gelin

“Gəlin, toyun mübarək”: Onları bəzəmək neçəyə başa gəlir?

Baxış sayı: 825

“Keçən il toya hazırlaşırdım. Gedib gəlinliyimi də, toy edəcəyimiz məkanı da danışmışdıq. Sonra karantinə görə qaldı. İndi xəbəri eşidən kimi gedib danışdıq təzədən. Qiymətlər od tutub yanır sanki. Çox bahalaşıb”.   

Toyuna sayılı günlər qalan Səlimə Əzizova danışır bunları. Gəlin olmağa hazırlaşan Səlimə deyir ki, toyun həyəcanı bir tərəfdən, qiymətlərin yüksəkliyi də digər tərəfdən ona sıxıntı verir.

İyulun birindən toyların keçirilməsinə icazə verildi. Amma nəzərə alaq ki, toy edəcək şəxslərin vaxtı olduqca məhduddur. Çünki avqust ayında da məhərrəmlik ayı başlayır. Gərək gənc cütlüklər bu bir ay müddətində toylarını etsinlər.  Elə buna görə də artıq istər gözəllik salonlarında, istər gəlinlik mağazalarında, istərsə də şadlıq saraylarında bir sıxlıq yaranıb.

Biz də elə həmin məkanlara üz tutaraq vəziyyətin necə olduğuna şahid olmaq və qiymətlərin bahalaşma səbəblərini öyrənmək istədik.

Stilist- vizajist Günay Mustafa deyir ki, müraciət edən gəlinlərin sayı çoxalıb.

“Karantin dövrünə nisbətən artım çoxdur. Demək olar ki, boş günümüz qalmayıb. Qiymətlərimizdə isə dəyişiklik yoxdur. Pandemiya davam etdiyinə görə, bahalaşma etmədik”.

Bəzi məkanlarda hətta xüsusi kampaniyalar da təşkil edirlər. Məsələn, saç düzümü, makiyaj, manikür şellak, pedikür, üz-qaş birlikdə 150 manatadı. Amma bir çox məkanlarda sadəcə saç düzümü və makiyaj bu qiymətə təklif olunur.

Gəlinliklərə gəldikdə isə qiymətlər 250 manatdan başlayır. Gəlinliklərin tikişi ilə məşğul olan dərzi Sevda Mürsəlova deyir ki, hələlik qiymətlərdə bahalaşma yoxdur.

“Gəlinliyi ilk geyən şəxs siz olmaq istəyirsinizsə, o zaman 500 manatınızdan keçməlisiniz.  Əlbəttə, gəlinliklərin qiyməti burada dayanmır. Hazırlandığı parçadan, modeldən və istifadə olunan qaşlardan asılı olaraq qiymətlər artır. Yeni modellərimiz də var. Toya hazırlaşan gəlinlərimiz hansı formada istəyirsə, o cür tikirik. Ona uyğun olaraq da qiymət təyin olunur”.

Hə, geriyə qaldı fotosessiya. Fotoqraf Rauf Babayev deyir ki, fotosessiyanın qiyməti cütlüklərin istəklərindən asılı olaraq dəyişir.

“Qiymətlər 300 manatdan başlayır. Cütlüklər necə bir şey istədiklərini və fotosessiyanın olacağı məkanları seçirlər. Ona görə qiymətdə dəyişiklik də olur. Toyların başlaması ilə əlaqədar olaraq qiymətdə hər hansı dəyişiklik yoxdur. Çünki biz fotoqrafların işi elə pandemiyada da var idi. Bir çox cütlük evləndi. Toy edə bilməsələr də, bir çox məkanlarda fotosessiyalarını etdirdilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir