meyve siresi

Meyvə, yoxsa şirəsi?

Baxış sayı: 1. 402

“Meyvə çox ye, immunitet yaratsın”, “meyvəni az yesən, vitaminsiz qalarsan”, “C vitamini olan meyvələri tez-tez yeyin”, “filan meyvələr koronavirusun qarşısını alır”… Bu günlərdə belə fikirlərə tez-tez rast gəlirik. Vitaminə ehtiyac duyduğumuz yay aylarında daha çox meyvə yeməyə, təbii meyvə şirələri içməyə ehtiyac duyuruq. İşi həddən artıq olan və sağlam qidalanmağa çalışanlar üçün təzə sıxılmış meyvə suyu həm enerji qazanmaq, həm də gündəlik vitamin ehtiyacı tələbatını ödəmək üçün yaxşı bir üsul olaraq qəbul edilir. Lakin bəzi mütəxəsislər meyvənin özünü yeməyin şirəsindən daha xeyirli olduğunu deyirlər. Bəs görəsən meyvə yemək, yoxsa onun şirəsini içmək daha faydalıdır?

 

“Bir stəkan meyvə şirəsi ilə…”

Həkim-diyetoloq Tutu Zeynalova deyir ki, meyvəni təbiətin bizə verdiyi şəkildə istifadə etmək daha məqsədəuyğundur, nəinki şirə halına gətirmək: “Təzə meyvələrdə C vitamini, betakaroten, E vitamini, selenium, fruktoza (meyvə şəkəri) var. Fruktoza, sağlamlıq baxımından günlük alınması vacib olan enerji miqdarının 15-20 faizini keçməməlidir. Biz günlük şəkəri normadan artıq qəbul ediyimiz zaman bir çox xəstəliklərə dəvətnamə göndərmiş oluruq. Şəkəri artıq miqdarda qəbul etməmək üçün meyvələri şirə halına gətirmədən, təzə halda yemək daha məqsədəuyğundur. Məsələn, siz 1 stəkan portağal şirəsi əldə etmək üçün gərək 4 portağalı sıxasınız. Nəzərə alsaq ki, gündəlik meyvə normamız 2-3 porsiyanın üzərinə çıxmamalıdır, o zaman biz bir stəkan meyvə şirəsi ilə günlük meyvə normamızı aşmış oluruq.  Meyvə şirəsi qandakı şəkər miqdarının tarazlığını pozur və diabet riskini artırır. Həmçinin, meyvə şirəsinin çox qəbulu uşaqlarda artıq çəkinin yaranmasına da səbəb olur”.

 

“Meyvələri lifləri ilə bərabər qəbul edin”

Diyetoloq deyir ki, meyvə, şirə halına gəldiyi zaman lifsiz qalır. Buna görə də qan şəkərimizi sürətlə yüksəltməyə başlayır. Sürətlə yüksələn qan şəkəri sürətlə də enir. Qan şəkərini tənzimləmək üçün meyvələri lifləri ilə bərabər  qəbul etmək lazımdır: “Bəzən valideynlər şikayət edir ki, uşağa meyvə yedirdə bilmirəm, məcburam şirə şəklində verim. Ara-sıra az miqdarda ola bilər. Amma o zaman tövsiyə edərdim ki, meyvəni blender vasitəsilə şirə halına salıb versinlər. Çünki burada lif itkisi minimuma enəcək. Amma məcbur olmadıqca, meyvəni,  birmənalı şəkildə şirə halına gətirmədən qəbul etmək lazımdır. Ümumdünya Sağlamlıq Təşkilatı böyüklərin gündə 30 qramdan artıq şəkər qəbul etməmələrini tövsiyə edir. Bu, 150 ml (bir armudu stakan) meyvə şirəsinə bərabərdir. Lifdən təmizlənmiş olduğu üçün meyvə şirəsindəki fruktoza bədəndə daha sürətlə əmilir. Bu da, qan şəkərində sürətli artıma səbəb olur və mədəaltı vəz bu səviyyəni normala endirmək üçün insulin ifraz edir. Vaxt keçdikcə bu mexanizmin tükənməsi diabet riskini ortaya çıxara bilər. Biz meyvəni olduğu kimi yedikdə orqanizmin günlük lif ehtiyacını ödəmiş oluruq.  Gündəlik lif ehtiyacını ödəyəndə bir çox xəstəliklərin qarşısını alırıq. Bu zaman bağırsaqlarımız daha düzənli çalışır və daha sağlam mikro elementlər, vitaminlər qəbul edirik”.

 

” Lif baxımından zəngin bir qidalanmanın…”

Məlumat üçün bildirək ki, 2013-cü ildə tədqiqatçılar 100 min insanla bağlı 1986-2009-cu illər arasında toplanmış tibbi məlumatları araşdıran zaman, meyvə şirəsindən istifadə ilə 2 tip diabet arasında əlaqənin olduğunu aşkar ediblər. Tərəvəz tərkibli meyvə şirələri daha az şəkərli olur, ancaq o da əhəmiyyətli liflərdən məhrumdur. Bunun səbəbi, mayelərin qatı qidalarla müqayisədə mədədən nazik bağırsağa daha sürətlə keçməsi ilə əlaqələndirilib. Yəni bütöv meyvə ilə meyvə şirəsinin qida maddəsi eyni olsa da, meyvə şirəsi qandakı qlükoza və insulin səviyyəsində daha sürətli dəyişikliyə yol açır. Mütəxəssislər bunu meyvədəki lif kimi bəzi maddələrin meyvə şirəsində olmaması ilə əlaqələndirirlər. Tərəvəz tərkibli içkilərdə meyvə şirələrindən daha artıq qida və daha az şəkər var, ancaq bunlar da əhəmiyyətli liflərdən məhrumdurlar. Lif baxımından zəngin bir qidalanmanın ürək-damar xəstəlikləri, iflic, yüksək təzyiq riskini azaltdığı məlumdur. Böyüklərin gün ərzində 30 qram lif alması lazımdır.

 

“Meyvə şirəsi şəkər qatılmış sudur”

Pediatr Aytən İsmayılzadə deyir ki, meyvə şirələri, yoxsa meyvə deyəndə, əlbəttə seçim meyvə olmalıdır: “Çünki meyvə şirəsini, sadəcə, şəkər qatılmış su kimi nəzərimizdə saxlaya bilərik. Meyvənin tərkibindəki fruktoza, qlükoza məhz liflərə görə orqanizmdə dərhal sovrulmur. Yəni biz meyvəni liflərə görə qəbul edirik. Liflərlə yanaşı, vitaminlər də qəbul olunur, amma meyvənin tərkibində olan fruktoza, qlükoza sadə şəkərlərdir və həzm sistemində sürətli şəkildə onların qana sovrulması təhlükəlidir. Meyvə şəklində yedikdə, liflər sürətli həzm olunmanın qarşısını alır. Məsələn, almanı sıxdığımız zaman qabığındakı bir çox qida maddəsindən faydalanmamış oluruq. Sağlam qidalanmada gündə 5 cür meyvə və tərəvəzdən istifadə etməyin əhəmiyyətli olduğu vurğulanır. Meyvə şirəsi bunu təmin etməyin ən yaxşı yolu deyil. Çünki problem, sadəcə, gündəlik vitamin ehtiyacını təmin etmək deyil, eyni zamanda pəhrizimizdə karbohidrat, zülal və yağ miqdarını azaldıb, lif nisbətini artırmaqdır. Meyvə şirələri uşaqlara, şəkərli diabetlərə qadağandır. 1 yaşına qədər uşağa şirə vermirik. Mən pediatr olaraq, şirənin qəti əleyhinəyəm. Normal, sağlam qidalanma fonunda uşaqda hec bir vitamin, mineral çatışmazlığı olmamalıdır”.

Həkim deyir ki, meyvə şirəsinin Ph-ı (qələviliyi və ya turşuluğu) aşağı olur: “Meyvə şirəsinin Ph-ı aşağı olur. Bağırsaq mühiti uşaqlarda neytral mühitdir. Orada turşuluğun dəyişməsi mühitin pozulmasına gətirib çıxarır. Meyvə şirələrinin turşuluğu aşağı olduğundan, bağırsaq mühiti pozulur və nəticədə bağırsaqda faydalı maddələrin sovrulması prosesi də pozuntuya məruz qalır.  Qastriti olan uşaqlara, qanda şəkər səviyyəsi yüksək olan insanlara meyvə şirəsi qadağandır”.

Araşdırmalar da sübut edir ki, meyvənin özündən istifadə edilməsi daha faydalıdır. Meyvə şirəsi əvəzinə bitki çayları və şəkər əlavə olmayan tərəvəz şirəsinə üstünlük vermək məsləhət görülür. Meyvə şirəsinin tərkibində yüksək miqdarda kalori və şəkər olduğundan, sağlamlıq üçün əks təsirlər ortaya çıxara bilir. Hətta 100 faiz təbii meyvə şirəsi olsa belə, bu, həqiqəti dəyişmir. Meyvə şirəsi çox qəbul edildikdə qazlı içkilərdən daha təhlükəli ola bilir. 1 şüşə qazlı içki 550 milliqram meyvə şirəsinə bərabərdir.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir