Kişilərin əlləri onların xarakterini ortaya qoya bilərmi?

Baxış sayı: 1. 505

Əksər qadınların xasiyyətini qısa müddət ərzində müəyyən psixoloji məqamlara fikir verməklə öyrənmək olsa da, kişilər, xüsusilə də, az danışanlar əks cinsin nümayəndəsi üçün oxunmamış kitab kimi qalır. Qadınlar kişilərə nisbətən daha çox danışdığı, emosiyalarını gizlədə bilmədikləri üçün onları tanımaq daha asan olur. Lakin bir sıra psixoloji sirrləri bilməklə kişiləri ilk baxışdan oxumaq olar.

Psixoloq Elnurə Bağırovanın sözlərinə görə, belə psixoloji sirlərdən biri kişilərin əl və əl hərəkətlərinə baxaraq onları tanımaqdır. Bu üsulu xüsusilə də, qısa müddət ərzində kişinin xasiyyətini öyrənmək üçün əvəzsiz sayan psixoloq bildirir ki, kişilərin jestləri söhbət zamanı onun nə hissləri keçirdiyini və həmsöhbətinə qarşı münasibəti də göstərir. “Məsələn, əgər kişi bütün söhbət zamanı əlini belinin arxasına qoyur və sanki qarşı tərəfdən gizlədirsə, bu, onun özünə əmin olmadığını göstərir”.

E.Bağırova bildirib ki, dizinin üstünə qoyulmuş əllər kişinin nəsə haqda dərin düşüncəyə qapıldığını və yorğun olduğunu göstərir: Bir-birinin üstünə qoyulmuş əllər kişinin şüuraltı olaraq həmsöhbətindən qorunduğunan xəbər verir. Bu, söhbət etdiyi insanın öz daxili aləminə buraxmaq istəməməsinə bir işarə də ola bilər. Bəzi belə insanlar qapalı olur və hər adamla şəxsi münasibət qurmurlar.

Söhbət etdiyiniz kişi əllərini qoymağa yer tapmırsa, tez-tez əllərinin vəziyyətini dəyişirsə, ovuclarını bir-birinə sürtürsə, çox əsəbidir və narahatdır. “Bu, şəxsin dərdli bir insan olduğunu da göstərir. Ola bilsin ki, söhbət zamanı onun bütün fikri problemi ilə bağlıdır”.

Müsahibimizin sözlərinə görə, əllərin quruluşu da kişini büruzə verir. Belə ki, bel və ya trapesiya formasında olan əl sahibinin qətiyyətli, sadiq, enerjili olduğundan xəbər verir. Uzun və nazik barmaqların sahibi çox yaradıcı insandır. Gözəllik və incəsənətdən zövq alır.

Kişinin əli möhkəmdirsə, enerjili və işgüzardır. Nəyisə istədisə, nəsə beyninə düşdüsə, onu mütləq etməlidir. Geri çəkilməyi qəbul etmir. Alınmasa belə axıra kimi gedir. Bu xüsusiyyətinə görə istədiklərinə nail ola bilir.

Yumşaq əllər insanın ağıllı və həssas olduğunu göstərir. Zərif əllər sahibinin ağır və ciddi iş görə bilməməsindən xəbər verir. Belə kişilər tənbəl və əzgin olur. Qaydalara və səliqəyə riayət etmir, işdə uğurlar qazana bilmir.

Barmaqların formasına görə də kişinin xasiyyətini öyrənmək olar. Belə ki, E.Bağırovanın dediyinə görə, barmaqların uc hissəsi üçbucaq formada olan kişilərdə mükəmməlçiliyə meyl olur. Onlar həssaslığı və dinar olmaları ilə seçilir.

Dördkünc formalı barmaqların sahibi səliqəli və əxlaqlı olur. Maddi dəyərlərə önəm verir.

Xarakterin müəyyənləşdirilməsində barmaqların uzunluğu da rol oynayır. Əgər göstərici barmaq adsız barmaqdan qısadırsa, sahibi harizmatik və cazibədardır. Belə adamlarla ünsiyyət qurmaq maraqlı olur. Onlar riskə meylli olur və məsuliyyəti öz üzərinə götürə bilir.

Əgər göstərici barmaq adsız barmaqdan daha uzundursa, sahibi özündən əmindir. Belə kişilər tənhalığı xoşlayır. Onları əhəmiyyətsiz məsələlərə görə narahat edəndə qıcıqlanırlar.

Əgər adsız və göstərici barmaq eyni uzunluqdadırsa, belə kişilər mehriban və xeyirxah olur. Konfliktli hadisələrdən qaçırlar. Onların əsəbiləşməsi üçün ciddi nəsə baş verməlidir.

Psixoloqun dediyinə görə, barmaqlarla yanaşı dırnaqlar da kişinin xasiyyətini göstərir: “Oval dırnaqlar sahibinin üzüyola olduğuna işarə edir. Dördkünc və yastı dırnaqları kişinin utancaq olduğunu bildirir. Sadəcə yastı dırnaqları olan kişilərsə əsəbidir. Dırnaqları dar olan kişilərdə pisliyə meyllilik olur. Çox dar, səliqəli, gözəl dırnaqlarsa şəxsin həssas və kübar olduğunu göstərir. Bir növ basılmış yastı dırnaqlar da kişinin həssas, emosional olduğuna işarə edir”.

Bağırova bildirib ki, bəzi kişilərin dırnaqları qırışlı, çıxıntılı olur: “Belə dırnaqlar sahibinin zəif olduğundan xəbər verir. Kənarları dişlənmiş dırnaqlar kişinin iradə zəifliyini, əsəbiliyini, gizli fəaliyyətinin olduğunu göstərir”.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir