tv

Karantin müddətini necə düzgün dəyərləndirək?

Baxış sayı: 982

Bir neçə aydır ki, dünyanı cənginə alan koronavirusa görə artıq dünyanın bir çox ölkələrində karantin şəraiti elan edilib. Bildirilib ki, məcbur qalmadıqları surətdə insanlar evlərindən çölə çıxmasınlar. Bu tədbirlər, təbii ki, ilk olaraq insanların sağlamlığı, həm də virusun yayılma arealının genişlənməsinin qarşısını almaq üçün həyata keçirilir.

Ölkəmizdə də bir müddətdir ki, karantin vəziyyəti hökm sürür. Bir sıra yerlərdə əmək fəaliyyəti dayandırılıb, bəzilərində isə işlər evdən idarə olunur. Demək olar ki, bütün kütləvi informasiya vasitələri, rəsmi şəxslər “evdə qal” şüarı ilə çıxış edərək, insanları evlərində qalmağa və özlərini qorumağa səsləyir. Bütünlüklə də olmasa, əksəriyyətimiz qeyd edilən şərtlərə əməl edirik. Evdə qalaraq həm özümüzü, həm də yaxınlarımızı qorumağa çalışırıq. Amma bir məqam var ki, onu gözardı etmək olmaz. Mövcud vəziyyətdə evdə oturmaq insanlara müəyyən qədər də olsa, həm sosial, həm də psixoloji olaraq təsir edir. Bunu sosial mediada paylaşılan statuslardan da açıq-aydın görmək  mümkündür. Xüsusilə də adi vaxtlarda dinamik rejimlə işləyən, aktiv sosial həyatı olan şəxslər üçün evdə oturmaq daha çətindir. Təbii ki, mövzu sağlamlığımızdırsa, məsələyə başdansovdu yanaşmaq olmaz. Amma evdə sıxılmamaq da əldə deyil. Ona görə də bu dəfə mütəxəssislərlə əlaqə saxlayıb, karantin vəziyyətinin insanların sosial, psixoloji durumuna təsirləri və mövcud vəziyyətdən yararlanmaq, onu öz lehimizə çevirmək yolları barədə danışdıq.

Psixoloq Gülnar Orucova bildirir ki, insanlarda psixoloji gərginliklər mövcuddur: “Hazırda insanlarda qoyulmuş qadağalara qarşı etiraz, aqressiya, qaydalara əməl etməmək, karantin rejimini pozmaq hallarına rast gəlirik. Təbii ki, qoyulan qadağalar, tətbiq edilən rejim bizim sağlamlığımız üçündür. İnsanlar bu karantin günlərini yanlış qiymətləndirirlər. Belə ki, çoxdandır görmədikləri qohumlarını görməyə gedirlər, etmədikləri işləri edirlər. Bu, isə düzgün deyil, vəziyyətin ciddiliyini anlayaraq evdə oturmalıdırlar. Nə qonaq getmək, nə də çöldə başqa bir iş görmək olar. Yaxşı olardı ki, evdə oturaraq asudə vaxtlarını daha səmərəli şəkildə keçirsinlər. Ən əsası, bu günlərdən istifadə edib yuxu rejimlərinin pozulmasına icazə verməsinlər, rejimi əvvəlki qaydada saxlamaq ən vacibidir. Hər gün eyni vaxtda yatıb, eyni vaxtda durmaq lazımdır. Karantin şəraiti olsa belə, yuxu rejiminiz normal qaydada davam etməlidir. Digər tərəfdən, bu müddətdən istifadə edərək özlərində yeni bacarıqlar kəşf edə bilərlər. Mən şəxsən sosial şəbəkədən izləyirəm, dostluğumda olanların bir çoxu yeni qabiliyyətləri haqqında yazırlar. Bu cür bacarıqların ortaya çıxması onlara da müsbət təsir edir. Bundan başqa, idmanla məşğul ola bilərlər. Xüsusilə də xanımlar evdə oturduqlarından, kilo almalarından şikayətlənirlər. Karantində olduqları müddətdə gündə bir neçə dəfə idman etsələr, çəki artımı baş verməz. Valideynlər yaxşı olar ki, uşaqları ilə birlikdə vaxt keçirsinlər. Birlikdə oyunlar oynayıb, dərs oxusunlar. Çoxdandır ki, danışmadıqları tanışları, qohumları ilə virtual da olsa, əlaqə qursunlar”.

Sosioloq Lalə Mehralı qeyd edir ki, karantin müddəti müvəqqəti olduğu üçün insanlar bu zamanı doğru dəyərləndirməlidirlər: “Məncə, bu vəziyyət kişilərin qadınları anlaması üçün çox yaxşı fürsət oldu. Xüsusilə də bütün günü evdə oturan, sosial çevrəsi elə də geniş olmayan xanımların necə bir həyat şəraitində yaşadığına bələd oldular. Həmçinin biz qonaqpərvər millətik, qonaq getməyi, qarşılamağı çox sevirik. Ona görə də karantin şəraitində bütün günü evdə oturmaq insanlarımızın sıxılmağına səbəb olur. Amma bunu öz lehimizə çevirə bilərik. Özümüzə yeni məşğuliyyətlər tapıb, övladlarımızla daha çox vaxt keçirək. Ətrafımda həmişə vaxt qıtlığından deyinən insanlar olurdu. Kitab oxumağa, filmə baxmağa və ya istədiyi başqa bir məşğuliyyətə vaxt tapmadıqlarını deyirdilər. İndiki vəziyyət onlar üçün böyük fürsətdir. Yəni, bu karantin şəraiti bir müddətlikdir, sonra yenidən əvvəlki qızğın iş şəraitinə dönəcəyik. Ona görə yaxşı olar ki, bu zamanı doğru dəyərləndirsinlər”.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir