fast food

Fast food yeməkləri – ömrümüzü qısaldan ləzzət…

Baxış sayı: 957

Fast food qida rasionumuzun ildən-ilə böyük bir hissəsini təşkil edir. Və özü ilə bərabər fəsadlarını da həyatımıza gətirir. Fast food “hazır yemək” olaraq adlandırılsa da, tam tərcüməsi “sürətli yemək”dir. Yəni müştərilər üçün bufet, restoranlarda və ya səyyar satıcıların təqdim etdiyi sürətlə hazırlanan və ya paket edilmək üzrə satılan yeməklər başa düşülür.

Hamburgerin tarixi orta əsrlərə təsadüf edir. Çox adam fast-foodun ilk olaraq Amerikada ortaya çıxdığını düşünsə də, bu, belə deyil. Bir çox fast-food məhsulu yüzillər öncəsinin Avropasına təsadüf edir. 1598-ci il London araşdırmasında və 1840, eləcə də 1850 dönəmlərinin İngiltərə tarixinin anladıldığı dönəmlərdə də fast-food məhsullarından bəhs edilir.

Romalılar tərəfindən fast-food növlü yeməklər istifadə edilirdi. Hətta fast-food tərzindəki məhsulların tarixini daha da keçmişə apara bilərik. Bu gün sevərək yediyimiz hamburgerlər əslində Orta Şərq dönəmində Rusiyanın Baltıka bölgələrində, xüsusən də tatarlar olmaq üzrə bir çox qəbilə tərəfindən yeyilən bifştekslərdir. Tatarlar bu ləzzətli əti Hamburq limanında almanlara tanıdıblar, almanlar isə bu əti qızartdıqdan sonra soğan qataraq tükətməyə başlayıblar. Bununla yanaşı işi daha da geriyə götürərək miladdan öncəki illərdə romalıların fast-food məhsulu olaraq qəbul edilən hamburger və pizza növlü yeməkləri yediklərini deyənlər də var.

fastfoodlar ile ilgili görsel sonucu

Hər şey ABŞ-da başlanıb?

1950-ci illərdə Amerikada qurulan fast-food növlü yeməklər satan firmalar bu sahədə o qədər böyüdülər ki, milyardlarla dollarlıq qazanc əldə edən, minlərlə şöbəsi olan qurumlar halına gəldilər. Bununla da avtomatik olaraq hamburger və pizza kimi fast-food növlərindən bəhs edilincə, ilk ağıla ABŞ-ın gəlməsi qaçılmaz oldu. Gündə 69 milyon nəfərə xidmət verən “Mc Donalds” bu sektorun liderliyini saxlasa da, onun arxasınca hamımızın tanıdığı KFC və “Burger King” kibi markalar gəlməkdədir.

Fast-foodun nə qədər sağlam olması məsələsində dartışmalar davam edir. Fast-food yeməklərinin insan sağlamlığına çox ciddi zərəri olduğu məsələsində illərdir davam edən bir dartışma var. Fast-food növü yeməklərin bir çox xəstəliyə səbəb olduğunu deyənlərin sayı heç də az deyil. Hətta bu mövzuda hazırlanmış bir sənədli film də var: Morqan Spurlock adlı bir sənədli film rejissoru tam bir ay boyunca bütün yemək saatlarını bir fast-food mağazasının məhsullarından yeyərək keçirir. Hardasa ölümlə burun-buruna gələn Spurlock bu təcrübəsini qeydiyyata alır və “Şişirt Məni” adlı bir sənədli filmi ictimaiyyətə təqdim edir.

fastfoodlar ile ilgili görsel sonucu

Hər şey qastritdən başlayır və insan cərrahın pasiyentinə çevrilir

Həkimlərin ümumiləşdirilmiş rəyi isə ondan ibarətdir ki, fast-food qidalarında – dönərlər, lahmacunlar, hamburgerlərdə və s. işlədilən ətlər yaxşı bişirilmir. Orada işlədilən yağların mənşəyi bəlli deyil, eyni yağda külli miqdarda qida hazırlanır. Belə qidaların strukturu dəyişir və onlar kanserogenə çevrilir. Bu cür qidaları qəbul etmək çox təhlükəlidir. Ətlərin yaxşı bişirilməməsi nəticəsində insanlar tez-tez bağırsağın müxtəlif helmintoz və başqa parazitar xəstəliklər ilə müraciət edirlər. Buraya lyamblioz, blastositoz, exinokokkozları aid etmək olar ki, sonuncu ilk növbədə qara ciyərdə ciddi problemlər yaradır və insan artıq cərrahın pasiyentinə çevrilir.

Digər tərəfdən, fast-food yeməkləri mədənin və onikibarmaq bağırsağın selikli qişasına ciddi zədə yetirir. Hər şey adi qastritdən başlayır və xoralara, qanaxmalara gətirib çıxarır və nəticədə pasiyent cərrahın qəbuluna düşməli olur.

Dünyada olduğu kimi, Azərbaycanda da ən geniş yayılmış xəstəliklərindən biri qida borusu xərçəngidir. Belə ki, qida boru xəstəliklərinin 30-40 faizində bu problemə rast gəlinir. İldə hər 100 min nəfərdən 5-7-də bu xəstəliyə rast gəlinir. Qadınlara nisbətən kişilərdə qida borusu xərçənginə rast gəlmə ehtimalı 2-3 dəfə daha yüksəkdir. Bu da kişilərin içki, siqaret və s. kimi zərərli vərdişlərə daha çox meylli olmasından irəli gəlir. Bundan əlavə, fast-food qidaları da bu xəstəliyin yaranması riskini artırır. Adətən 40-60 yaş arası insanlarda rast gəlinən bu xəstəliyin bəzi hallarda 40 yaşın altında insanlarda da görünmə ehtimalı var.

Hamilə qadın fast food ile ilgili görsel sonucu

Hamilə qadın fast food yeyirsə…

Fast food yeyən hamilə qadın nəinki özünü, hətta gələcəkdəki üç nəslin sağlamlığını təhlükə altına qoyur. Araşdırmaya görə, hamiləykən fast-food yeməklərlə bəslənən qadınların uşaqları, nəvələri və nəvələrinin uşaqlarında piylənmə, ürək və şəkər xəstəliklərinə tutulma riski artır. Hətta həmin nəsildən olan uşaqlar sağlam qidalansalar belə təhlükədən qaçmaq mümkün olmur.

Buna görə də gələcəyimizi təhlükə altına salmamaq üçün mütəxəssislər hamilə qadınlara mütləq və mütləq sağlam qidalanmanı məsləhət görürlər.

 

Fast food yeyirik və kökəlirik.. niyə?

Heç kimə sirr deyil ki, fast-food birbaşa artıq çəki yaradır. Üstəlik, burada böyük çəkilərdən söz gedir. Fast-food niyə artıq çəki yaradır? Bütün həkim və dietoloqlar iddia edirlər ki, fast-foodun ziyanı onun çox qəbulu ilə daha da artır. Bu səbəbdən müntəzəm fast-food qəbulu arzuolunmazdır.

Əsas məsələ ondadır ki, bu tip qidalar yüksək kalorili, yüksək dərəcədə yağlı və az vitaminli olurlar. Əsasən də, bu, hamburqerlərə aiddir. İş ondadır ki, bu tip restoranlar müştəriləri daim cəlb etmək üçün qidaları çox yağlı və bol şəkərli edirlər. Hətta sağlam qida altında satdıqları salatlarda belə dadlandırıcılardan istifadə edirlər ki, bunları da sağlam qida adlandırmaq çətindir.

fastfoodlar ile ilgili görsel sonucu

Fast-foodun ziyanı barəsində hər kəs bilir, lakin bu restoranların satışı ildən-ilə artır. Ən əsas mənfi nəticə kimi artıq çəki və piylənmə qeyd olunur. Hamburqer, free, südlü kokteyllər, qızardılmış toyuq dadlı olmaqla yanaşı olduqca kalorilidirlər. Misal olaraq, ən populyar olan çizburqer tərkibində 540 kilokalori və 29 qr yağ cəmləşdirir, əlavə olaraq free də qəbul edilərsə – 500 kilokalori və 25 q yağ deməkdir.

 

Fast-food insan genlərini dəyişir!

Bizim immun sistemimiz fast-food qidalarını bakterial infeksiya kimi qəbul edir, bu qidalar “epigenetik dəyişikliklər”ə yol açır. Bu nəticəyə Bonn Universitetinin genetik alimləri gəliblər.

Siçanlar üzərində aparılan təcrübədə bir neçə siçan “qərbsayağı pəhriz”ə otuzdurulub. Onlara yağı, şəkəri, duzu bol olan fast-foodlar verilib, meyvə, tərəvəz isə verilməyib. 1 aydan sonra onların qanında təhlükəli infeksiyaya yoluxmada olduğu kimi immun hüceyrələri yaranıb. “Sağlam olmayan qidalanma” siçanların qanında qranulosit və monositlərin sayını artırıb.  Alimlər siçanların orqanizmində “fast-food ötürücüsü” adlı bir gen təyin ediblər ki, bu gen zərərli qidalara güclü reaksiya verir.

Ən maraqlı fakt isə bu pəhrizin immunitetə təsiri olub. Fast-food siçanların genetik informasiyanı qoruyub saxlamaq qabiliyyətini dəyişib. Hüceyrələrdəki DNK sapları adətən zülal ətrafında dolanmış kimi olur. Amma qeyri-sağlam qidalanmadan sonra bu saplar öz strukturunu dəyişərək, bir neçə sapın topadan ayrılıb ayrıca struktur kimi qalmağa can atıb. Belə mənzərə adətən orqanizmdə iltihabi proses başlayanda baş verir.

Siçanlar 1 aydan sonra adi qidalanmalarına keçdikdən sonra qanda DNK-nın mənzərəsi dəyişib, iltihab prosesi əlamətləri yoxa çıxıb, amma immunitetdə epigenetik dəyişikliklər hələ də qalmaqda davam edib. Bu təcrübə onu göstərib ki, fast-food və zərərli qidalanmaya orqanizmin reaksiyası bir iltihabi prosesə olan reaksiya kimidir. Orqanizm bu qidanı təhlükə və xəstəlik kimi qəbul edir, dərhal qanda dəyişikliklər baş verir, “döyüş hazırlığı” siqnalı verilir. Əgər insan bu zərərli qidalardan əl çəkib, sağlam qidalanmaya keçərsə, orqanizm yalnız 2-3 aydan sonra bunu başa düşüb, bu prosesləri ləğv edə bilər. Amma insan uzun müddət – uşaqlıqdan yaşlanana kimi fast-food yeyərsə, onun qanında və genetikasında bu dəyişikliklər geridönməz hala çevrilər, burdan da II tip şəkərli diabet, ürək, qan-damar sistemində problemlər başlayacaq.

 

Psixoloqlar: “Artıq yeməyin hazırlanmasını gözləməyə səbr yoxdur”

Psixoloqlar isə hesab edir ki, bu sayaq qidaların qəbulu psixoloji səbəblərdən asılıdır. Belə ki, özünü qoruma və nəsil artırma instinkti ilə hərəkət edən insanlar eyni zamanda özünü qorumanın həzz alma fazasından da yararlanır. Qidalanma zamanı da insanlar əvvəlki dönəmlərlə müqayisədə səbr etmək istəmir.

Tələsik qidalanma, 5 dəqiqəyə hazır olsun, onunla qidalanmaq var. Yəni bu situasiyada insan səhhətini düşünmür. Məsələn, vacib olan bir şey yeyim, təzədən fəaliyyətimi davam etdirim. “Fast food”u istehsal edən şirkətlər də məhz bu psixoloji məqamı nəzərdə tutur, belə qidaların istehsalı ilə məşğul olurlar. Bu dünyanın hər yerində belədir. Sadəcə, burada fərdi gigiyenanın, fərdi sağlamlığın qorunmasından söhbət gedir. Bu da insanın özünə buraxılır.

Psixoloqlar eyni zamanda hesab edir ki, insanlar daha çox TV-lərdə, filmlərdə gördükləri mənzərələri də öz həyatlarında təkrarlamaq istəyirlər. Məsələn, fast food şəbəkələrini reklam edən verilişlər, filmlər təhrikedici xarakter daşıyır.

Dietoloq Leyla Zülfüqarova ile ilgili görsel sonucu

Dietoloq Leyla Zülfüqarlı: “Fast foodlara milli alternativlər yaratmalıyıq”

Dietoloq Leyla Zülfüqarlı bildirdi ki, ümumiyyətlə, dünya ölkələri ilə  müqayisədə Azərbaycan fast fooddan istifadəyə görə birinci sıralarda deyil. Müsahibimizin sözlərinə görə, Amerika və Avropa ölkələrində bu qidalanma növünə daha çox əhəmiyyət verilir: “Amma son illər müəyyən yaş qrupunda bu qidalanma növündən istifadə edənlər çoxalıb. Dönər, şaurma, tantuni – insanlar üçün daha əlçatan qida növüdür. Həm tez hazırlanmasına, həm də qiymətinə görə. Tələbələr, məktəblilər, gənc ailələr onların əsas istifadəçiləridir ki, bu da 10-40 yaş arası aktiv qrup deməkdir. Üstəgəl, bu qidaların yanında enerji içkilərindən istifadə edirlər ki, bu da qəfil ölümlərə səbəb olur. Təbii ki, buna SOS deməliyik”.

Müsahibimiz hesab edir ki, bu cür qidalanmanın qarşısını almaq üçün alternativ qidalanma ortaya qoyulmalıdır. Dietoloqun dediyinə görə, Azərbaycanda istirahətin aktiv forması  təbiətdə bol-bol yeməkdir: “Bəzən də elə istirahət zamanı fast foodlardan çox istifadə edilir. Bizsə təklif edirik ki, bu zaman alternativ olaraq milli fast foodlarımızdan istifadə edək. Məsələn, az yağda hazırlanmış qutablar doğru alternativdir. Hətta yağsız halda bişirilməsi daha ideal olar. İkincisi, çörək içi sendviçlərin ev şəraitində hazırlanmasına üstünlük verilməlidir. Tostlar – çörək arası pendirlər uşaqlar üçün yaxşı alternativdir. Biz hər nə qədər insanlara daha çox meyvə-tərəvəz yeyilməsi ilə bağlı çağırışlar etsək də, onlar kalori dəyəri çox olan qidalara üstünük verirlər. Buna görə də ən uyğunu balıq-çörəkdir. Biz ”əti çörəklə yeməyin” desək də, müəyyən yaş qrupu üçün bu təklif keçərli olmur, onlar bunu həyata keçirmirlər. Amma indiki halda çörək-balıq daha doğrudur. Nəzərə alsaq ki, çörək-balığın hazırlanması zamanı işlənmiş ət məhsullarından istifadə edilmir, üstəlik, kalori dəyəri də aşağıdır, bu halda onu uyğun alternativ hesab edə bilərik. Təbii ki, düzgün hazırlanma yerində və qaydalara uyğun olarsa. Təzə tərəvəzlərdən də istifadə etmək olar”.

Dietoloqun fikrincə, alternativlər yerinə qoyularsa, fast food asılılığından qurtulmaq mümkündür. L.Zülfüqarova deyir ki, vaxtilə insanlar daha çox qəlyanaltı zamanı peraşkilərə üstünlük verirdi. Onların satışını həyata keçirən şirniyyat evləri vardı: “Amma tələbat get-gedə azaldı. İndi çayxanalar azalmaqda, koffe house-lar artmaqdadır. Çünki indi şəhərdə kofe içənlər çoxalır. Amma tələbatdan asılı olaraq təbliğatı qurmaq və düzgün yönləndirmə etmək lazımdır”.

 

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir