kisi-qadin

Məişət problemlərini kim həll etməlidir: kişi, ya qadın?

Baxış sayı: 525

Mağazaya getmək, bazarlıq etmək, istilik sistemini tənzimləmək, kommunal borcları ödəmək və s. Bu kimi məişət problemləri hər bir cəmiyyətdə və ailədə müxtəlif cür qəbul və izah olunur. Kimisinə görə bu problemləri qadınlar, kimisinə görə isə kişilər həll etməlidir. Kənardan baxanda, bütün bu problemlərin həlli hər kəs üçün sadə görünə bilər. Lakin ailə qurduqdan sonra gündəlik olaraq bu öhdəlikləri yerinə yetirdikcə, onun ağırlığı hiss olunur. Adətən, bizim xanımlarımız bu problemləri kişilərə “ötürməyi” sevirlər. Bir çoxları isə fikirləşir ki, əgər iki nəfər bir həyatı paylaşırsa, deməli, bu problemlər də ortaq olaraq çözülməlidir. Görəsən, qadınlar həqiqətən də kişiləri məişət işləri ilə boğurmu? Bütün bu problemlər necə həll edilməlidir?


Qızılgül Sarıyeva, sosial media meneceri: “Problemləri bir nəfərin üzərinə yükləmək olmaz”

Qızılgül deyir ki, məişət problemləri hər bir cəmiyyətin qayda-qanunlarına uyğun olaraq, öz həllini tapır: “Ümumilikdə, hər ölkənin yazılan və yazılmayan qanunları olur. Bizim ölkəmizdə də ailə-məişət problemləri qadın-kişi arasında mental dəyərlərə görə tənzimlənir. Məsələn: kişi işləyir, kommunal xərcləri, uşaqlarının və həyat yoldaşının maddi ehtiyaclarını ödəyir. Lakin getdikcə dövr dəyişir və vəziyyət fərqli hal almağa başlayıb. İndi insanların dünyaya baxışı da dəyişib. Bu saydıqlarımın öhdəsindən qadınlar da asanlıqla gəlməyi bacarırlar. Ona görə də bütün problemləri bir nəfərin üstünə yıxmaq düzgün deyil. Kimin vaxtı və imkanı varsa, əlindən gəldiyi qədər problemlərin həllinə dəstək olmalıdır. Yoxsa, bu onun işidir, mənim nəyimə lazım deyib, yaxanı kənara çəkmək düzgün olmaz. Fikrimcə, bu, eqoizmdən başqa bir şey deyil”.
Müsahibimiz fikirləşir ki, ailədə qadın-kişi münasibətlərində balans olmalıdır: “Hər iki tərəfin öhdəlikləri qarşılıqlı anlayışla həll oluna bilər. Belə olduqda çətinlik də asan yolla aradan qalxar. Əks halda, bu məsələlər bir nəfərin üstünə yığılıb qalır. Xüsusilə ailədə hər iki tərəf işləyirsə, bu məsələyə daha həssaslıqla yanaşılmalıdır. Əgər hər iki tərəf axşam evə saat 7-də gəlirsə, kişinin qadına “niyə yemək bişirməmisən” deməyi düzgün olmaz. Həmçinin, qadın da kişiyə “niyə bazarlıq etməmisən”, “niyə xarab olan su kranını təmir etməmisən” deməməlidir. Hər iki tərəf anlayışlı olmağa çalışmalıdır. Əgər əlindən gəlirsə və vaxtın buna imkan verirsə, çalış ki, problemi uzatmadan həll edəsən. Yoxsa, ucundan tutub ucuzluğa getməklə, ailə bir tərəfə – çox yükləndikcə, bu, onların sağlamlığına da, işinə də mənfi təsir göstərə bilər. Bütün günü ev işlərini fikirləşən kişi ailəni dolandırmaq üçün pulu necə qazana bilər? Bu yanaşma əks cinsə də aiddir. Ailədə bütün problemlər ortaq şəkildə çözülməlidir”.

 

Cəlal Fərzəliyev, jurnalist: “Məişət problemləri əsas meyar olmamalıdır”

 QADIN-KISI

Cəlal isə fikirləşir ki, qadınlar bəzən məişət problemlərini çox qabardırlar. Müsahibimiz deyir ki, bizim qadınlar ailədə əsas diqqətini məişət qayğılarına kökləməyi sevirlər. Lakin problemlərin həllini tapması ailənin əsas meyarı olmamalıdır: “Bizim qadınların əksəriyyətinin ən mənfi və bezdirici cəhətlərindən biri də mental stereotiplərə uyğun hərəkət etmələri və məişət məsələlərini böyütmələridir. Zəruri və vacib olan məişət ehtiyacını kişilərə yükləmək olar. Amma bu o demək deyil ki, bütün problemləri onun üstünə atıb, kişiyə nəfəs almağa imkan verməməlisən. Ən azından ailənin ağırlığı və məsuliyyətin böyük hissəsi kişinin üzərinə düşür. Bunu düşünərək hərəkət etmək lazımdır. Qadınlar nə qədər etiraz etsələr də, bu, həqiqətən belədir. Bizdə isə qadınlarımızın əksəriyyəti bəzi məqamları ümumiyyətlə, vecinə almır. Elə davranırlar ki, elə bil bütün problemləri kişi həll etməlidir”.
Müsahibimiz deyir ki, bəzən güzəştə getməyi bacarmalı, bəzi şeylərə göz yumulmalıdır. Əks halda, problem daha da böyüyə bilər: “Əgər bu gün sənin yeməyin, pulun və digər vacib ehtiyaclarını həyat yoldaşın ödəyirsə, demək ki, qadın da bəzi şeyləri kişiyə güzəştə getməyi bacarmalıdır. Mən demək istəmirəm ki, qadın da tamamilə ələ baxımlı olsun. Xeyr! Sadəcə olaraq, bəzən müəyyən şeyləri görməməzliyə vurmalıdır. Məsələn, sən özün marketdən alış-veriş edə bilirsənsə, bunu yalnız kişinin etməli olduğu bir vəzifə kimi görməməlisən. Əksinə, bacardığın qədər ona dəstək olmalısan. Həmçinin kommunal ödənişləri də bu gün çox rahatlıqla ödəmək olar. Bütün bu problemləri hər dəfə evdə qabardıb, işi daha da çıxılmaz vəziyyətə gətirib çıxarmaq heç də yaxşı deyil. Bəzən isə qadınlar kişilərə hətta bir ay sonranın da işlərini tapşırırlar. Bu günün problemləri həll olunubsa, sabahınkı da öz həllini tapar. Gələn ayın dərd-sərini indidən fikirləşmək və qarşı tərəfi yükləmək qətiyyən düzgün deyil. Bu gün qarnını doydura bilirsənsə, sabahın şikayətini sabaha saxlamalısan”.

 

Şəfa Dadaşova, işsiz: “Ailədə iş bölgüsü aparılmalıdır”

Şəfa isə deyir ki, məişət işlərilə bağlı ailədə bölgü aparılmalıdır. Hər kəs öz payına düşəni etsə, heç kim heç kimi artıq yükləməz: “Məncə, ailədə bunu qadın eləməli, onu kişi eləməli deyə, bir şey olmamalıdır. Ailədə bir sistem qurularsa və hər kəs buna uyğun hərəkət edərsə, daha yaxşı olar. Bizim cəmiyyətdə elə fikir formalaşıb ki, kişi pul qazanmalı, qadın isə ev işlərini görməlidir. Məncə, bunu belə ümumiləşdirmək olmaz. Bu, hər ailəyə görə dəyişə bilər. Qadın və ya kişi nəyi bacarırsa, daha doğrusu, nəyə vaxtı varsa, onu da etməlidir. Yəni hər şey paylaşılmalıdır. Hər hansı birini daha çox yükləmək düzgün deyil”.
Şəfa fikirləşir ki, bizim cəmiyyətdə qadınlar kişiləri məişət məsələləri ilə çox yükləməyi sevirlər: “Bəzi qadınlar adətən zəhmət çəkməyə meylli deyillər. Bir çox qadın fikirləşir ki, kimlərsə onun üçün bütün işləri yerinə yetirməlidir. Fərqi yoxdur, ata, ana, qardaş, yaxud həyat yoldaşı. Kiçik yaşlarından bu fikirlə böyüyən qadınlar gələcəkdə ailə həyatı qurduqda da, “bütün işləri həyat yoldaşları görməldir” kimi davranırlar. Bu isə tamamilə yanlış fikirdir. Adətən belə qadınlar, təhsil almağa, yaxud işləməyə də meylli olmurlar. “Halva biş, ağzıma düş” prinsipi ilə yaşayan belə qadınların həyat yoldaşı məişət problemləri içində demək olar ki, boğulur. Həm ailənin maddi problemləri, həm də məişət problemləri bir insanın üzərinə atılarsa, həmin insan nə vaxtsa hər şeydən bezib, üsyan edəcək. Ona görə də ailədə bütün problemlər ortaq şəkildə çözülməlidir”.
Şəbnəm




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir