gunes vannasi

Günəşdən qorxmayın: günəşlənməyin inanılmaz faydaları

Baxış sayı: 2. 672

“Günəş vannası qəbul etmək insan sağlamlığına yaxşı təsir göstərir. Orqanizmə D vitamini verir. Dərinin qəbul etdiyi kalsium maddəsi metabolizm və immunitet sistemi üçün faydalı olduğu üçün yay fəslində günəşlənmək faydalıdır. Lakin düzgün günəşlənmək lazımdır, əks halda bu, bir sıra problemlərə və xəstəliklərə yol aça bilər”.

Bu barədə ailem.az-a həkim-kosmetoloq Xariqə Quliyeva bildirib. Onun sözlərinə görə, günəş vannası qəbul etdikdə orqanizmin derma adlanan dəri qatındakı hüceyrələrin kimyəvi tərkibinin dəyişməsi ilə bədən qaralır. Bu hüceyrələr günəşdən gələn ultrabənövşəyi şüaların təsiri altında qaldıqda melanin adlanan tünd rəngli maddələrin miqdarını artırır: “Günəş vannası qəbul edərkən dərimizin rəngi qaralır. Əslində, bu qaralmanın səbəbi dərini ultrabənövşəyi şüaların təhlükələrindən qorumaqdır. Çünki melanin ultrabənövşəyi şüaları udur. Ancaq dəri günəşin altında çox qalsa, bu qoruma da kifayət qədər olmaz. Dərimizin rəngi qaralmış, yəni üstü melaninlə örtülmüş olsa belə, yenə ultrabənövşəyi şüaların bir qismi dərinin daxilinə girməyə davam edir. Dərinin artıq dərəcədə ultrabənövşəyi şüalarını qəbul etməsi isə dəri xərçəngi xəstəliyinə gətirib çıxarır. Hər il bu xəstəliyə yarım milyon insan tutulmaqda və xüsusi ilə də, gənclər arasında geniş yayılmaqdadır”.

X.Quliyeva bildirib ki, alimlər günəş vannasının qadınları cavan saxladığını və ömürlərini uzatdığını sübut edib: “Mütəxəssislər bildirir ki, günəş şüalarının orqanizmə verdiyi D vitamini məhz hüceyrələri qocalmaqdan qoruyur. Günəş şüasının çatışmaması isə insanda böyrək çatışmazlığına, faringitə və bir sıra digər xəstəliklərə səbəb ola bilər.

İsveçli alimlərinə fikrinə görə, günəş qadınlarda ölüm riskini azaldır. Onlar 30 min qadını 20 il müddətində izləyiblər. Ortaya bildiklərimizin əksini iddia edən bir nəticə çıxıb. Araşdırmaya görə, günəşdən qaçmaq qadınlarda ölüm riskini artırır. Heç günəş vannası qəbul etməyənlərin ölüm riskinin günəş vannası qəbul edənlərə görə 2 qat daha çox olduğu təsbit edilib. Mütəxəssislər səbəbin D vitamini əskikliyi ola biləcəyini ifadə edirlər”.

Günəşlənərkən lazımi prosedurlara əməl etməyin vacib olduğunu deyən həkim-kosmetoloq bildirib ki, günəş losyonlarına diqqət yetirmək vacibdir: “Bəzi günəş losyonları vücüdun D vitamini çıxarmasına qarşı təsir edir. Lazımi miqdarda D vitamini ala bilməyən bədən, kalsium ehtiyacını sümüklərdən qarşılamağa çalışır. Əgər alınan kalsiumun yeri bərpa olunmazsa, bu vəziyyət sümüklərin zəifləməsinə səbəb ola bilər. Bu baxımdan bədəni kafi ölçüdə günəşləndirmək belə yetərlidir”.

X.Quliyeva qeyd edib ki, günəş şüalarının zəif gəldiyi saatlarda günəşlənmək və qəbul edilən qidalara da diqqət yetirilməsi məsləhətdir. Onun sözlərinə görə, günəş vannası qəbul edərkən dərini yanmadan qoruyan losyonlardan və digər qoruyucu vasitələrdən istifadə edilməlidir. İstəyə uyğun olaraq ilk gün 5 dəqiqə, ertəsi gün 10 dəqiqə və irəli günlərdə yarım saata qədər günəş vannası qəbul etmək məsləhətdir: “Həmçinin, günəş vannası qəbul etmək doğru zamanda edildiyində və doğru qidalar seçildiyində bədən üçün çox faydalıdır. D vitamininin ifraz olunmasına kömək edən günəş şüalarının sümük inkişafı və güclənməsinə də ciddi təsirləri olar. Günəş vannası qəbul etməzdən əvvəl çox ağır qida qəbul edilməməli, daha çox maye alışı olmalıdır. Xüsusilə günəş vannası qəbul etmə ilə itirilən mayenin bədəndə yerinə geri qoyulması üçün əlavə bir litr su içməlisiniz. Buna əlavə olaraq, günəş vannası qəbul etməyin əsl məqsədi olan bürüncləşməyi daha yaxşı təmin etmək üçün günəş vannası qəbul etməzdən 15 dəqiqə əvvəl kök suyu içmək olar. Piqmentlərə təsir edən kök suyu daha bürünc bir bədən üçün əhəmiyyətlidir”.

Həkim-kosmetoloq onu da əlavə edib ki, günəşdən qoruyucu məhsullar günəşə çıxmadan 20-30 dəqiqə əvvəl tətbiq olunmalı və günəşə çıxmadan mütləq təkrar edilməlidir.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir