Natiq Sirinov

“Natiq” ritm qrupunun rəhbəri: “11 il evsiz qalıb, soğan-çörəklə yaşamışam” – MÜSAHİBƏ

Baxış sayı: 1. 646

“Gencaile.az” “Musavat.com”-a istinadən bu əməkdar artist, məşhur “Natiq” ritm qrupunun rəhbəri, nağara ifaçısı Natiq Şirinovun müsahibəsini təqdim edir.

– Hərdən məndən soruşanda ki, “Yaradıcılığınızda nə yeniliklər var” cavab verirəm ki, “Kaş ki, hər kəs mənim kimi ritmi bilərdi”. Əgər ritmi bilsələr, hər gün yaradıcılıqla məşğul olardılar.

 

– Hər kəs deyəndə, kimləri nəzərdə tutursuz?

– Bura həm musiqiçilər, həm də xalq daxildir. Ritm böyük bir elmdir, dünyadır. Natiqin əlindəki olan nağara bundan əvvəl əllərdə olan nağara deyil. Bu, elmli, yazılı bir nağaradır. Onun bir dərsi, məktəbi var. Bəziləri gülməli şəkildə toya məktəb deyir, o yalançı toyxana məktəbidir. Toy məktəb ola bilməz. Təbii ki, hər kəs hər şeyi bilə bilməz. Sadəcə bədbəxtçilik ondan ibarətdir ki, hər kəs öz işi ilə məşğul olmur. Bunu da hamıya şamil etmirəm. Bizim gözəl dövlətimiz, sənətkarlarımız, alimlərimiz, dahi musiqiçilərimiz, Üzeyir Hacıbəylimiz var. Sadəcə olaraq  bu gün Üzeyir Hacıbəylinin sənəti gəlib başqa Üzeyirə düşüb, bədbəxtçiliyimiz budur.

Olub ki, yanıma gələn jurnalistləri qovmuşam, özü də çox kobud şəkildə. Çünki həmin şəxslər sənəti, ritmi bilmir, onlarla nə danışasan? Fikir verin, insanlar gördüyünə və eşitdiyinə əl çalır. Natiqin nağarasını görür əl çalır, musiqini eşidir əl çalır. Amma bir şey var ki, insanlar görüb eşitdiklərini bilsəydilər, məni daha çox anlayardılar. Görürlər,  eşidirlər, amma bilmirlər. Bu millət bilmədiyi şeyə əl çalır. Çünki çox təəssüf ki, bizim xəmirimiz toyxana ilə yoğuruldu. Mən də  toydan çıxmışam. Amma 1998-99-cu illərdə toyları ümumiyyətlə kənara qoydum. Şükürlər olsun ki, mən toyların  içinə sənətlə girdim. Bilirəm ki, 5-10 dəqiqə xalqım məni dinləyəcək. Elə bir açılış edirəm ki, sanki konsertdir. Bildiyiniz kimi böyük dövlət tədbirlərin də açılışını edirəm. Bu da ürək ağrılarımın hesabına başa gəlir, elə-belə əldə edilmir.

 

– Belə anladım ki, ölkədə nağara məktəbi qənaətedici durumda deyil. Sizcə kənardan kadr gətirilməsinə ehtiyac var?

– Ehtiyac yoxdur. Çünki ölkənin Natiq Şirinovu var (gülümsəyir).

 

– Sizcə bu məktəbin inkişaf etməsi üçün bir Natiq Şirinov yetəcəkmi?

– Əgər gələn  tələbələr dürüst olub, mənim kimi, kişi kimi yavan çörəyə dözərsə, əgər qulağına adı dəyməsə, doğrudan milyoner olmaq, “Natiq müəllimin maşınından, evindən alım” deyə deyil, məhz sənəti sevdiyi üçün sənətə gələrsə, dünya  gəlib buradan nağaranın ritmlərini öyrənər.

 

– Bəs hazırda bu cür tələbələriniz varmı?

– Onların içində bir tək yeganə övladımdır. Çünki Ümid ritmdə özünü 2-3 yerə bölə bilən musiqiçidir, halbuki başqaları iki əllə bir ritmi güclə ifa edir. Və dünyada nağarada yeganə uşaqdır. Hazırda Mədəniyyət və İncəsənət Universitetində təhsil alır, eyni zamanda Ankarada universitet qazandı. Sadəcə biz o universiteti dondurduq ki, burda oxusun. Ona dedim ki, “Oğlum, nağaranın dərsini heç yerdə sənə keçə bilməzlər, burda mən varam”.

 

– Bildiyim qədər ilk və yeganə solo nağara ifaçısız ki, Azərbaycanı dünyada layiqincə təbliğ edirsiz…

– Bəli, ümumiyyətlə dünyada yeganə solo nağara ifaçısıyam.

 

– Təbii ki, xarici ölkələrdə nağara ifaçıları ilə qarşılaşırsız. Onların ifasını, məktəbini bizimki ilə müqayisə edəndə hansı fərqlilik var?

– Bir daha qeyd edirəm ki, solo nağara ifaçısı ilə qarşılaşmamışam. Amma təbii ki, dünyada nağara ifa edən çoxdur. Bu gün qruplar da maşallah çoxdur.

 

– Qaval daşında da ifa etmisiz. Onu ifa edərkən hansı hisslər keçirirdiz?

– Mən Qaval daşının yanına uzun illər gedib-gəlmişəm, bunu  hamı bilir. Bütün nağara çalanları bir yerə yığıb Qobustana göndərsək, gedib onu tapa bilməzlər, azarlar. Mən isə onu özümə  doğmalaşdırdım, öz balam kimi. Qaval daşı yeganə alətdir ki, həqiqətən də “analoqu olmayan” sözü ona yaraşır. Ona görə analoqu olmayan alətdir ki, qədim olmasına baxmayaraq yenə də müasirdir və bunu sübut edir. Halbuki, onun tarixi 11-12-ci əsrə gedib çıxır. Yəni, belə deyirlər. Mən isə ona tarix qoymazdım. Yeganə daşdır ki, onu bizə Allah bəxş edib. Digər alətlər insan təffəkürü sayəsində yaranıb.

Bilirsiz ki, ilk nağaralar saxsıdan olub, torpaqdan yaranıb. Mən onları yenidən bərpa etdim, ömrümü qoydum. 2010-cu ildə bir neçə ədəd saxsı nağara yarada bildim. Peçin içində 15 dənəsindən 2-sini ala biləndə sevinirdim. Onun səsi insan ruhuna çox yaxındır. İnsan torpaqdan əməl gəlib, o da torpaqdan yoğrulduğu üçün səsi insanı yormur. Taxta nağaralar isə müasir nağaralardır. Bir ara ayıb olmasın, onu lütləşdirib, iplərini çıxartmışdılar, giya ki, müasirdir.  Dedim ki, “çılpaq insan biabırçı görünür, onun iplərini yerinə qaytarın, bu da onun paltarıdır. Bu da bizim keçmişimizdir, onu o cür vəziyyətə qoymaq olmaz. Nağaranın ipi nə üçündür? Onun üçündür ki, 7m ip 7 aşığa tarınlanıb çəkilir və öz sözünü deyir, bildirir, istədiyini verir. Bir dəfə nağaranı fırladıb Sadıq Zərbəliyevə soruşurlar ki, “bu nə aradır?” Deyib ki, “ara hissədir də, qoyublar”. Elə şey olar? Bu axı sənin sənətindir. Əgər qoşa nağaranın ara hissəsinin izahını erməni verir, sən verə bilmirsənsə, onda torpaq gedən kimi, alət də əldən gedəcək.

 

– Gündə neçə saat məşq edirsiz?

– 10-12, azı 8 saat. Mənim evim demək olar ki, buradır. Qohum-əqrəba da gəlib məni burdan tapır.

 

– Saatlarla ifa etmək əllərinizə ziyan deyil?

– Bəs sizin xəbəriniz yoxdur ki, mən əllərimə görə əməliyyata girmişəm? Barmaqlarımda çürümə gedirdi.

 

– Bəs indi barmaqlarınızın vəziyyəti nə yerdədir?

