MAKIYAJ

Makiyajın silinməsi qaydaları

Baxış sayı: 1. 255

Dekorativ makiyajı hər axşam mütləq silmək lazımdır, əks halda hətta ən ideal dəri çox tez bir zamanda xoşagəlməyən vəziyyətə düşəcəkdir.

Dəriyə əsas ton verilməsi üçün istifadə olunan istənilən kosmetik vasitələr tədricən dərinin özü tərəfindən ifraz olunan piy, tər və s. ilə qarışaraq dəridəki məsamələri qapayır, qaz mübadiləsi və hüceyrələrin qidalanması prosesini pozur. Makiyajın altında mikroblar çoxalmağa başlayır, nəticədə dəridə iltihabi ocaqlar, sızanaqlar və s. əmələ gələ bilər.

Makiyajı silmək üçün istifadə edilən kosmetik vasitəni dəri tipinə uyğun seçmək lazımdır. Yağlı dəri üçün yüngül təmizləyici kosmetik süd, gel və ya “penka” (köpüklənən vasitə) uyğun gəlir. Quru dəri isə tərkibində çoxlu nəmləndirici və qidalandırıcı komponentləri olan xüsusi kosmetik vasitələrlə təmizlənir.

Suya davamlı kosmetikanı xüsusi emulsiya ilə təmizləyirlər.

 

Makiyajı təmizləmək üçün sabundan istifadə etmək olmaz!

Üz dərisinin müəyyən hissələrinin dartılmaması və vaxtından əvvəl qırışların əmələ gəlməsinin qarşısını almaq üçün, dəridəki dekorativ kosmetikanın silinməsi zamanı, bütün hərəkətlər təbii dəri xətləri istiqamətində olmalıdır. Gözətrafı sahələrin demakiyajı zamanı daha çox ehtiyatlı olmaq lazımdır.

 

Kosmetik süd – indiki günlərdə makiyajı silmək üçün ən yaxşı vasitədir. Hazırda kosmetik südün elə növləri vardır ki, onlar nəinki dərini təmizləyir, həm də onu yumşaldır, nəmləndirir, üzün rəngini yaxşılaşdırır və hətta toksinləri də xaric edir. Yadda saxlamaq lazımdır ki, ən əsas cəhət odur ki, demakiyajdan sonra kosmetik südü də dəridən təmizləmək lazımdır! Əks halda o, dəridə qıcıqlanma yarada bilər. Kosmetik süd, üz dərisinin səthi üzrə bir barabərlikdə olmaqla, dairəvi hərəkətlərlə çəkilir; sonda isə onu yumşaq salfetlə silirlər. Lazım gəldikdə bu proseduranı daha bir dəfə təkrar edirlər.

Dekorativ kosmetikanın silinməsinə dodaqlardan başlayırlar. Ağızın künclərindəki dərini sol əlin barmaqları ilə yüngülcə təzyiq etməklə tuturlar. Yumşaq pambıq disk və ya tamponun üzərinə az miqdarda demakiyator tökürlər. Sonra dodağın künclərindən mərkəzinə doğru hərəkətlərlə dodaq boyasını silirlər. Rəngin tam silinməsi üçün bir neçə tampon lazım ola bilər (xüsusən də tünd rəngli kosmetikadan istifadə olunubsa). Davamlı dodaq boyasını isə məhz bunun üçün nəzərdə tutulan xüsusi kosmetik vasitə ilə silirlər.

 

Əgər kosmetikanı silmək üçün istifadə olunan vasitənin üzərində onun oftalmoloji yoxlamadan keçdiyi qeyd olunmayıbsa, bu halda onu gözlər ətrafına vurmaq olmaz. Bu sahənin dərisi çox həssas olduğu üçün bir çox təmizləyici komponentlər onun qıcıqlanmasına səbəb olur. Ona görə də bu zərif sahənin demakiyajı üçün xüsusi vasitələr vardır. Gözlər üçün müasir demakiyaj vasitələri çox effektlidirlər, onları göz dərisinə sürtmək lazım olmur. Kosmetik vasitəni iki pambıq diskə çəkib, kosmetikanın yumşalması üçün örtülü şəkildə olan gözlərin üzərinə qoymaq kifayətdir. Sonra isə gözün daxili hissəsindən kənarlara doğru olmaqla, yüngül hərəkətlərlə, əvvəlcə üst, sonra isə alt göz qapağını silmək lazımdır. Suya davamlı tuş üçün xüsusi preparatlar mövcuddur.

Dodaq və gözlərin təmizlənməsindən sonra üz dərisinin təmizlənməsinə başlayırlar. Kip tonal krem və ya krem-pudranı, xüsusən də onlar bir neçə qat çəkilibsə, yağlı vasitənin (kosmetik qaymaq, xüsusi yağ və s.) köməyilə silirlər. Daha yüngül tonal vasitələri (gel və s.) isə emulsiya və ya gel ilə təmizləyirlər.

Xüsusi “penka” və ya gellə yuyunma heç bir qüsuru olmayan gənc dəri üçün və yalnız  ilin isti aylarında məsləhət görülə bilər. Qışda istifadə olunan bütün kosmetik vasitələrin tərkibində yağların miqdarı mümkün qədər çox olmalı və onlar nəmləndirici xüsusiyyətlərə malik olmamalıdır.

Demakiyajın sonunda təmizləyici kosmetik vasitəni yumşaq kosmetik salfetin köməyilə təmizləmək, dərini toniklə silmək, sonra qidalandırıcı krem vurmaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir