Zumrud Haqverdiyeva

Ölümü uşaqlara necə izah etmək lazımdır? – “SEANS VAXTI”

Baxış sayı: 510

Ölüm demək olar ki, hər kəs tərəfindən başa düşülən və dözülməsi  çox çətin bir hadisədir. Kiçik yaşlı  uşaqlar üçün ölümü dərk etmək və ailə üzvlərindən birinin yoxluğuna dözmək daha da çətindir. Adətən 3 yaşa qədər olan uşaqlar ölüm anlayışını başa düşmürlər. Bu səbəbdən həyatının ilk 3 ilində yaxınlarının ölümü ilə qarşılaşan uşaqlar digər yaş qruplarında olan uşaqlara nisbətən ölümü daha az qorxulu görürlər. Təxminən 4-5 yaşlarında uşaqlar ölümdən, yaxınlarını itirməkdən daha çox qorxmağa başlayırlar. Bu yaşda onlar ölümü geri dönüşü olmayan  uzun bir səyahət kimi qəbul edirlər. Ölən qohumu və hətta  heyvanı üçün “ Daha bəsdir, qayıt”  kimi sözlər deyə bilərlər.

Yalnız 5 yaşından sonra uşaqlar ölümün geri dönməz bir hadisə olduğunu və yalnız canlılara xas  olduğunu öyrənməyə başlayırlar. 6-7 yaşlarında isə  ölümü xəstəlik və qocalıqla əlaqələndirilməyə başlayırlar. Yalnız ibtidai sinfin  sonlarına doğru, 10-12 yaşlarında uşaqlar ölümün bu dünyada həyatın sonu olduğunu və ölənin  bir daha bu dünyaya qayıtmayacağını anlayırlar.

Valideynlər və ya yaxın ətraflar məktəbəqədər yaşlı uşaqlara ölümü izah etmək üçün aşağıdakı nümunələrdən  istifadə edə bilərlər: “Bütün canlıların həyatlarının başladığı və bitdiyi bir vaxt var. Başlanğıc və son arasındakı dövrə həyat deyilir. Bu, bütün canlılara aiddir. Məsələn, cücələr yumurtadan çıxdıqdan sonra yaşamağa başlayır; böyüyür, toyuq olur;  Sonra qocalıb ölürlər. Bu, bütün çiçəklərə, balıqlara, pişiklərə və insanlara aiddir. Bütün canlılar doğulur, böyüyür, qocalır və ölür. Bu yer üzündəki canlıların heç biri əbədi yaşamır”. Bütün insanların da yaşama müddəti fərqlidir. Buna yalnız insanlar üzərindən deyil də, digər canlıları da nümunə gətirməklə izah etmək olar.

 

Uşağın psixologiyasına təhlükə yarada biləcək ifadələrdən  bəziləri

: Ölülər torpağa girib məhv olurlar,

Allah sevdiklərini özü ilə apardı,

Ölüm cəzadır kimi mesajlar uşağı çox çaşdıra bilər. Uşağın torpaqdan və yuxudan qorxmasına, Allahı onu cəzalandıran bir hakim kimi görməsinə  səbəb ola bilər. Bundan başqa, bu cür mesajlara görə uşaq qohumunun ölümünə görə məsuliyyət, günah və ya qəzəb hiss edə bilər. Bu hisslər uşağın sağlamlığını itirməsinə səbəb olur.

 

Uşağa yaxınını itirmək xəbəri necə verilməli?

1) Ölüm xəbəri uşağa öyrənildikdən sonra ilk  anda verilməlidir. Bu xəbərin uşaqdan çox uzun müddət gizlədilməsi düzgün deyildir. Uşaq ölüm xəbərini ətrafdakı digər insanlardan öyrənə və ya hiss edə bilər; bu vəziyyətin pisləşməsinə səbəb ola bilər.

2) Uşağın yanında heç nə yoxmuş kimi ehtiyatsız davranmaq, qışqıraraq özünü yerə ataraq ağlamaq da düzgün deyil.  Uşaqlar, böyüklər kimi, müxtəlif dövrlərdə belə xəbərlər qarşısında fərqli davranışlar göstərə bilər. Uşağı davranışına görə tənqid etmək, qınamaq, alçaltmaq düzgün deyil. Uşağa hisslərini ifadə etməyə imkan verilməlidir. Uşağı bu mövzuda danışmağa məcbur etməməli, heç vaxt geri çevirməməli, verdiyi suallar cavabsız qalmadan, yaşına uyğun cavablandırılmalıdır.

3) Uşaq digər  ailə üzvlərindən uzaqlaşdırılmamalı və hadisədən dərhal sonra başqa mühitə göndərilməməlidir. Böyüklər kimi uşaqlar da bu dövrdə bir yerdə olmalı, ağrıları paylaşmalıdırlar.

4) Məktəbəqədər yaşlı uşaqları dəfn mərasimlərinə və ya ölülərin təmizləndiyi yerlərə aparmaq düzgün deyildir.

5) Ailələrin dini bilgilər çərçivəsində övladlarına ölümü izah etmələri mümkün ola bilər. Hər ailə öz inanc və mədəniyyətinə uyğun olaraq çox təfərrüata varmadan ölümlə bağlı açıqlama verə bilər.

Ölümdən sonra uşaqda yarana biləcək bəzi narahatlıqlar nələr ola bilər?

1) Yataq islatma, oğurluq, kəkələmə, aqressiya, əsəbilik, barmaq əmmə, dırnaq yemə və s.

2) Kabuslar, gecə qorxuları

3) Yuxusuzluq

4) Yemə pozuntuları

5) Ağrılar (baş, qarın və s.)

6) Huşun itməsi

7) Məktəbdə uğursuzluqlar

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir