usaq

Lağ eləməyin, həvəsləndirin

Baxış sayı: 1. 463

Tərbiyə o qədər həssas məsələdir ki, gərək hər şeyi incəliyinə qədər ölçüb-biçəsən.  Birisi fərəhlə sənin üstünə qaçır, nəsə yaxşı bir iş görüb və heç olmasa, xoş bir sözlə mükafat istəyir. Gərək onu başa düşəsən, qəlbini qırmadan, gördüyü işi gözdən salmadan qarşılaya biləsən. Xüsusilə də, uşaqlarda bu hallar tez-tez baş verir. Əgər məktəbdən sevincək dönübsə, siz onu daha da həvəsləndirməlisiniz. Bir də görürsən ki, rəsm dərsində ev şəkli çəkib, amma ədalətlə baxsan, çəkdiyi heç evə də oxşamır. Lağ edib qəlbini qırsanız, uşaq heç vaxt sizin bu davranışınızı unutmayacaq və “qisas” almaq üçün məqam gözləyəcək. Ona görə də onu mümkün qədər həvəsləndirmək lazımdır ki, daha gözəl şəkil çəksin, məsələn, heç olmasa, belə deyə bilərsiniz: “Hiss olunur ki, sənin qabiliyyətin var, istəsən çox gözəl şeylər çəkə bilərsən. Görünür, bir az tələsmisən. Bir az diqqətli ol və tələsmə”. Təkcə şəkil çəkmək deyil ki, hər sahədə eyni vəziyyətlə rastlaşa bilərsiniz. Lağ eləmək insanın qəlbinə tez toxunur. Ümumiyyətlə, lağ, istehza obyekti olmaq uşaqlar üçün arzuolunmaz haldır. Xüsusilə də, başqa uşaqlar bu mənzərəni görürlərsə, lağ edilən daha pis vəziyyətə düşür. Ona görə də uşağa heç vaxt istehza ilə, lağ edərək tərbiyə vermək olmaz. Tərbiyənin həmişə bir tərəfində həvəsləndirmək, təşviq, uşaqda özünəinam hissi oyatmaq lazımdır. Əgər belə olarsa, etimad hissi mütləq öz səmərəsini verəcək. Əgər bircə dəfə o uşağa: “Səndən adam olmaz” dedinsə, o sözün əmələ gətirdiyi “uçurumu”, “dağıntını” aradan qaldırmaq üçün, uşağın özünü bərpa etməsi üçün illər lazım gələcək. O uşaq özünü bərpa eləsə də, içində sizə qarşı bir intiqam duyğusu yaşadacaq ki, nə vaxtsa, sizin sözünüzün doğru olmadığını isbat edə bilsin.

Lağ eləməyin, ümumiyyətlə, lağ eləmək insana yaraşan hal deyil. Uşaqları həvəsləndirin, onlara inam hissi aşılayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir