sortik

Kəndə gedirik, ya Həccə? – Şortikli turist

Baxış sayı: 476

Adətən başqa ölkələrə səfərlərə hazırlaşanda internetdə bir balaca axtarış edib, yerli xalqın adət-ənənələri ilə tanış olursan ki, yabançılıq çəkməyəsən. Oları-olmazı biləsən, harada nə yeyib-içəcəyini öyrənəsən, ən azından qayda-qanunu pozub səyahət əvəzinə həbsxana divarları arasına düşməyəsən. İndi eyni ekzotikanı öz ölkəmizdə də yaşamaq mümkündür. Burdan gedərsən hansısa rayona istirahətə, düşərsən qalmaqala. Necə deyərlər gedərsən kabab iyinə, görərsən ki, eşşək dağlayırmışlar.

Yay gələn kimi bizim millətin “şortik məsələsi” aktuallıq qazanır, dönüb olur milli məsələ. Camaatımız şortikə göstərdiyi həssaslığı elmi, texniki tərəqqiyə, sosial problemlərin həllinə göstərsəydi indi Yaponiya, Almaniya, İsveç bizə həsəd aparardı.

Şortik bizdə bütün dövrlərin əxlaq göstəricisi olub və olmaqdadır. İnsafən Azərbaycan kişiləri şortiki adətən dizdən aşağı geyinirlər,  açıq-saçıq görünmür. Kənddə istidə elə kişilər də şalvarların balaqlarını çırmalayıb belə gəzirlər. Birininki “zavodskoy” şortikdi, o birininki əldəqayırma. Di gəl birincinin geyinilməsi ən müxtəlif dairələrdə söz-bezlə qarşılanır.

2017-ci ildə Novxanı çimərliyindəki  “Amore” restoranı müştərilərə şortiklə giriş qadağan etmişdi. Yay fəslində, turistlərin axın etdiyi tanınmış məkanda içəri yalnız “ədəbli” paltarda girmək olarmış. Beləliklə çimərliyə kostyum və qalstukda getmək də bizimkilərin icadı olaraq düşdü moda dünyasına.

Başqalarının geyiminə qarışmaq ənənəsi yalnız kənddədir demək bir az kəndliyə haqsızlıq olardı. Ən qədim və ən böyük mədəniyyət ocağımızda da bu məsələ müzakirə və qalmaqallara səbəb olursa kənddəki kişilərə nə deyəsən?

2017-ci ildə Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovanı şortik geyinməsinə “Məleykə, belə şəkillərlə özünü biabır etmə. İlk növbədə özünü yox, sənə verilən o fəxri adı və teatr kollektivini düşün” şəklində reaksiya vermişdi .

2020-ci ildə sürücülük vəsiqəsi imtahanına şortik geyinib gedən kişini imtahana buraxmamışdılar, rəsmi açıqlama kimi “Qadınlar “prava” imtahanına şortiklə girə bilər, kişilər isə yox!” deyilmişdi.

Lökbatandakı “Meyvəli” bazarına kişilərin şortiklə girişinə qoyulan yasağı anlamağa da ağlın gücü yetmir. Bazarın direktoru Anar Novruzov mediaya verdiyi açıqlamada bildirib ki, bazar ictimai yer olduğundan belə geyimlə bura gəlmək yolverilməzdir:

“Bəzən çimərlik paltarında bazara gəlirlər. Belə hal yolverilməzdir. Azərbaycanlıyıq, hamımızın anası-bacısı gəlir bazara. Kiminsə elə geyinməsi yaxşı hal deyil. Dənizdən alt paltarında çıxıb, bura gələnlərin qarşısını almaq üçün bu bildirişi asmışıq. Elə də ciddi məsələ deyil”.

Direktor şortiki alt paltarı bilir və əynində şortik görülən hər kişini dənizdən çıxıb  bazara gələn zənn edirmiş. Maraqlı düşüncədir.

Bu günlərdə İsmayıllıda sakinlər şortik geyinən turistlə davaya çıxıblar. Yenə də məlum söhbət ortaya çıxıb. “Xalqın anası-bacısı var”. Bu ana-bacı sanki təkcə bu qadağanı qoyan kişilərdə var ha, qalan hamının yalnız atası və qardaşı olur.

Allah gözəl təbiət verdiyi rayonlarımıza bir də əlavə qazanc mənbəyi, bir əlavə bərəkət də verib. Turist axını. Şükr etmək əvəzinə, gələnə-gedənə sifət eləmək işıq gələn yerə barmaq tıxamaq kimi bir şeydir. Dünyada yalnız turizm gəlirləri hesabına yaşayan ölkələr var. Şirin dil, gözəl xidmət hesabına elə edirlər gələn qonaq bir də gəlir, servis bahalı olsa da şirin dillə elə yola salırlar verdiyin pula da heyfin gəlmir. Rahatlıq, hüzur, azadlıq tapdığı yerə insan niyə təkrar gəlməsin və ya əksinə narazı qalıb, qalmaqala düşəcəyi yerə niyə getsin? Buna deyərlər puluyla rəzil olmaq.

Bizdə gah şəhərdən gələn avtomobillərin yolunu kəsirlər, gah gələn qonaqlara namus qeyrət-dərsi verirlər, gah kişilərə şortik, qadınlara mini ətək moizəsi oxuyurlar. Atam balası, adam Məkkəyə Ümrə, Həcc ziyarətinə getməyib, doğma torpağında 2-3 gün, hətta bəlkə bir neçə saat dincəlmək istəyib. Vətən sənin olduğu kimi, həm də onundur, vətənin o başı bu başı olmur. Bəzi “çoxbilən oğlanların”ın özlərinin dediyi kimi gələni-gedəni iynələmək hoqqabazlığı turizm sektorunun qapısına yekə bir paz çalmaqdır. Kəndin öz qayda-qanunları var, bu anlaşılandır, amma kənddə oturan və orta əsrlər düşüncəsiylə yaşayıb hamını öz qanunlarına tabe etmək istəyənlərin  arzularına qalsa, gərək nə inkişaf ola, nə də tərəqqi. Beynəlxalq turizmi onların idarəçiliyinəmi buraxaq? Dünyanı hərə öz bildiyi səviyyədə tanıyır. Qartal yer üzünə zirvələrdən baxır, barama qurdu barama deşiyinin içindən. Bu dünyaya mağara təsəvvürü ilə gəlib-gedənlər də oldu, onlardan qalan çürük qanunlara görə tonqalda yandırılan işıqlı beyinlər də. Mən dəyişmərəm deyən insan bir az dəlidir. Dünya dəyişir, yaşam dəyişir, şərtlər, standartlar da dəyişir.

“Kişilər 4 arvad ala bilər”, “Kişi arvadı sevər də, söyər də”, “kişinin ara sıra “şuluqluqları” ola bilər, əsas qadın etməsin, günahdır, etsə öldürülməlidir” qanunlarının  hökm sürdüyü düşüncələrdə narkoman, alkoqolik, ailəsini səfil-süfyan edən avara kişi sayılır, şortik  geyinən elm adamı, dünyanı gəzib görmüş müasir düşüncəli adam biqeyrət?

Qarabağ probleminin yeni yaranan dönəmləri idi. Aləm bir-birinə dəyib. O vaxtkı rəhbər Əbdürrəhman Vəzirov  kəndlərdən birinə səfər eləyib. Camaat nədən danışır bu nədən. Deyir indi kənddə əsas məsələ hamam məsələsidir. Gəldi yadıma hardan düşdü bilmirəm. Ruhu şad olsun kişinin, daha kəndə hamam məsələsi qalmayıb. Kənd indi yeni məsələylə əlləşir. Kənddə indi əsas məsələ şortik məsələsidir…

 

İlhamə Həkmoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir