elcilik

Dünya xalqlarının qəribə elçilik adətləri

Baxış sayı: 2. 848

Toy adətləri dünya mədəniyyətinin tərkib hissəsidir. Hər bir xalqın özqünəməxsus qız bəyənmə, elçilik, nişan, toyla bağlı adətləri var. Bu müxtəliflik həm coğrafi mövqedən, həm həyat tərzindən, həm də sitayiş edilən dindən asılı olaraq dəyişir.

Beləliklə, dünyadakı maraqlı elçilik qaydaları barədə kiçik materialı təqdim edirik.

 

Amerika hindularında oğlan bəyəndiyi qızı onun qardaşından istəməlidir. Hədiyyələrlə qız evinin qarşısına gələn gənc qapının önündə bəzən günlərlə qalır və bununla öz dözümünü nümayiş etdirir. Bu zaman qız evinin üzvləri gənci müxtəlif işlərin arxasınca göndərir, bəzən isə söyür və təhqir edirlər. Sınaqların sonunda qızın qardaşı onu evə dəvət edirsə, bu artıq razılıq əlamətidir.

İrokez hindularının adəti isə bir başqa cürdür. İrokezli gənclər valideynlərinin razılığını aldıqdan sonra qızın yanına öz elçilərini – keluvletanı göndərirlər. Balıqqulağından düzəldilmiş sırğalarla qız evinə gedən elçi qıza onunla evlənmək istəyən gənc haqda məlumatlar verir. Elçi cavab tələb etmədən oğlanın yanına qayıdır. Əgər qız “hə” cavabı vermək istəyirsə, onda kiçik qardaşını oğlanın yanına göndərir. Şad xəbərə görə qızın qardaşına maralın başı hədiyyə olunmalıdır.

Papuaslarda evlilik və elçilik məsələləri çox tez həll olunur. Belə ki, evlənmək istəyən gənc öz saçlarını tütün yarpaqlarının arasına qoyaraq özünə qalın siqar düzlədir. Siqarı yarısına qədər çəkən oğlan onu anasına verərək bəyəndiyi qızın adını çəkir. Ana isə siqarı həmin qızın evinə gətirərək, qıza verir. Əgər qız siqarı axıra kimi çəkərsə, bu, onun razılıq verməsi deməkdir.

İtaliyada qız və oğlan bir-birini sevib ailə həyatı qurmaq istəsələr, formal da olsa, elçilik adətlərinə riayət etməlidirlər. Belə ki, oğlan qızı onun atasından istəmək üçün sevgilisinin evinə gəlməlidir. Bu zaman o, mütləq özü ilə çaxır şüşəsi və gül dəstəsi də götürməlidir.

ABŞ-da elçilik və toy adətləri əsasən Avropa mənşəlidir. Keçmişdə oğlanlar evlənmək üçün qız evinə hədiyyə ilə gələrək, onun valideynlərindən razılıq istəyirdi. Müasir dövrümüzdə isə oğlan və qız sadəcə valideynlərini xəbərdar edib, xeyir-dua almaq üçün bu addımı atırlar.

Qaraçılarda isə qızın razılığı olmadan ərə verilir. Adətən, yetkinlik yaşına çatmadan ərə verilən qızlar üçün başlıqpulu tələb olunur. Bu pulu kim ödəyərsə, qız həmin şəxsə ərə verilir.

Azərbaycanda da zəngin elçilik adət-ənənələri var. İnanclara və adətlərə görə elçiliyə gecə getməzlər. Eyni zamanda, elçilərin qarşısına qoyulan çay razılıq alınmamış içilməz. Elçiliyə birinci qadınlar gedər, sonra kişilər…

Qız atası elə birinci elçilikdən razılığa gəlmir. Bunun üçün dəfələrlə qız evinə gedib-gəlmək lazımdır.

Qızın rəyi soruşulanda adətən susar. Susmaqsa, razılıq əlamətidir – deyərlər. Ancaq yenə qəti söz deməz. Çünki əsas sözü böyüklər, ağsaqqallar deməlidir.

Əgər kiçik elçilikdə ilkin razılıq artıq alınıbsa, elçilər müsbət söz eşitməyə təkid etməlidirlər. Bu zaman ata qızın anasını çağıraraq hamının yanında bir də ucadan onun və qızın fikrini soruşar. Qadın isə adətə görə ata fikirinin əsas olduğunu deyərək susar. Ananın rəyi soruşularkən elçilər olan otağa qadınlar da daxil olurlar. Ananın sözündən sonra ata hamının yanında “Allah xoşbəxt eləsin!” deməlidir. Bundan sonra şirin çay içilər və ortaya yemək gələr.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir