Pankres adlanan mədəaltı vəzi insan orqanizmində həm həzm prosesində, həm də maddələr mübadiləsinin tənzimlənməsində mühüm rol oynayan həyati əhəmiyyətli orqandır. Bu vəzdə yaranan hər hansı problem, xüsusilə ağrı ilə müşayiət olunduqda, ciddi patologiyaların xəbərçisi ola bilər.
Mövzu ilə bağlı oxucularımızı maraqlandıran ailə həkimi, terapevt Nərminə Abbasova bildirdi ki, mədəaltı vəz ağrısı heç vaxt laqeyd yanaşılmalı simptom deyil və vaxtında diaqnostika həyati əhəmiyyət daşıyır.
Həkim qeyd edib ki, mədəaltı vəzi iki əsas funksiyanı yerinə yetirir. Bunlardan biri ekzokrin funksiyadır, digəri endokrin funksiya:
“Ekzokrin funksiya – həzm fermentləri ifraz edərək qidaların parçalanmasına kömək edir. Endokrin funksiya isə insulin və qlükaqon hormonlarını ifraz edərək qanda şəkərin səviyyəsini tənzimləyir. Bu səbəbdən pankreasın fəaliyyəti pozulduqda həm həzm sistemi, həm də hormonal balans ciddi şəkildə zərər görür”.

Terapevt deyir ki, mədəaltı vəz ağrısının ən çox rast gəlinən səbəbi pankreatit – yəni vəzin iltihabıdır. Onun sözlərinə görə, pankreatit iki formada müşahidə olunur – kəskin pankreatit və xroniki pankreatit:
“Kəskin pankreatit qəfil başlayan, güclü ağrılarla müşayiət olunur və təcili tibbi müdaxilə tələb edir. Xroniki pankreatit uzunmüddətli, təkrarlayan ağrılar və funksional pozğunluqlarla xarakterizə olunur. Digər səbəblərə isə öd kisəsi daşları, alkoqol istifadəsi, yağlı və ağır qidalanma, travmalar, bəzi dərmanların təsiri, nadir hallarda şiş xəstəlikləri daxildir.
Qeyd edim ki, mədəaltı vəz ağrısı adətən qarının yuxarı hissəsində, xüsusilə sol qabırğaaltı nahiyədə hiss olunur və çox zaman kürəyə doğru yayılır. Bu ağrının özünəməxsus xüsusiyyətləri var. Məsələn, kəmərvari – yəni ətrafı dolaşan ağrı, yeməkdən sonra güclənmə , uzandıqda artma, oturduqda və ya önə əyildikdə azalması. Onu da deyim ki, ağrı ilə yanaşı ürəkbulanma, qusma, iştahsızlıq, qarında köp və ağırlıq hissi, bəzən hərarətin yüksəlməsi, dərinin və gözlərin saralması kimi əlamətlər də müşahidə oluna bilər”.
Terapevt diaqnostika üsullarına diqqət çəkərək bildirdi ki, dəqiq diaqnoz qoymaq üçün həkim müayinəsi ilə yanaşı instrumental və laborator analizlər aparılmalıdır:
“Vaxtında və düzgün diaqnostika xəstəliyin ağırlaşmasının qarşısını almaqda əsas rol oynayır. Ümumiyyətlə, mədəaltı vəz ağrısının müalicəsi səbəbdən asılı olaraq dəyişir. Məsələn, kəskin hallarda xəstəxana şəraitində müalicə vacibdir. Eyni zamanda, qida qəbulu müvəqqəti dayandırılmalı, damardaxili maye və dərman terapiyası aparılmalı, ağrıkəsici və spazmolitik preparatlardan istifadə etmək olar.

Xroniki hallarda isə xüsusi pəhrizə önəm verilməlidir. Yağlı və qızardılmış qidalardan imtina etmək lazımdır. Yalnız bəzi hallarda, xüsusilə öd daşı və ya şişlər olduqda cərrahi əməliyyat tələb oluna bilər”.
Nərminə xanım deyir ki, bu xəstəliyin qarşısını almaq müalicəsindən daha asandır. Həkimin sözlərinə görə, bunun üçün sağlam və balanslı qidalanmaq, yağlı və ağır yeməkləri məhdudlaşdırmaq, alkoqoldan uzaq durmaq, vaxtında tibbi müayinələrdən keçmək, fiziki aktiv həyat tərzi sürmək lazımdır:
“Mədəaltı vəz ağrısı sadə bir narahatlıq deyil, ciddi xəstəliklərin ilkin siqnalı ola bilər. Əgər bu tip ağrılar tez-tez təkrarlanır və ya güclü xarakter daşıyırsa, gecikmədən həkimə müraciət etmək vacibdir. Erkən diaqnoz və düzgün müalicə ilə ağır fəsadların qarşısını almaq mümkündür. Unutmayaq ki, sağlamlıq ən böyük sərvətdir və onu qorumaq hər birimizin borcudur”.











































































































































































