21432842_1719603271414714_2948651567985495609_n

Emin Piri: “Eyni şeiri bir neçə qıza “sənə yazmışam” demişəm” – MÜSAHİBƏ

Baxış sayı: 6. 814

Həmsöhbətimiz gənc şair Emin Piridir. Onunla şəxsi yaradıcılığından, müasir ədəbiyyatda baş verənlərdən və buna yaxın bir sıra mövzulardan danışmışıq.

 

– Emin, “Piri” yalnız Piriyev soyadının qısaldılmasıdır, yoxsa hansısa başqa mənası var?

– Deməzdim, sadəcə soyad qısalmasıdır. Çap olunmağa başlamalıydım. Müxtəlif adlar düşündüm. Emin adı peyğəmbərin bir adının avropalaşmış və ya türkləşmiş formasıdır. Həmçinin pir bir anlamda da müqəddəs ucalığa yüksəlmək anlamına gəlir. İki adın bir yerdə qəribə assosassiya doğurması, eyni zamanda adların öz adım və soyadım olması və s. Elə bu ad soyadda qalmağıma səbəb oldu.

– Yəni pirlə, ocaqla heç bir əlaqəsi yoxdur…

– Eqo kimi çıxa bilər, amma artıq qəbul etmişəm pir adı kimi. Bir kərə zarafat status yazmışdım ki, inandığım bir pir var, o da Emin piridir. Buna ciddi inanıb məndən ünvan soruşanlar və s. olmuşdu. Bir kərəsində isə yaşlı yazarlardan biri də demişdi ki, Emin sən cavansan nəzirim var, ora gedəndə apararsan. Və pulu mənə verdi.

– Nə etdin o pulu?

Gənc şairlərlə xərclədik…

– Söhbət bura yönəlmişkən, gənc yazarlar arasında ateizm meyillərini hiss etməmək mümkün deyil. Nə ilə bağlıdır bu?

– Bu qıraqdan belə hiss oluna bilər. Və ya ola bilsin, ateizm çıxışları daha çox maraq doğurduğundan buna uyğun çıxışlar edirlər. Amma bir-iki nəfərini çıxmaqla tanıdığım yazarların əksəri inanclıdır. Ola bilsin, hansısısa dinin ritullarını həyata keçirmirlər, amma bir çox dini qaydalara inanırlar. Ümumiyyətlə, incəsənət adamları əksərən yeniliyə meyllli olur deyə onların çıxışları bir çox hallarda dindən qopma kimi görünür.

11049474_886320164751191_5481771529214370303_n

– Təbi doğurdan Allah verir, yoxsa başqa hansısa fövqəlgüc yaradır bu qabiliyyəti?

– Mən yaradıcı vahid gücə, enerjiyə inanıram. İstər adına Tanrı de, ya Allah, ya Boq, ya bəşəriyyətin ulu memarı. O, var və hamımız, hər şey birgə odur. Hər şey o vahid enerjidən paylanır. Amma mənim inanc sistemim tam olaraq bir dinə uyğun gəlmir. Müəyyən anlamda öz dinimi yaratmışam deyə bilərəm.

– Sizin nəsil şair və yazıçıları arasında klassikləri tənqid edənlərə tez-tez rast gəlirik. Bəlkə əvvəllər də belə meyillər olub. Amma sanki bugünkü tənqidlər daha kəskin səslənir. Necədir münasibətin?

– Bütün tənqidlər qəbul olunandır və hər kəs tənqid oluna bilər. Amma tənqid də arqumentə əsaslanmalıdır. Təhqir etmək və ya tənqidinə uyğun arqumentinin olmaması pis haldır. Bunu bilə-bilə aşağılamağa çalışmaq həm bəşəri, həm də milli anlamda bizə zərbədir. Daha çoxsa müştəbehlikdir deyərdim.

O ki, qaldı, bizim nəsildə buna çox rastlamaq, bu,daha çoxsa medianın günahıdır. İstedadlı mətnləri bir çox hallarda görməzdən gəlib belə İP artımına xidmət edə biləcək materialları tirajlamaq gündəm olmaq istəyən gənclər üçün göydəndüşmə olur.

Həmçinin sovet dövrünün bəzi senzurası, müasir dövrdəsə sosial şəbəkələr, geniş media tribunaları çıxışı rahatlaşdırır.

Konkret misallar üzərində dayanaq. Kəramət Böyükçöl Xəlil Rzanı tənqid edir, Elşad Barat Mikayıl Müşfiqdən daha yaxşı yazdığını iddia edir və s. Emin Pirinin klassiklərə və bu yeni cərəyana – bəli, bu, az qala bir cərəyana bənzəyir – münasibəti necədir? Məsələn, klassiklərdən kimi düha hesab edir, kimin isə layiq olduğundan artıq şişirdildiyini düşünür?

– Mən deməzdim adlarını çəkdiyiniz şəxslər istedadsız olduğundan bunu edir. Bu onların düşüncəsidir. Yuxarıda qeyd etdiyim kimi tənqidlərinə arqument gətirə bilirlərsə, təhqir etməyiblərsə normal yanaşıram. Sadəcə dediyiniz iki məsələni tam dərinliyi ilə izləməmişəm. Ona görə bir başa söz deyə bilmərəm. Bayaq qeyd etdiyim qayda ilə yanaşardım. İstənilən halda təhqir yolverilməzdir.

Son günlər baş verən olaylardan sonra bu məsələ ilə bağlı nəsə mövqe bildirmək istəməzdim. Çünki nəsə deyəcəm, deyəcəklər ki, gündəmə gəlmək üçün edir.

 

– Ayaqqabım yırtılardı

Böyüyəndə ayağım.

ayağınız böyüməsin deyə

dua etmisinizmi heç?

 

Kimin həyatının təsviridir bu? Müharibə illərinə təsadüf etmiş öz uşaqlığınızmı?

– Yazdığım şeirlərə görə, bəzən elə bilirlər yazdıqlarımın hamısı öz həyatımdır. Öz həyatım olan şeirlər də var. Sadəcə, protip kimi hamısını öz üzərimə yeridirəm. Həyat mütaliəsi zamanı ortaya çıxan insanların həyatlarıdır. Mən isə obraz kimi özümə yükləyib yazıram.25399128_1183270895138031_5654771124350593476_n

 

– Şair Sabir Yusifoğlu ilə necə dolanırsınız? Tənqidə kim daha meyilli və dözümlüdür? Evdə rəqabət mühiti nə qədər təmin olunub?

– Açığı nə o, nə mən bir-birimizin tənqidini qəbuledə bilmirik. Ona görə də həm ədəbi, həm də siyasi söhbətlər etmirik birgə. Ancaq havadan, sudan, məişətdən danışırıq. Uzun müddətdir ki, bu, belədir. Yəni, hər hansı ciddi söhbətlərimiz olmur.

– Ata kimi necədir?

– Bir qədər eqoist adamam. Hər şeyin idealını arzulayan insanam. Ümumiyyətlə, hamıdan, özümdən də narazıyam. Hər kərə daha yaxşı ola bilərdi deyə düşünürəm. Şeirlərimə də belə yanaşıram.

– Müəllim işləyirsiniz. Bizim uşaqlıq illərinin uşaqları ilə bugünkülər arasında hansı fərqlər var? Sizi nə narahat edir və nə sevindirir?

– Uşaq elə həmişə safdır. Sadəcə, müasir dövrdə internet dünyası, texnologiyanın inkişafı informasiya baxımdan onların bizim uşaqlıqdan irəli olmasına səbəb olub. Bu, yaxşı bir haldır, amma öyrəndikləri psixoloji yaşa uyğun olsa. Bu yaşa uyğun olmayanda, əlbəttə, problemlər ortaya çıxacaq. Daha çox məsuliyyət isə valideynin üzərinə düşür ki, uşağa ona hiss etdirmədən nəzarət gücü olsun. İnternet dünyasından istifadə qaydalarını planlaya bilsin.

– Statuslarında son vaxtlar subaylığın daşını atmağın vaxtı yetişməsi ilə bağlı mesajlar verirsən, hərdən eləgörünür ki, qulaq sirdaşı axtarırsan.

– İnsanı eynilik yorur. Ola bilsin, bununla bağlıdır. Ətalət nifrət etdiyim bir şeydir. Subaylıq ətalətindənsə, evlilik hərəkəti daha yaxşıdır.

– Şeir yazıb hansısa qızı aldatmısanmı?

Şeiri heç vaxt bu tip şeylərə aid etməməyə çalışmışam.. Amma sevgi şeirlərim olub ki, eyni şeiri bir neçə qıza sənə yazmışam demişəm.

– Xülasə, toy nə vaxtdır?

Toy problem deyil, qız yoxdur.

 

Söhbətləşdi:
Vüsal Məmmədov

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir