Onlar niyə öləndən sonra dirilmək istəyirlər?

Baxış sayı: 1. 674

Hər şey ondan başladı ki, Amerikadakı Oakland Citidə yaşayan 71 yaşlı psixiatr Eugene Donovan qida borusu xərçənginə tutuldu. Bu xəstəlikdən qurtula bilməyəcəyini anlayan psixiatr dondurulmağa qərar verdi. Onsuz da hər zaman əbədi həyat arzusunda olan birisiydi. İnanırdı ki, elm və tibb bir gün ölümsüzlüyü kəşf edəcək, amma onun ömrü buna çatmayacaq.

Ona görə də “Alcor Life Extension Foundation” adlı şirkətlə bir razılaşma imzaladı. Eugenenin dörd doğma, üç ögey övladı vardı. Ögey uşaqları belə bir arzuya düşüb, hansısa “fırıldaq şirkət”lə saziş imzalamağı ağılsızlıq, pulu küçəyə atmaq hesab edirdi. Düşünürdülər ki, ögey atalarının ölümündən sonra onlara bir qəpik də pul qalmayacaq.
Beləcə, ailə iki yerə ayrıldı. Doğma uşaqlar atalarının dondurulmasına razı, ögeylər isə narazı idi. Hətta sonunculardan biri Eugenenin əqli durumunun yerində olmadığını ortaya atdı. Digər qardaşlar da dərhal hərəkətə keçib, bunun əksini sübut edən bir arayış aldılar.
Qoca psixiatr 1989-cu ilin 21 mart tarixində səhər saatlarında dünyasını dəyişdi və dərhal prosedurlara başlandı. Öncə mərhumun qanını damarlarından boşaltdılar. Ardınca damarlar yüksək təzyiqli, sterilizə olunmuş su ilə təmizləndi. Eugene yalnız başının dondurulmasını istəyənlərdən idi. O inanırdı ki, gələcəkdə elmin inkişafı o səviyyəyə çatacaq ki, tək bir hüceyrədən bir insan belə yarana bilər. Əməliyyatın ən önəmli hissəsi bu idi – nevralizasiya. Lazımi hüceyrələrin dondurulub saxlanmasından sonra bədəni geri göndərilib yandırıldı.
 
İlk təcrübə uğurlu olub – iti öldürüb, sonra da həyata qaytarıblar
Maraqlıdır ki, əslində bu sayaq bir qərar da risk sayılır. Ölümdən sonra nə risk deməyin. Bir var, dədə-baba qaydasında öləsən, qəbrin, baş daşın, yaxınlarının ziyarət edəcəyi bir yer ola. Bir də var, tibbin nə vaxtsa inkişaf edib, səni dirildəcəyinə inanaraq bədənini dondurasan. Bu termin ilk dəfə 1965-ci ildə istifadə olunub. Bundan əvvəl isə 30-cu illərdə Neil R. Jones yazdığı bir romanda insanların dondurulmasından bəhs edib. Məşhur fizika alimi Robert C. W. Ettinger də 1964-cü ildə işıq üzü görən “Ölümsüzlük ehtimalı” adlı kitabında yazırdı ki, insanları dondurub gələcəkdə canlandırmaq mümkündür.
Dünyada dondurulan ilk adam 73 yaşında ağciyər xərçəngindən dünyasını dəyişən amerikalı psixoloq Ceyms Bedforddu. O, 1967-dən bəri buzlar içində dirildiləcəyi günü gözləyir. Amma dünyada bu axına qarşı çıxanlar bəs deyincədir. Məsələn, bəziləri düşünür ki, nano-texnologiyanın və tibbin çox irəlilədiyi biz zamanda tək bir hüceyrədən belə bir insanı yaratmağın mümkün olacağı zamanda kimisə yenidən həyata qaytarmaq vədi ümid tacirliyi, insanları aldatmaqdır. Halbuki həyata keçirilən bir təcrübə artıq bu prosesin mümkün olacağını sübut edir.
Söhbət doktor Paul Segalın 1992-ci ildə Amerikanın “Cryonics Society” təşkilatının sponsorluğu ilə Kaliforniya Universitetində həyata keçirdiyi o məşhur təcrübədən gedir. Doktor Seqal beagle cinsli sevimli iti Milesi dondurub təkrarən diriltməyi bacarmış və bu təcrübə elm adamları üçün o gündən bəri böyük bir sübut sayılır.
Məlumat üçün bildirək ki, sözügedən it qanı çəkiləndən sonra dondurularaq öldürülmüş, 70 dəqiqəlik klinik ölümün ardınca isə qanı təkrarən damarlarına vurularaq otaq temperaturuna geri qaytarılmışdı. Üç yaş yarımlıq it təkrar həyata geri qayıdanda bütün xarakteristik cəhətlərini olduğu kimi daşıyırdı. Vərdişləri və xasiyyəti dəyişməmişdi. 70 dəqiqəlik olsa da, ölüb yenidən həyata qayıtma təcrübəsi artıq özünü doğruldub. Növbə itdən sonra bunu insanların üzərində təcrübədən keçirməkdir.
Adına cryonics deyilən bu prosedur, sadəcə, cəsədi buzların içinə qoymaqla bitmir. Çünki insan bədəni heç bir təhlükəsizlik tədbiri görülmədən dondurularsa, buz kristalları onu əhatə edər və bu, son nəticədə su itkisinə gətirib çıxarar. Bununla da gərginləşən hüceyrə zərləri cırılıb bədəni parçalayar. Bunun qarşısını almaq üçün donmayan müəyyən kimyəvi maddələrdən istifadə olunur. Ölü bədən öncə buz qəlibləri ilə soyudulur və döş qəfəsi açılaraq bədəndəki qan damarlardan çəkilir. Vücuda yayılması təmin olunan solisiya bədən temperaturunun mənfi 50 dərəcəyə düşməsini təmin edir. Bədəndəki yağların soyuducuda qalmış bir neçə günlük yağlar kimi qırışmaması üçün isə xəstə içi natrium dolu böyük metal silindirlər içərisində mənfi 196 dərəcədə qorunur.
 
Bədənin dondurulması 150 min, təkcə başın dondurulması 80 min dollardır
Ən böyük cryonics şirkəti ABŞ-dakı “Alcor Life Extension Foundation” adlanır. Onu nüfuzuna və populyarlığına görə Amerikanın “Cryonics Society”, “Cryonics Institute” ve “Trans Time” adlı şirkətləri izləyir. Bu üç şirkətdə hazırda dondurulmuş olaraq bir gün dirildilməyi gözləyən 230 xəstə var. Ölərkən dondurulmaq üzrə anlaşmaya imza atmış insan sayı isə 900 nəfərə yaxındır. Keçək qiymət məsələsinə. Bütün bədənin dondurulma xərci 150 min, təkcə başın dondurulması xərci isə 80 min dollardır. Ödəmə üçün bəzi güzəştlər də nəzərdə tutulur. Əvvəlcə bir həyat sığortası hazırlatmaq mümkündür. Onun kreditlərini isə ölənə qədər sistemli ödəmək. Ölümdən sonra qalacaq miras isə yaxınlara verilmir. Onun bir hissəsi dondurulma məsrəflərinə yönəldilir. Yerdə qalanı isə faiziylə birgə “mərhum”un yenidən həyata qayıdacağı, buzlarının çözüləcəyi günə qədər onun adına yığılır.
 
Dondurulmaq istəyənlərin çoxu adını məxfi saxlayır
Türkiyədə bu dondurulma anlaşmasını imzalayan şəxslərdən biri Günər Qurbandır. O da sözügedən qərarını “artıq kəfənin də cibi var” deyə şərh edir.
Maraqlıdır ki, yenidən həyata qayıtmaq istəyən insanla anlaşma imzaladığı firma arasında ilginc prosedurlar var. Məsələn, şirkət “potensial mərhum”a bilərzik və ya boyunbağı verir. Onların içində isə həmin şəxs haqda məlumatlar. Yəni əgər insan gözlənilməz bir şəkildə və yerdə ölərsə, onu tapanların hara baş vurmalı olduğu həmin bilərziklə boyunbağının içində yazılır. Çünki əks halda, qəfil ölən şəxsi kimlərsə təcili yardımla xəstəxanaya, oradan da morqa aparıb basdıra bilər. Bunun qarşısını almaq üçün ehtiyat tədbiri görülüb.
Yuxarıda adını çəkdiyimiz G.Qurban Türkiyədə bu xidmətə müraciət edən ilk və tək şəxsdir. Türkiyə mətbuatının yazdığına görə, G.Qurban Türkiyədə doğulub boya-başa çatsa da, əsli-kökü Azərbaycandandır. Siyahıdakıların çoxu məxfiliyinin qorunmasını istəyir və bunun üçün saziş imzalayırlar. Amma kimsə ölmədən öncə adını dünyaya bu cür çatdırmaq istəyirsə, ona da mane olan yoxdur. Odur ki, siyahıda hansısa yerlimizin olması ehtimalı istisna deyil. Adı dünyaya məlum olan, dondurulmuş iki məşhur sima yazar Dik Cons və əfsanəvi beysbol oyunçusu Ted Villiamdır.
Siyahıdakı azəri türkü: “İşlərimi qurtaran kimi öncə evtanaziya etdirəcəm, sonra dondurulacam”
Keçək həmyerlimizə. G.Qurban “Alcor” firması ilə 1992-ci ildə dondurulma sazişi imzalayıb. Elə həmin vaxt şirkətin Türkiyə təmsilçiliyini də alıb və o zaman 16 nəfər türk anlaşma üçün ona müraciət edib. Amma hazırda həmin türklərin adları cəmiyyətə açıqlanmır. G.Qurban özünün dondurulma istəyini isə belə izah edir: “Mən başqa insanlar kimi yaşamağı çox sevdiyim və ya əbədi həyatdan zövq aldığım üçün bu anlaşmanı imzalamamışam. Tək istəyim qısa müddətə də olsa gələcəkdə dünyanın necə olduğunu görə bilməkdir. Texnologiyanın inkişafını, şüalanmanı, zaman maşınının icadını, insanların beynini 100 faiz istifadə edəcəyini, eləcə də digər Günəş sistemlərinin kəşfini görmək istəyirəm. 80 il ərzində insanların yenidən həyata qayıda biləcəyiniə inanıram. Çünki texnologiya inanılmaz sürətlə irəliləyir. Bu inkişaf nəticəsində siz istədiyiniz yaşda da oyana bilərsiniz. Mən 17 yaşımda oyanmaq, daha doğrusu, oyandırılmaq istəyirəm. 50 ildə bir neçə həftəliyinə oyansam, bu, mənə bəs edər”.
 
G.Qurban dünyada ilk canlı olaraq dondurulacaq insan olmağını hədəfləyir. Yəni o, dondurulmaq üçün ölümü gözləmək istəmir: “Artıq həyat sevinclərim azalmağa başladı. Yaşlılığın tələsinə düşmək istəmirəm. İnsanlar ruhlarıyla bərabər yaşlanırlar, amma mənim ruhum 17 yaşındadır. Bir az daha yaşasam, onsuz da gəncləri qısqanmaqdan öləcəyəm. O səbəbdən də işlərimi qurtaran kimi, planlaşdırdığım kitabı yazan kimi Kolumbiyaya gedib eftanaziya (tibbi üsullarla həyatın dayandırılması, bir növ tibbi intihar-S.T.) etdirəcəyəm. Ardınca da dondurulacağam”.
G.Qurban sözügedən prosedurun dini qaydalara zidd olması barədə suallara da aydınlıq gətirib. Deyib ki, əslində bu günün tibb anlayışına görə, ölü olaraq qəbul edilən şəxslər gələcəyin tibbinə görə ölü olaraq qəbul edilməyəcəklər. Ona görə də bunun hansısa qaydalara zidd olması sualı gündəmdən qalxır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir