Uzeyir Sefiyev

İnsanları peşə seçimində nə motivasiya edir - maraq, yoxsa qazanc?

Baxış sayı: 546

İnsanın peşə seçiminə təsir edən əsas meyar nədir – maraq, yoxsa qazanc? Müasir dövrdə bir çox insan sevdiyi işi deyil, daha çox gəlir gətirən peşəni seçməyə üstünlük verir. Bu səbəbdən də cəmiyyətdə tez-tez “pul qazandırmayan iş dəyərsizdir” düşüncəsi ilə qarşılaşmaq olur. Bəs həqiqətənmi insanın məşğul olduğu peşənin dəyəri yalnız qazancı ilə ölçülməlidir?

İnsanları pullarına görə dəyərləndiririk?

İnsan niyə maddi uğura bu qədər önəm verir?

Bu barədə danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, ilk baxışda insanlar məcburdur ki, yaşamaq üçün hansısa bir sahədə çalışsın: “İnsanlar hər hansı bir işlə ya hobbi kimi məşğul olur, ya da yaşamaq üçün vasitə, qazanc və gəlir əldə etmək məqsədilə məşğul olurlar. Yəni insanı hər hansı bir peşə ilə məşğul olmağa motivasiya edən müəyyən səbəblər olur. Bu səbəblər fərqli ola bilər.

Kimi başqa sahədə çalışa bilər, amma hobbi kimi tamam başqa bir peşəyə marağı var. Amma axı insan bu həyatda yaşamalıdır və yaşaması üçün hansısa bir sahədə peşəkar olmalıdır, o sahənin adamı olmalıdır. Bəzən olur ki, insanın elə sevdiyi sahə onun peşə ixtisası ilə üst-üstə düşür, yəni onunla həm hobbi kimi məşğul olur, həm də qazanc əldə edir. Bu peşə onu yaşadır. Elə insanlar da var ki, istəmədiyi sahədə çalışır, ancaq başqa bir sahəyə, peşəyə marağı var. Həmin peşə ilə də hobbi kimi məşğul olur. Bunlar fərqli şeylərdir. Ona görə ilk baxışda insanlar məcburdur ki, yaşamaq üçün hansısa bir sahədə çalışsın- bu sahə onun sevdiyi və sevmədiyi sahə də ola bilər”.

Üzeyir Şəfiyevin sözlərinə görə, insanlar seçdikləri iş az gəlir gətirsə belə, həmin sahəni sevir və onunla sanki nəfəs alırlar: “Bu baxımdan bəzən insan bir sahəyə maraq göstərir. Xüsusilə də həmin sahəyə marağı və meyli olur. Amma onu bu sahədən çəkindirməyə çalışırlar ki, bu sahə gəlir gətirən sahə deyil. Belə olan halda sual yaranır ki, niyə insanda məhz bu peşəyə maraq yaranır? Bu da mümkündür. Adətən valideynləri, dostları və ya yaxınları ona izah etməyə çalışırlar ki, bu sahə gəlir gətirmir, onun əvəzinə başqa sahəni seçsin. Onlar bunu da həmin insanın yaxşılığını istədikləri üçün deyirlər. Amma elə insanlar da var ki, seçdikləri iş az gəlir gətirsə belə, həmin sahəni sevir və onunla sanki nəfəs alırlar. Bu, insanın peşəsinə olan məhəbbətinin onu fədakarlığa sövq etməsi ilə bağlıdır. Belə insanlar da var. Amma əksər insanlar bu və ya digər peşə fəaliyyəti ilə daha yaxşı yaşamaq, həyatını rifahlı qurmaq məqsədilə məşğul olmağa meyillənirlər. Ona görə də bu, insanların fərqli seçimidir və məncə, buna normal yanaşmaq lazımdır”.

Üzeyir Şəfiyev əlavə edib: “Hər halda insan sevdiyi peşə ilə məşğul olsa, daha böyük səmərə əldə edər. Nəinki bəzən yalnız pula görə sevmədiyi işlə məşğul olsun.

Əlbəttə, bu onun üçün müəyyən qədər çətin olur. Çünki onun sevdiyi sahə, sevdiyi peşə başqa olur. O zaman məcbur olub həmin sahə ilə yalnız hobbi kimi məşğul olsun”.

 

Günel Həsənova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir