nermine abbasova

Nərminə Abbasova: “Qısamüddətli və müvəqqəti olsa da, daha ciddi xəstəliklərin əlaməti ola bilər”

Baxış sayı: 490

Nəfəs darlığı nəfəs almaqda çətinlik və ya havanın kifayət etməməsi hissi ilə xarakterizə olunan bir vəziyyətdir. Bu problem həm fiziki, həm də psixoloji səbəblərdən qaynaqlana bilər. Ürək və ağciyər xəstəliklərindən tutmuş, stress və narahatlığa qədər bir çox faktor nəfəs darlığına səbəb ola bilər.

Mövzu ilə bağlı danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova nəfəs darlığının səbəbləri, simptomları və müalicə üsulları, eləcə də psixoloji nəfəs darlığı və onun idarə edilməsindən danışıb.

Nərminə xanım bildirdi ki, nəfəs darlığının əsas səbəbini anlamaq və effektiv müalicə tədbirləri görmək sağlamlıq problemlərini vaxtında həll etməyə kömək edir. Nəfəs darlığının əsas səbəblərinə diqqət çəkən ailə həkimi qeyd etdi ki, səbəblər müxtəlif ola bilər:

 

“Nəfəs darlığı bəzən qısamüddətli və müvəqqəti olsa da, bəzi hallarda daha ciddi xəstəliklərin əlaməti ola bilər. Fiziki fəaliyyət, stress, ürək və ağciyər xəstəlikləri, allergiyalar və infeksiyalar nəfəs darlığının əsas səbəbləri arasındadır. Psixoloji nəfəs darlığı daha çox emosional vəziyyətlər və stresslə əlaqəlidir. Bu tip nəfəs darlığı ciddi tibbi vəziyyətlərdən qaynaqlanmasa da, insanın həyat keyfiyyətinə mənfi təsir göstərə bilər.

Narahatlıq və qorxu hissi zamanı bədən “döyüş və ya qaç” reaksiyası göstərir. Bu, nəfəsalmanın tezliyini artırır və nəfəs darlığı yaradır. Panik atak zamanı insanın kifayət qədər hava almadığını düşünməsi bu vəziyyəti daha da şiddətləndirir.

Uzunmüddətli stress də sinir sistemini stimullaşdıraraq nəfəs darlığına səbəb ola bilər. Stressli hallarda diafraqma əzələlərinin sıxılması düzgün nəfəs almanı çətinləşdirir. Eyni zamanda, depressiya zamanı tənəffüs mexanizmi yavaşlaya və ya qeyri-effektiv ola bilər. Təsirləri – təngnəfəslik hissi, həddindən artıq yorğunluq və halsızlıq, bəzən ürək döyüntüsünün artması və başgicəllənmədir. Həll yollarına gəlincə, yavaş və dərin nəfəs alıb-verərək sinir sistemini sakitləşdirmək mümkündür. Qeyd edim ki, anksiyete və panik atakları idarə etmək üçün terapiya metodları tətbiq oluna bilər. Meditasiya və relaksasiya texnikaları stres səviyyəsini azaltmağa və nəfəs darlığını idarə etməyə kömək edir”.

Həkim deyir ki, nəfəs darlığı çox vaxt ürək və ağciyər xəstəlikləri ilə əlaqəli olur. Onun sözlərinə görə, bu vəziyyətlərdə nəfəs darlığı bədənin oksigen tələbatının ödənilməməsi ilə əlaqədardır:

“Ürək bədənin ehtiyac duyduğu qədər qan pompalaya bilmədikdə nəfəs darlığı yaranır. Bu, xüsusilə hərəkət zamanı və ya uzanarkən daha da pisləşə bilər. Narahatlıq və stress səbəbiylə ürək döyüntüsündə dəyişikliklər meydana gəlir və bu, nəfəs almaqda çətinlik yarada bilər. Ürəyin çox sürətli və ya yavaş döyünməsi oksigen çatışmazlığına səbəb olur.

Onu da deyim ki, ağciyər xəstəlikləri ilə bağlı səbəblərdən biri astmadır. Hava yollarının daralması nəfəs darlığı, öskürək və xırıltı yaradır. Astma simptomları fiziki fəaliyyət və allergik reaksiyalar zamanı daha çox artar.

Digər tərəfdən, ağciyərlərin iltihabı və ya infeksiyası tənəffüsün çətinləşməsinə səbəb ola bilər”.

 

Ailə həkimi bildirdi ki, ürək və ağciyər problemləri səbəbiylə yaranan nəfəs darlığı üçün həkim nəzarəti ilə dərman müalicəsi tətbiq edilməlidir. Dərmanlar simptomları idarə etmək üçün təsirlidir. Həkimin sözlərinə görə, müntəzəm fiziki fəaliyyət və sağlam həyat tərzi simptomların yüngülləşdirilməsinə kömək edə bilər:

“Ürək və ağciyər xəstəliklərinin erkən diaqnostikası üçün ildə bir dəfə ümumi müayinədən keçin. Polen, toz və digər allergenlər nəfəs darlığını artırır. Gigiyena qaydalarına əməl edin və allergiya yaradan mühitlərdən çəkinin. Yaşadığınız mühitdə rütubəti idarə edin və otaqları mütəmadi havalandırın. Duzlu qidalardan uzaq durmaq qan təzyiqini idarə etməyə kömək edir və ürək sağlamlığını dəstəkləyir. Bütün bunlarla yanaşı, hər gün ən az 30 dəqiqə gəzinti və ya aerobik məşqlər ağciyər və ürək funksiyalarını yaxşılaşdırır. Ümumiyyətlə, nəfəs darlığı ciddi narahatlıq yaradan bir vəziyyət ola bilər, lakin sağlam həyat tərzi və düzgün tədbirlər bu problemi idarə etməyə kömək edir. Profilaktik tədbirlər, stressin azaldılması və müntəzəm həkim müayinələri tənəffüs funksiyasının qorunmasında böyük rol oynayır”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir