Azərbaycanda mənzil bazarında qiymət artımı, yeni tikililərin həcmi və əhalinin əlçatan mənzil təminatı məsələsi gündəmdə qalır. Mənzilə tələbatın artması, tikinti xərclərinin yüksəlməsi və şəhərsalma layihələrinin həyata keçirilməsi bazardakı qiymətlərə təsir edən əsas amillər sırasındadır. Bəs qiymət artımının qarşısını almaq və mənzil əldə etməyi daha əlçatan etmək üçün hansı addımlar atılmalıdır?
İqtisadçı Vüqar Oruc bildirir ki, mənzil bazarında qiymətlərin artmasının əsas səbəblərindən biri mövcud mənzil fondunun tələbatı qarşılamaq üçün kifayət etməməsidir. Onun sözlərinə görə, əhali artımı, yeni ailələrin yaranması və mənzilə ehtiyacın çoxalması bazarda tələbi yüksəldir. Lakin tikinti həcmi bu tələbatla ayaqlaşmadığı üçün qiymətlər artır.

İqtisadçı qeyd edir ki, tikinti sahəsində tələblərin sərtləşməsi, torpaq sahələrinin, tikinti materiallarının və işçi qüvvəsinin qiymətinin yüksəlməsi də yeni mənzillərin maya dəyərinə təsir göstərir. Bu amillər tikintinin həcminə təsir etməklə yanaşı, bazarda təklifin artmasını da çətinləşdirir.
V.Orucun fikrncə, mənzil bazarında sabitliyin təmin olunması üçün tikinti sektoruna dövlət dəstəyinin artırılması vacibdir. Bunun üçün tikinti sahəsinin inkişafını əlaqələndirən ixtisaslaşmış dövlət qurumunun yaradılması, dövlətə məxsus torpaq sahələrinin tikinti məqsədilə ayrılması, güzəştli kreditlərin verilməsi və vergi yükünün azaldılması kimi mexanizmlər nəzərdən keçirilə bilər.
O bildirir ki, tikinti sektoru iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır və bu sahədə yüz mindən çox insan çalışır. Buna görə də tikintinin stimullaşdırılması həm mənzil təklifinin artmasına, həm də məşğulluğun dəstəklənməsinə kömək edə bilər. İqtisadçı sosial mənzil layihələrinin genişləndirilməsini də zəruri hesab edir. Onun sözlərinə görə, Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri, İpoteka və Kredit Zəmanət Fondunun maliyyələşdirdiyi mexanizmlər və satmaq öhdəliyi ilə kirayə proqramı daha geniş əhali təbəqələri üçün əlçatan olmalıdır. Bu məqsədlə sosial layihələrə ayrılan vəsaitin artırılması, kredit faizlərinin və ilkin ödənişlərin azaldılması, kredit müddətlərinin uzadılması, eləcə də elektron müraciət sistemlərinin işinin təkmilləşdirilməsi vacibdir.
V.Oruc hesab edir ki, mənzilə ehtiyacı olan insanların daha geniş hissəsinin ipoteka imkanlarından yararlanması üçün əlavə maliyyə mənbələri də araşdırılmalıdır. Bu çərçivədə dövlət büdcəsinin dəstəyi və digər maliyyə resurslarının cəlb edilməsi mənzil təminatının yaxşılaşdırılmasına xidmət edə bilər.

Söküntülər və şəhərsalma layihələri qiymətlərə necə təsir edir?
Vüqar Orucun sözlərinə görə, daşınmaz əmlak bazarında qiymət artımına təsir göstərən digər amillərdən biri də söküntü prosesləridir. Köhnə binaların sökülməsi və yaşayış fondunun yenilənməsi zamanı həmin ərazilərdə yaşayan insanların bir hissəsi başqa yerlərdə mənzil almağa məcbur olur. Bu isə bazarda əlavə tələb yaradır. İqtisadçı qeyd edib ki, söküntü zamanı mülkiyyətçilərə kompensasiya ödənilməsi və ya onların başqa ərazilərdə mənzillə təmin olunması da daşınmaz əmlaka tələbatın artmasına təsir göstərə bilər.
Onun fikrincə, Bakının 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planın icrası, yeni tikinti layihələri, yolların salınması, nəqliyyat imkanlarının yaxşılaşdırılması, infrastrukturun yenilənməsi və ərazilərin abadlaşdırılması da əmlak bazarında qiymət dinamikasına təsir edən amillərdir. Xüsusilə yeni infrastrukturun yaradıldığı ərazilərdə daşınmaz əmlaka maraq arta bilər.
V.Oruc ilin sonunadək mənzillərin qiymətində təxminən 5 faiz, torpaq sahələrinin qiymətində isə 8 faiz artım gözlədiyini bildirib. Onun proqnozuna əsasən, qiymət artımı 2027-ci ildə də davam edə bilər.
İqtisadçı hesab edir ki, qiymət artımını yumşaltmaq üçün yalnız tələbin idarə olunması deyil, həm də təklifin artırılması istiqamətində tədbirlər görülməlidir. Yeni tikintinin stimullaşdırılması, sosial mənzil proqramlarının genişləndirilməsi və ipoteka şərtlərinin yaxşılaşdırılması əhalinin mənzil əldə etmək imkanlarını artıra bilər.
Tahirə Qafarlı











































































































































































