Gunay eliyeva

Oftalmoloq-cərrah: “Qadınam, ailə var, uşaqlıyam və s bu tipli məsələlər hamısı bəhanələrdir”

Baxış sayı: 1. 552

Bu yaxınlarda Amerikadan qayıdıb. Bu səfərdə əsas məqsəd Kaliforniya Universitetinin “Juleis Stein” Göz İnstitutunun professor heyətinin dəvəti ilə Hollivudun məşhur professoru Robert Goldbergin cərrahi təlimlərində iştirak etmək olub. Göz qapaqları və göz ətrafının plastik cərrahiyyəsində tətbiq olunan ən son yenilikləri öyrənib, orda əməliyyat aparıb. 5 günlük səfərdən yaxşı təəssürat və yeni biliklərlə qayıdan oftalmoloq-cərrah Dr. Günay Əliyeva ilə söhbətləşdik.

 

– “Azərbaycanlı oftalmoloq Hollivudda” başlıqlı xəbərinizi oxuduq. Elə bu səfərinizdən danışaq.

– Amerikaya Kaliforniya Universitetinin “Juleis Stein” Göz İnstitutunun professor heyətinin dəvəti ilə getmişdim. Hollivudun məşhur professoru Robert Goldbergin cərrahi təlimlərində iştirak etdim. Professorun nəzarəti altında cərrahi əməliyyatlar keçirdim. 5 günlük səfər çox məhsuldar oldu. Ona görə mənim üçün həqiqətən də uğurlu bir səfər olduğunu deyə bilərəm. Karyeramda belə mərhələnin olması ilə fəxr edirəm. Bu səfərdə göz qapaqlarının və göz ətrafının ən müasir plastik cərrahi yenilikləri ilə bağlı yaxşı təcrübə qazandım. Blefaroplastika (Göz qapağının əməliyyatı) günümüzdə çox geniş yayılıb, insanlar buna müraciət edirlər. Göz qapağında dərinin sallanmağı insanlarda yorğunluq təəssüratı yaradır, yaşından böyük görünməsinə səbəb olur. Artıq qapaq dərilərinin götürülməsi gözün görünüşünü, insanın üz cizgilərini cavanlaşdırır. Amma bir məqam var ki, bunu plastik cərrahlar da edirlər. Əslində, burada anatomiyanı bilmək çox vacibdir.

 

– Bu cür öyrədici səfərlər tez-tez olur?

– Sonuncu Amerika səfərim gündəmdə oldu. Amma Amerikada kursa, ya təlimə getməyim ilk dəfə deyildi. Mən Amerika Oftalmoloqlar Akademiyasının üzvüyəm. Axırıncı dəfə Amerikaya noyabr ayında səfər etmişdim. Ora hər dəfə gedəndə cərrahi kurslarda mütləq iştirak edirəm, mənim üçün yeni, maraqlı olan sahələri öyrənməyə çalışıram. Konfranslara tez-tez qatılıram. Çünki insan burda bir çox şeylər öyrənir. Mən həm də bu ilin may ayında Azərbaycan oftalmoloqları üçün Refraksion cərrahiyyə ilə bağlı kurs təşkil etmişdim. Biz Birləşmiş Ərəb Əmirliklərindən gəlmiş tanınmış oftalmoloqla bir yerdə bu kursu keçdik. Ekzimer lazer müayinəsi zamanı həkimlərin gözündən qaça biləcək məqamlarla bağlı məlumat verdik. İşin anatomiyasından tutmuş cərrahi əməliyyatlara qədər hər detalını nəzərə almışdıq. Oftalmoloqlar bunun yararlı bir kurs olduğunu dedilər.

 

– Tək işləməklə kifayətlənmirsiniz, həm də öyrənməyə vaxt sərf edirsiniz.

– İşləməklə yanaşı, digər fəaliyyətlərə vaxt ayırmaq bir az çətindir. Amma içimdə sənətimə olan bir sevgi var ki, bu daim məni öyrənməyə, yenilikləri mənimsəməyə həvəsləndirir. Otağımda kompüter də var, kitablar da. Pasientlər də gələndə bunu görürlər. 5 dəqiqə vaxt edən kimi öyrənməyə sərf edirəm. Hər zaman araşdırıram. Bu mənim sənətimə olan sevgimdən, məsuliyyətimdən irəli gəlir. Xidmətimin keyfiyyətini daha da artırmaq istəyirəm ki, insanların şəfa tapmasına daha çox yardımçı olum.

 

– Bəzən deyirlər ki, xanımlar üçün çətindir, ailə, uşaq məsuliyyəti olanda digər fəaliyyətlərə vaxt ayırmaq heç də həmişə alınmır.

– Bilirsiniz, insan istədikcə hər şeyə nail ola bilər. Təki içində o balaca qığılcım olsun. “Qadınam”, “Ailə var”, “uşaqlıyam” və s bu tipli məsələlər hamısı bəhanələrdir. Çox şükür hər şey qaydasındadır.

Image result for Oftalmoloq Günay Əliyeva

– Təbii ki hər sahədə sürətli dəyişikliklər gedir. Məsələn, siz özünüz bu sahəyə gəldiyiniz vaxtla, indini müqayisə edəndə nə kimi yenilik və dəyişikliklər olduğunu deyə bilərsiniz?

– Bu sahədə yeniliklər çox sürətlə gedir. Həm müalicə, həm protokol, həm də yanaşmada yeniliklər var. Amerikada bir konfransda bunları öyrənmək çətindir. Amma ora gedəndə mən tək konfransla kifayətlənmirəm. Zaman çərçivəsində bir neçə kursa qatılıram, birindən çıxıb o birinə gedirəm, oradan da digərinə. Vaxtımı dəyərləndirməyə çalışıram.

 

– Eynəkli adamların sayı son vaxtlar artıb. Özü də aşağı yaşlarda da bunu görürük. Həkimə müraciət sayı ildən-ilə necə dəyişir?

– Həqiqətən son vaxtlar eynəkdən istifadə edənlərin sayı çoxalıb. Bunun bir səbəbi odur ki, insanlar məlumatlanıblar. Çünki əvvəllər insanlarda eynəyə qarşı bir kompleks var idi, ehtiyac olsa da, taxmırdılar. “Ərim, qaynanam nə deyər” tipli yanaşmalardan dolayı çox insan taxmırdı. Amma indi insanlar, valideynlər daha məsuliyyətli olmağa başlayıblar. Uşağı vaxtında həkimə gətirirlər, biz də erkən olaraq problemləri araşdıra bilirik. Uşaq eynək taxmalıdır ki, gələcəkdə problem olmasın. Amma bütün bunlara baxmayaraq, məsuliyyətsiz davrananlar da var. Uşağın gözündə zəiflik olur, amma valideyn bunu çox gec aşkar edir. Digər tərəfdən, göz zəifliyinin artmasında kompüter, telefon, planşetlər, oxuma yükləri və s. hamısının rolu var. Oxuma yükü bizdə dəhşətdir.

 

– “Gözlər qəlbin aynasıdır” deyirlər. Bu daha çox məcazi yüklü fikirdir. Bəs məsələyə tibbi cəhətdən yanaşa bilərikmi?

– Bəli, yanaşa bilərik. Biz gözə baxanda insanda xolesterin, şəkər, qan təzyiqi və s. xəstəliklərin olub-olmadığını müəyyənləşdirə bilirik. O fikir tək məcazi mənada deyil, həm də tibbi cəhətdən təsdiqini tapır. İnsanın gözündən çox şey oxuya, daxili orqanlarının vəziyyətini müəyyənləşdirə bilirik.

 

– Göz həkimi yəqin ki, kənardan insanların gözlərinin qeydinə qalmaqla bağlı məsələsinə də diqqət edir. Nələri səhv edirik?

– Gözümüzün qeydinə qalmaq üçün yuxu rejimimiz, qidalanmamız, idmanımız qaydasında olmalıdır. İdman həqiqətən də göz əzələləri üçün çox vacibdir. Xüsusilə də məktəb yaşlı uşaqlar üçün. Üzgüçülük, açıq havada badminton ola bilər. İstənilən idman növü vacibdir. Kompüterdən istifadə edərkən də gözlərimizi düşünməliyik. Məsələn, 5-10 dəqiqə kompüterə baxırıqsa, 3 dəqiqə uzağa baxmalıyıq. Televizora 2 metrdən yaxın olan məsafədən baxmaq olmaz. Uşaqların qaməti düz olmalıdır. Qaranlıqda, yaxud uzanaraq kitab oxumasınlar, gözləri yormasınlar. Hər detala fikir verməliyik, amma bunu heç də həmişə edə bilmirik. Uşaq dərsdən gəlir ardınca da kompüterdə oturur, sonra da dərslərini hazırlayır, göz yüklənir. Göz bütün günü yaxına baxdığı üçün də zəifləmə gedir.

 

– Bəs siz özünüz bunlara riayət edirsinizmi?

– Əməliyyatxana, sonra pasiyentlərlə iş, ardınca kompüterdən nələrisə oxumaq. Yəni, hamısı gərginlik verir. Amma mümkün qədər nəzarətdə saxlamağa çalışıram. Evdə uşaqlarım da, həmçinin. Düzdür, mən evdə olmayanda qaydalara tam riayət etmirlər (Gülür). Amma ümumilikdə buna çalışırıq.

 

A.Əhmədova

Image result for Oftalmoloq Günay Əliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir