valideyn

Ölkə qanunvericiliyi uşaqlara ailədə hansı hüquqları tanıyır?

Baxış sayı: 1. 054

Dünyanın inkişaf etmiş ölkələrində valideynlərlə uşaqlar demək olar ki, bərabər hüquqa malikdirlər. Məsələn, uşaqlar ailədə müzakirə olunan mövzulara böyüklər qədər münasibət bildirməkdə sərbəstdirlər, ailədə qəbul olunan qərarlar zamanı mütləq uşaqların nə düşündüyü nəzərə alınır. Azərbaycanda isə valideyn-uşaq münasibətlərinin bu səviyyəyə çatması hələ ki, mümkünsüz görünür.

 

Bəs, görəsən, ölkə qanunvericiliyi uşaqlara ailədə hansı hüquqları tanıyır? Uşaqlar valideynləri tərəfindən zorakılığa məruz qaldıqda valideyni məhkəməyə verə bilərmi?

Uşaq Hüquqları Liqasının sədri Yusif  Bəkirov məsələyə ilə bağlı fikirlərini bölüşərkən bildirdi ki, ölkə qanunvericiliyində uşaq hüquqlarının müdafiəsi geniş şəkildə təsbit olunub. Onun sözlərinə görə, “Uşaq hüquqları haqqında” qanunun 12-ci maddəsinə əsasən, ilk növbədə uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ var: “Müstəsna hal kimi uşağın tutulmasına, həbs edilməsinə yalnız ölkə qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilə bilər. Uşaq tutulduqda və ya həbs edildikdə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat verilməlidir”.

Uşaqların valideynlərini məhkəməyə vermək hüququnun olub-olmamasına gəlincə, Yusif Bəkirov deyir ki, uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Onun sözlərinə görə, istənilən fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar rəftar hallarını müşahidə etdikdə belə rəftarın qarşısının alınması üçün müvafiq orqanlara müraciət edə bilər: “Valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə, habelə inzibati və ya cinayət məsuliyyətinə səbəb olur”.

 

Uşaq valideynləri tərəfindən tərbiyə olunmaq hüququna malikdir

Hüquq məsləhətçisi Vasif Həsənov da deyir ki, Azərbaycanda uşaq hüquqları beynəlxalq konvensiyalar, Ailə Məcəlləsi, “Uşaq hüquqları haqqında” Qanunla və digər normativ hüquqi aktlarla qorunur. O qeyd edib ki, həm beynəlxalq konvensiyalar, həm də Azərbaycan qanunvericiliyi ilə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Onun sözlərinə görə, hər bir uşağın ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququ var: “Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Yəni, valideynlərinin nikahının pozulması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etməməlidir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Ailə Məcəlləsinin tələbinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Hətta valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Uşağın ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə müəyyən olunmuş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququ var”.

Vasif Həsənov onu da bildirir ki, uşağın valideynləri olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, uşağın ailədə tərbiyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilməlidir. Onun sözlərinə görə, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir: “Qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatana qədər tam fəaliyyət qabiliyyətli hesab edilən şəxslər öz hüquq və vəzifələrini, o cümlədən müdafiə hüququnu müstəqil formada reallaşdırırlar”.

Xatırladaq ki, qanunvericilik uşaqlara hüquq və mənafeləri pozulduğu halda məhkəməyə müraciət etmək hüququ verir. Belə ki, uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmçinin uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin müvafiq icra hakimiyyəti orqanına məlumat verməyə borcludurlar. Müvafiq icra hakimiyyəti orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməlidir.

 

Qanun var, amma…

Vasif Həsənov deyir ki, bəzən uşaqlar ailədə müxtəlif məsələlərin müzakirəsindən kənar tutulur, onların həmin məsələ ilə bağlı fikirləri nəzərə alınmır. Amma qanunvericilik bu sahədə uşaqların mənafeyini müdafiə edir. Onun sözlərinə görə, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bəzi hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər: “Uşağın ailədə hüquqlarından biri də onun ad, ata adı və soyad daşımaq hüququdur. Uşağa ad valideynlərin razılığı ilə verilir. Soyad isə bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir”.

Həmsöhbətimiz bildirir ki, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Onun sözlərinə görə, 10 yaşına çatmış uşağın adı və soyadının dəyişdirilməsi isə yalnız rəsmi razılığa əsaslanmalıdır: “Yerli qanunvericilik həm də uşaqların əmlak hüquqlarını müdafiə edir və uşaq öz valideynlərindən, eləcə də ailənin digər üzvlərindən vəsait almaq hüququna malikdir. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir