Onlayn mağaza açanların sayı artsa da, onların hamısı satışda uğur qazana bilmir. Reklam, müştəri etimadı, düzgün qiymət və rəqiblərdən fərqlənmək əsas problemlər sırasındadır. Bəs internet üzərindən qurulan mağazanı uğurlu biznesə necə çevirmək olar?
Biznes təlimçi, “Karnegi Şəxsi İnkişaf Akademiyası”nın rəhbəri Dr. Nəcəf Allahverdiyev Valyuta az-a açıqlamasında bildirib ki, onlayn mağaza açmaq bu gün əvvəlkindən daha asandır: “Bir səhifə yaratmaq, məhsulu yerləşdirmək, reklam vermək mümkündür. Amma əsas məsələ səhifəni açmaq deyil, onu işləyən və qazanc gətirən biznesə çevirməkdir”.
Nəcəf Allahverdiyevin sözlərinə görə: “Uğurlu onlayn biznesin iki əsas tərəfi var: texniki tərəf və strateji yanaşma. Texniki tərəf biznesin təməlidir. Ənənəvi mağazada məkan, məhsulun təqdimatı və satış prosesi necə vacibdirsə, onlayn biznesdə də peşəkar sayt və ya sosial şəbəkə hesabı, məhsulun düzgün təqdimatı, rahat sifariş prosesi və müştəri ilə kommunikasiya vacibdir. Amma bunların olması hələ uğur demək deyil. Çünki tələbat olan yerdə rəqabət də olur”.

Nəcəf Allahverdiyev qeyd etdi ki, bazara ilk çıxan yox, daha gec daxil olub işi daha düzgün quran şirkət daha çox satış edə bilir:
“Burada artıq strateji yanaşma ön plana çıxır. İlk sual çox sadədir: müştəri niyə məhz sizi seçməlidir? Əgər siz də rəqibinizlə eyni məhsulu, eyni formada və eyni şəkildə təqdim edirsinizsə, müştərinin sizi seçməsi üçün əsas səbəb çox vaxt yalnız qiymət olacaq. Bu isə biznes üçün təhlükəli yanaşmadır. Burada unikal bazar təklifi mövzusu ortaya çıxır. Unikal bazar təklifi — məni digərlərindən fərqləndirən əsas cəhətdir. Yəni müştəri özünə sual verməlidir: “Niyə məhz bu mağazanı seçməliyəm?” Bu fərq yalnız qiymətdə olmamalıdır. Çünki qiyməti aşağı salmağın, yəni dempinqin sonu yoxdur. Siz qiyməti endirəcəksiniz, sabah başqa biri sizdən də aşağı qiymət təklif edəcək. Bu yarışın sonu yoxdur. Fərqi başqa yerdə yaratmaq lazımdır”.
Biznes təlimçisi qeyd edib ki, siz daha sürətli ola bilərsiniz: “Müştəri ilə daha yaxşı kommunikasiya qura bilərsiniz. Sifariş prosesini daha rahat edə bilərsiniz. Daha operativ çatdırılma, daha yaxşı zəmanət, satışdan sonrakı xidmət və ya məhsulun daha düzgün təqdimatı sizin üstünlüyünüz ola bilər. Əsas məsələ budur ki, müştərinin “niyə məhz siz?” sualına konkret cavabı olsun. Əgər bu cavab yoxdursa, müştəri sizi digərlərindən fərqləndirə bilmir və seçim çox vaxt yalnız qiymət üzərindən gedir”.
“İkinci böyük məsələ etibardır. Fiziki mağazada insan məhsulu görür, ona toxunur, satıcını tanıyır, ünvanı bilir. Onlayn alışda isə müştərinin qarşısında müəyyən qeyri-müəyyənlik var. Ona görə də ilk növbədə düşünür: “Mən bu səhifəyə etibar edə bilərəmmi?” Bu etibarı yaratmaq üçün real müştəri rəyləri, məhsul haqqında dürüst məlumat, açıq əlaqə vasitələri, çatdırılma və geri qaytarma qaydalarının aydın olması çox vacibdir. Burada süni rəylər və həddindən artıq şişirdilmiş təqdimatlar əks nəticə də verə bilər. Müştəri bunu hiss etdikdə etibar daha tez itir” – deyə Nəcəf Allahverdiyev qeyd edib.
Biznes təlimçisinin sözlərinə görə: “Uğur düzgün strategiya, unikal bazar təklifi, fərqlənmə, etibar, yaxşı kommunikasiya və davamlı ölçmə üzərində qurulur”.
Nəzrin Gəncəliyeva











































































































































