– Şükür yaxşıdır. İki barmağım çürüyürdü (həmin barmaqlarını göstərir). Bax burada da əməliyyatın izləri qalıb…

 

– Səbəb nə idi?

– 2004-cü ildə Tayvanın Taypey şəhərində böyük bir festivala qatıldım. Azərbaycan bayrağını da geyinib səhnəyə çıxmışdım. Bayraq deyirəm sənə, daha Aygün Kazımovanın şortikli bayraq geyimindən yox. Nəsə, 4 nağara qoyulmuşdu. Sonra nağaraların sayını artırdılar. Dedilər ki, “Natiq, çoxlu nağara ilə ifa edə bilərsən?” Dedim ki, “25 dənəsi ilə də də ifa edərəm”. Orda bir məqamda əlim sürüşdü, nağaranın kənarına dəydi. Biri var nağaraları görüntü üçün çoxlu sayda qoysunlar, biri də var ki, ritmləri bölüşdürüb ifa edəsən. Onu çatdırmaq çox çətindir. Əlim dəriyə deyil, dəmirə düşəndə bir də gördüm ki, əlim qapqara oldu.  Amma dayanmadım, ifa etdim. Sonra isə gördüm ki, əlim burdan açıldı (barmağındakı yara izini göstərir), kapliyarların  hamısı əzilmişdi. Dedilər ki, barmaqların gedir, sən gəl konsertdən imtina et, evə dön. Dedim nə danışırısız, biz getsək, ermənilər gəlib yerimizdə  oturub ifa edəcəklər. Heç nə olmaz, qoy barmaqlarım qurban olsun xalqıma, vətənimə. Uşaqlar nə qədər etdilərsə, fikrimdən  dönmədim. Doğrudur, Allah da özü kömək oldu ki,  konserti başa vura bildim. Bakıya gələndə bir çox həkimlərə müraciət etdim, axırda müalicə üçün İrana getməli oldum. Daha sonra isə müalicəni Bakıda davam etdirdim. Amma hər il barmaqlarımın müalicəsinə gedirəm. İldə azı 10-15 min onun müalicəsinə xərc çəkirəm.

 

– Bəzən məşhur musiqiçilərin belə, dilindən öz sənətlərindən, alətlərindən nə vaxtsa bezdiklərini eşidirk. Sizin usandığınız zamanlar olubmu?

– Bəzən Ümidə deyirəm ki, “oğlum incimə, mənim ilk balam nağaramdır, ilk dəfə onu qucağımda ilk oturan o olub. Sən böyüyüb qucağımdan düşdün, amma o hələ də qucağımdadır, onu necə sevməyim?”. Məsələn arvada bir şillə vuran kimi səndən boşanacaq. Və yaxud başqasına vursan səni tutacaqlar, aləm dəyəcək bir-birinə. Amma bu nağaraya mən nə qədər şillə vurdum, bir dəfə də üzümə qayıtmadı. Bütün hirsimi də tökdüm, onun üstünə… Şahmar Ələkbərin şeiri yadıma düşdü:

 

Sitəm görəcəksən ulduzlar sanı,

Bir azdan başına od ələnəcək.

Dodaqlar öpəcək qara zurnanı,

Səninsə sifətin sillələnəcək.

Bəxtəvər başına, sillələn nə qəm,

Sillələr ömrünə nur ələyəcək.

Dərd mənim dərdimdir, sabah bilmirəm

Kimlər taleyimi sillələyəcək!

 

Bu şeirdən sonra mən nağara vuranda özümdən asılı olmayaraq kövrəlirəm. Düşünürəm ki, doğrudan da bu həyat çox vəfasızdır. Baxın, bu gün nə qədər elm adamlarını “vururlar”. Dünyada yoxdurlar, ona görə də arxalarınca nə gəlir danışırlar.

Öz sənətindən, alətindən bezənlərə gəldikdə isə, onlar sevdiyini yaxşı sevə bilməyiblər, yalan olub. Nə danışırsız?! İnsan da sevdiyindən bezə bilərmi? Bu sevgi ölənəcən olmalıdır. Vətəni ölənəcən sevməlisən, ondan bezmək olarmı? Birdən görürsən ki, vətəni qoyub gedirlər. Soruşursan ki, “niyə?”, deyir ki, “dolana bilmədim”. Hamı  əziyyətlə yaşayır da. Guya biz keflə yaşayırıq? Nə bilirsən, nə qədər problemimiz var?

Şəxsən mən evləndikdən sonra 11 il evsiz qalıb, soğan-çörəklə yaşamışam. Amma bir dəfə də “uf” demədim, yenə də məşq etdim. Uşaqları indi arvad kimi  böyüdürlər. Bir az dara düşən kimi bilmirlər nə etsinlər. Onlarda bəyəm sevgi ola bilər? Şükür ki, indi oğlumun hər şeyi var. Amma deyirəm ki, “mən soğan-çörəklə böyüdüm, amma sən yağ-balın içində. Bu sənin qismətindir. Amma arada sənə soğan-çörək yedizdirəcəm, səni fəhlə kimi işlədəcəm. Sən butulka təhvil verən, yeşik düzəldən Natiqin oğlusan”. Əsl  sənətkarlar, sənət xəstələri aclıqdan yetişir. Göstərin mənə ki, hansısa dahi toxluqdan mahnı yazıb.

 

– Telefon nömrənizin sonu “13-13”-lə bitir. Bəziləri bu rəqəmin nəhs olmasına, uğursuzluq gətirdiyinə inanırlar. Siz isə deyəsən, əksinə, bu rəqəmdən çəkinmirsiz…

– Bu rəqəmin  özü həm yazılı və görüntü olaraq mənə xoş göründüyü üçün onu seçmişəm. Evdə də hamının nömrəsi “13-13”-lə bitir. Qrupumun da əsas üzvləri 13 nəfərdir. Arada sayı 15-16-a çatdırmışdım, amma sonra yenə də 13 nəfər qaldı.

Bu məqamda klubun məşq otağına keçirik. Natiq Şirinov həm bizim üçün ifalar edir, həm də bir-bir nağaralarını təqdim edir: “Ermənilər heç nə çala bilmir, bacarmırlar. Bir də görürsən ki, xarici ölkədə olanda gəlib mənimlə görüşmək istəyirlər. Hirslənirəm. Həmin vaxt onları itələyən bilməzsən, çünki tutarlar. Biz bu gün ən sivil ölkəyik. Bu bir həqiqətdir, ona görə də bir qədər çətindir… Aşağıda 2 metrlik nağaramı görürsüz, onu yenicə düzəltmişəm. (səhnədəki digər böyük nağaranı göstərərək) Dünyanın  ən böyük nağarası 1 metrlik nağara idi, sonradan o birisini düzəltdirdim”.

 

– Adətən nağaraları kim düzəldir?

– Xüsusi ustalarım var, onlar yığırlar. Bax, bu nağara Almaniyada, məhz mənim üçün yığılıb (ifalar edir). Günümüz ancaq nağara ilə keçir. Evdə də deyirlər ki, “Natiq, bunun axırı necə olacaq?” Deyirəm ki, “Heç nə, axırda mənim meyidimi burdan götürəcəklər” (gülümsəyir). Plastik  nağara ilə dəri nağara arasında fərq var. Dəri həyatdır, canlıdır. Bəzən məcburən səs gücünü çatdırmaq üçün plastik nağarada ifa edirik. Ancaq dəri başqa aləmdir.

Daha bir qeyri-adi, rəngbərəng işıqlı nağaranı anladır: “Bu, saxsı nağaradır. Bunun öz dünyası var. Ermənilər bu nağaranı görəndə deyirdilər ki, bu nağara deyil, başqa şeydir. Sonra bildilər ki, özümə  məxsus düzəldilib. Şərəfsizlər gəlib nağaranın şəklini çəkməyə çalışırdılar ki, özləri də bu cür alət düzəldə bilsinlər. Dedim ki, imkan verməyin onlar şəkil çəksinlər. Amma çəkə bildilər. Buna baxmayaraq inanmıram ki, erməni nəsə düzəldə bilsin. Düzəltsələr belə, bu cür ritm vurmağı bilmirlər. Bunun üçün gərək, gəlib burda dərs keçsinlər. O da ki, alınası deyil… “




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir