SEVGI

Gələn il evlənmək istəyənlərin işi lap çətin olacaq…

Baxış sayı: 1. 381

Azərbaycanda gələn ildən bir çox məhsulların, o cümlədən qızılın bahalaşacağı ilə bağlı məlumatlar yayılıb. Artıq şayiələrin paytaxtın əlvan metal bazarında qiymətlərin artmasına səbəb olduğu bildirilir. Şayiələrin yaranmasına səbəb isə qızılın dünya bazarında bahalaşacağı ilə bağlı nüfuzlu maliyyə qurumlarının ekspertləri tərəfindən irəli sürülən proqnozlardır.

Qızılın 2019-cu ildə bahalaşması ilə bağlı proqnozla Kanadanın ən böyük maliyyə qurumlarından olan “TD Securities”in əmtəə strategiyasının qlobal meneceri Bart Melek çıxış edib. Onun proqnozuna əsasən, bu ilin son rübündə qızılın qiyməti yüksəlməyə başlayacaq və gələn ilin son rübündə, təxminən, 1 375 dollar/unsiya təşkil edəcək.

Hazırda isə qızılın bir unsiyası orta hesabla 1 295 dollardır. Dollardakı bahalaşmadan mənfi təsirlənərək 2011-ci ilin aprelindən indiyədək, təqribən, 5% geriləyən qızılın İtaliyada siyasi gərginliyin və beynəlxalq ticarətə bağlı qeyri-müəyyənliyin aradan qaldırılması ilə birlikdə gələn ilin son rübündə 1400 dollar/unsiya ola biləcəyi də ehtimal olunur. B.Melekə əsasən, 2019-cu ildə ABŞ dolları müəyyən qədər zəifləyəcək.

Son bir neçə ayda dünya birjalarında qızılın qiymətində artım müşahidə olunsa da, iki gün əvvəl baş tutan hərraclarda bu əlvan metal cüzi ucuzlaşıb. Dekabrın 5-ə olan məlumata görə, qızılın qiyməti 0,01 faiz aşağı düşərək 1 unsiya üçün 1238,45 dollar təşkil edib.

 

Piştaxtalar da doludur, müştəri də

Bəs hazırda Bakının qızıl bazardakı vəziyyət necədir? Satıcılar növbəti ildə gözlənilən qiymət artımı ilə bağlı nə deyirlər? Bu barədə araşdırma aparmaq üçün paytaxtda nisbətən münasib qiymətlərlə qızıl satışına görə seçilən “Moskva” univermağına üz tutduq.

Alıcı sarıdan adətən korluq çəkməyən univermaqda indi də müştəri qıtlığı hiss olunmurdu. Qarşısı boş olan piştaxtalara ara-sıra rast gəlinir, amma onların da əksəriyyətində yüksək əyarlı və bahalı işləmələri olan qızıl məmulatları qoyulub. Nisbətən ucuzvə aşağı əyarlı qızıl-zinət əşyaları satılan piştaxtaların qarşısında isə əsasən sıxlıqdır.Dəstə ilə gələn alıcıların demək olar ki, hamısı toy üçün gəlinə qızıl bazarlığı edənlər idi.

 

Satıcılarla söhbətdən məlum olur ki, bazara qızıl Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya və az miqdarda Rusiyadan gətirilir. Əvvəlki illərdə müşahidə olunan alıcılıq qabiliyyətinə rast gəlinməsə də, qiymətlərin artması ilə bağlı proqnozlar satışı bir qədər sürətləndirilib. Amma sözsüz ki, müştərilər daha çox ucuz və keyfiyyətli mallara üstünlük verirlər.

Univermaqda 585 əyarlı qızılın qramı 55-60 manat arasında dəyişir. Ən çox müştəri də məhz bu əyarda olan qızıl üçün gəlir. Satıcılar bunu keyfiyyət meyarından əlavə həm də çeşidin çoxluğu ilə əlaqələndirirlər. Onların sözlərinə görə, Türkiyə qızıl istehsalında dünyada aparıcı dövlətlərdən biridir. Həm istehsal baxımından, həm də model baxımdan ixtisaslaşdığına görə, əksəriyyət bu əyarda qızıla üstünlük verir. Eyni əyarlı bəzi eksklüziv modellərin qramı isə 65 manat və daha baha qiymətə satılır. “Rus qızılı” kimi tanınan 583 əyarlı qızıl da elə türk qızılı ilə eyni qiymətə – 57-60 manat arası satılır. Bunlar adətən köhnə, illər əvvəl alınmış qızıl əşyalardır. Bəzi insanlar belə qızılların həvəskarı olduqlarından belə qızlları alırlar. 750 əyarlıq İtaliya qızılının bir qramı 70 manatdan başlayan qiymətlərə təklif olunur. Ən yüksək – 875 əyarlı ərəb qızılı isə 80 manatdan başlayır. Satıxılar deyirlər ki, bu əyardan olan qızıl-zinət əşyalarının üzərində xırda naxışlar və işləmələr çox olduğuna görə, qramının qiyməti çox vaxt 100 manatı da ötür.

 

“Toylar çox olanda müştərimiz də çox olur, olmasa…”

10 ilə yaxındır univermaqda qızıl ticarəti ilə məşğul olan Gülsüm xanım deyir ki, qiymətdəki artım artıq bir neçə aydır ki, gözlənilir. Satıcının sözlərinə görə, qiymət artımının olacağından ehtiyat edən müştərilər bazarlıqlarını tezləşdirirlər: “Əvvəl necə satmışıq, indi də elə satırıq. Hələ ki, elə bir qiymət artımı yoxdur. Amma deyirlər artım olacaq, biz də gözləyirik. Müştərilər də görünür bahalaşma xəbərini eşidib ilin axırına kimi bazarlıq etməyə tələsirlər”.

Qiymət artımından bazarda hamı xəbərdardır, amma nə qədər olacağını heç kim bilmir.

Həmsöhbətimiz deyir ki, univermaqda qızıl satışı toylardan asılıdır: “Toylar çox olanda bizim də alverimiz olur, olmayanda olmur. Təxminən 6-7 il əvvəllə müqayisədə alver yaxşı deyil, amma pis də demək olmaz. Toy üçün qızıl bazarlığına azı 3 min manat xərc çəkilir. Orta hesabla götürsək 4-5 min manatlıq qızıl alınır. Ondan çox alver nadir hallarda olur. İki ayda bir dəfə bir müştəriyə 10 min manatlıq qızıl satanda sevinirik”, – deyə satıcı qeyd edir.

 

“Bu bahalaşmanın 1-2 qızıl əşya alan müştəriyə dəxli yoxdur”

Bazarda ən çox satılan isə çəkisi az olan sadə üzüklərdir. Qiyməti isə təxminən 150-200 manat arasında dəyişir. Nişan üzükləri 600-700 manatdan başlayır. Bu əlbəttə ki, üzüyün etiketində yazılan qiymət deyil. Satıcılar deyirlər ki, 1700, 2000 və daha baha qiymət yazdıqları üzükləri təxminən yarıbayarı qiymətə satırlar.

Digər satıcı Yaşar Şükürov isə deyir ki, qızıl bazarındakı son bahalaşma o qədər də yüksək olmadığından onun bir neçə kiçik qızıl əşya alan müştərilərə dəxli yoxdur:“Son bir neçə ayda qızılın qiymətində bahalaşma var, amma bu çox cüzi bahalaşmadır. Əgər kilo ilə alınsa hiss olunar, bir və ya bir neçə kiçik qızıl əşya alan müştəri üçün bu elə böyük məbləğ deyil. Bir qramda bu təxminən 50 qəpik fərq edə bilər”.

 

Univermaqda qramı az olan qızıl əşyalar çoxalıb

“Ucuz o demək deyil ki, keyfiyyətsizdir. Burada heç kim qızıla dəmir qatıb satmır. Sadəcə, qramı az olan mallar çoxalıb. Bəzən deyirlər ki, aldıq əyildi. Biz onlara izah edirik ki, 4 qramlıq üzüyün qalınlığı, dözümlülüyü, keyfiyyəti ilə 2 qramlıq üzüyün dözümlülüyü eyni ola bilməz. Tələbat nəyə var, onu gətiririk. 4-5 il bundan əvvəl ən kiçik üzüyümüz 4 qram olurdusa indi 1 qramlıq üzüklər də var. Bu üzükləri də gərək ehtiyatla taxasan ki qırılmasın”, – deyə satıcı Fərid Alıcanov deyir.

 

Qızıl bahalaşacaq – dünyada 7 faiz, Azərbaycanda 9 faizdən çox – ekspert

Qızılın qiymətinin gələn ildən artacağı ilə bağlı ehtimalları ekspertlər də təsdiqləyirlər.

İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, dünya bazarında qızılın qiymətində artım yerli bazardakı qiymətləri diktə edəcək. Bunun səbəbi isə Azərbaycanın qızıl məmulatlarının 90 faizindən çoxunu xarici ölkələrdən idxal etməsi ilə bağlıdır:

“Biz qızılı daha çox Rusiya, Türkiyə, BƏƏ və İtaliyadan alırıq. Bu ölkələrdə qızılın qiyməti də dünya birjalarında qızılın qiymətindəki dəyişikliklərə uyğun olaraq dəyişir. O baxımdan 2019-cu ildə qızılın qiyməti yalnız qızıl bazarında deyil, həm də digər bazarlarda qiymətlərdən asılı olacaq. Məncə, qızılın qiymətinin artacağı ilə bağlı proqnozların səbəblərindən biri ondan ibarətdir ki, əgər neft bazarında qiymət azalmaılaraı baş verərsə, neft bazarında olan investorların bir qismi öz məhsullarını qızılda saxlamağa üstünlük verəcəklər. Eyni zamanda, qlobal ticarət müharibələri, xüsusən, ABŞ-la Çin arasında münaqişə dərinləşərsə, qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin yaranmasına, investorların qızıla üstünlük verməsinə gətirib çıxara bilər. Qızılın qiyməti sözügedən senarilərin hansı dərinlikdə reallaşmasından asılı olacaq”.

Ekspert deyir ki, sözsüz ki, 2019-cu ildə qızılın qiymətində alxma baş verəcəksə, nəticə etibarı ilə Azərbaycan bazarında qiymət artımının olacağı gözlənilir: “Bizim apardığımız monitorinqlər göstərir ki, Azərbaycan bazarının qiymət artımları dünya bazarındakı artımlardan daha çox olur. Çox təəssüf ki, bizdə iş adamları dünya bazarındakı artımlardan daha çox artımlara gedirlər və çox gəlir əldə etməyə çalışırlar. Qlobal ticarət müharibəsi dərinləşərsə növbəti dövrlərdə qızılın qiymətinin dünyada təqribən 7 faiz artmasına gətirib çıxara bilər. Azərbaycanda isə bu məbləğ 9 faizdən daha çox olacaq”.(modern.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir