqlamaq uşaq üçün çox şeydir.

– Sevimli sahəniz olan futbola keçək. Futbol sizin üçün nədir?
– Desəm ki, hobbi ilə birlikdə işdir, bəlkə də bir çoxları bunu qəbul etməz. Amma bu, həm də hobbidir. Çünki futbol şərhçiliyinə sırf azarkeş və futbol oynamağı sevən birisi kimi gəldim. Bu, təsadüfən baş verdi. Radioda çalışanda futbolu şərh etməyə dəvət aldım. Dedim, gələrəm, yoxlayarsınız. Yoxladılar. O vaxtdan əməlli-başlı məşğuliyyətə çevrildi.

– Futbolu tamaşaçı kimi stadionda seyr etməyi, oynamağı, yoxsa şərh etməyi daha çox sevirsiniz?
– Stadionda şərh etməyi çox sevirəm. Tribunalardan gələn səsləri eşitməsən, futbol adama birtəhər gəlir. Şərh etmədiyim matçlarda imkan dərəcəsində dolu tribunalara getməyə üstünlük verirəm. Bu, əsasən xaricdə olur.
Oynamağa gəlincə, həftədə bir dəfə, alınsa, iki dəfə öz yaşıdlarımla, yaşda bir az böyük olan həvəskarlarla oynayıram.

– Qol səsi sizə hansı hissləri yaşadır?
– Qol səsi həmin anın emosiyasıdır. Hər bir işin öz kulminasiya nöqtəsi var. Həmin nöqtəyə çatanda həmin vəziyyəti hiss edir, sonra işinə davam edirsən. Şərhçilər üçün tamaşaçılar qarşısında vurulan qolu emosional şəkildə qeyd etmək bir az çətindir. Çünki səni dərhal həmin düşərgənin nümayəndəsi hesab edirlər.

– Ümumiyyətlə, şərhçinin hansısa komandanın fanatı olmasını büruzə verməsi nə dərəcədə düzgündür?
– Şərhçi fanatı olduğu furbol komandasının adını yalnız özəl söhbətlərdə, sosial şəbəkələrdə açıqlaya bilər. Amma nə üçün bu komandaya üstünlük verdiyini əsaslandırmalıdır. Əgər iş başında matçı şərh edirsənsə, heç cür bunu büruzə verməməlisən. Daxili çempionatdırsa, məsələn, “Neftçi” ilə “Qarabağ” oynayırsa, sən hansı komandanın fanatı olduğunu bildirməməlisən. Yaxud xarici klublar öz aralarında oynayırsa, yenə də bunu özəl olaraq saxlamalısan. Amma Azərbaycan komandası xarici komanda ilə oynayırsa, Azərbaycan şərhçisi mütləq yerli  komandanın tərəfində durmalıdır. Çünki sənə öz ölkənin nümayəndələri baxır. Əgər sən azarkeşliyi büruzə vermirsənsə, tamaşaçı səni anlamaz. Emosional nöqteyi-nəzərdən hər şey bərabər olmalıdır. Amma bir balaca özününkülərə üstünlük verməlisən.

– İnternetdə axtarış verəndə Doktor Ziya laboratoriyasına rast gəldim. Maraqlıdır, sahibkar kimi sözügedən laboratoriyada nə istehsal edirsiniz?
– 15-20 ildir bir yerdə olduğumuz dostlarla bu laboratoriyada çalışırıq. Vaxtaşırı kafedə, yaxud kiminsə ofisində toplaşıb ideyaları öz aramızda müzakirə edirik, uzağı qarşımızda planşet, yaxud kompyuter olur. Bu, hətta ictimai birlik də deyil. Adını özümüz qoymuşuq – Doktor Ziya laboratoriyası. Göstərmək istəyirik ki, radio dalğalarında rəqib olsaq da, ən azından yaxşı tanış, yaxud  dostuq. Müzakirələr zamanı elə olur ki, birinin ideyası digərinin çalışdığı efirdə öz əksini tapır. Çünki həmin efir üçün daha yararlı sayırıq, nəinki ideyanı səsləndirən adamın radio efiri üçün… Prinsipcə, konsept bundan ibarətdir. Əlbəttə, ilk  növbədə mənim öz layihələrim bu laboratoriyadan keçir. Laboratoriya bir otaq deyil, sadəcə, beyinlərdir.
Sahibkarlığa gəlincə, media sahəsində fərdi sahibkaram, daha dəqiq desəm,  frilanserəm, jurnalist kimi vergiləri də ödəyirəm. Heç bir iş yeri ilə birbaşa bağlılığım yoxdur. Yalnız layihələr çərçivəsində çalışıram. “Antenn” FM-də aparıcılıq, CBC Sportda şərhçilik edirəm.

– Sizi ekrandan nə zaman görürüksə, üzünüzdə, hətta gözlərinizdə təbəssüm hiss edilir. Bu, içdən gəlir, yoxsa işdən irəli gələn vərdişdir?
– Vərdiş deyil. Çalışıram, imkan olan yerdə gülər üzümü göstərim. Düzdür, adam hər zaman gülməz, yoxsa deyərlər ki, qeyri-ciddi adamdır (gülür – L.M.). Məni işdən kənar görən insanlar hərdən niyə kədərli olduğumu soruşurlar. Deyirəm, kədərli deyiləm, sadəcə, fikirləşirəm, bu zaman beynim işləyir. Amma efirə çıxanda artıq başqa variant olur. Əkizlər bürcüyəm. Müəyyən məsələlərdə həm efirdən kənarda, həm də efirdə ikili xarakterim özünü göstərir. Amma hər ikisində  səmimiyəm. Mənim üçün əsas olan səmimiyyətdir. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir