zorakiliq

Onun qolları yoxdur, yoxsa sənin vicdanın?

Baxış sayı: 518

Artıq insan telefonu əlinə almağa belə qorxur. Çünki bilir ki, ekranda onu yenə bir ağır xəbər, faciə, kiminsə yarımçıq qalan həyatı gözləyir.

Uşaqlığımızın təsadüf etdiyi 90-cı illərdə də səhərlərimiz belə açılırdı. Onda gələn xəbərlər torpaq itkisi, şəhid xəbərləri idi. Ağrısı böyük idi, amma səbəbi də bəlli idi. Müharibə!

İndi isə müharibə bitib, amma sanki xəbərlərin ağırlığı bitməyib. Hər gün ağlımızın ucundan belə keçməyəcək hadisələr haqqında oxuyuruq. Elə xəbərlər ki, insanı şoka salır, dəhşətə gətirir.

Bütün beynin həmin hadisənin baş verdiyi ana köklənir. Nə etsən də, başını nə ilə qatmağa çalışsan da, səni rahat buraxmır.

Axı nə qədər eşitmək olar? Ata oğlunu öldürdü, qardaş bacısını bıçaqladı, 76 yaşlı “kişi” qonşusunun azyaşlı uşağına qarşı seksual xarakterli hərəkətlər etdi…

Kimlərinsə məsuliyyətsizliyi ucbatından neçə-neçə insanın həyatı məhv oldu.

Ötən gün Şəkidə istirahət mərkəzinə gedən iki gənc kimlərinsə səhlənkarlığının qurbanı oldu. Biri yenicə ailə qurmuşdu, digəri isə nişanlı idi.

Hansı sosial şəbəkəyə daxil olursan, fotoları çıxır qarşına. Hər dəfə fəryad edən analar, həyat yoldaşı, birinin nişanlısı gəlib durur gözlərinin önündə. Rahat buraxmır səni. Tanımadığın, heç vaxt üzünü görmədiyin insanlar min sualla gözlərinin önündə canlanır. Haqq, ədalət tələb edirlər. İnsan bir yerdən sonra özünü də günahkar sayır. Sanki ölkədə baş verən bütün bu hadisələrdə onun da bir payı, məsuliyyəti var. Vicdanın səni rahat buraxmır.

Bəlkə də vaxtında susmasaydıq, hər sahədə öz işinin məsuliyyətini daşımayan, savadı və bacarığı olmayan insanların qarşısında etiraz etməyi bacarsaydıq, bu gün bu qədər insanın həyatına toxunan problemlərlə üz-üzə qalmazdıq.

Bəlkə müəllimə, həkimə, sürücüyə, mühəndisə, məmura, bir sözlə, gördüyü iş insan həyatına təsir edən hər kəsə “bu işi bacarırsanmı?” sualını vaxtında verə bilsəydik, bu qədər yanlışın qarşısını almaq mümkün olardı.

Bəlkə kiminsə tanışlıqla, əyri yollarla, məsuliyyətsizliklə öz yerinə gəlməsinə göz yummasaydıq, bu gün bir çox insanın həyatını, sağlamlığını, gələcəyini taleyin ümidinə buraxmazdıq.

Bəlkə də məsələ təkcə işi düzgün görməyənlərdə deyil. Onların qarşısında vaxtında dayanmağı, haqqımızı tələb etməyi bacarmamağımızdadır.

Bəlkə vaxtında etiraz etsəydik, bu qədər “bəlkə”miz olmazdı…

Bu səhər işə gələrkən yolda telefonu əlimə aldım. Yenə bütün şəbəkələri zəbt edən daha bir sarsıdıcı xəbər. Ana yenidoğulan körpəsindən imtina edib.

Bu xəbər də yeni deyil. Dəfələrlə eşitdiyimiz xəbərlərdən biridir. Amma bu dəfə onu dəhşətli edən başqa bir detal idi. Doğulan körpənin qolları yox idi.

“Anа” müqəddəs, əvəzolunmaz varlıq. Övladı üçün bütün həyatını fəda edən.

Axı biz bu günə qədər ananı bu titullarla tanımışıq.

İndi nə oldu?

Yenicə dünyaya gələn bir körpənin o qədər qayğıya, qulluğa ehtiyacı var ki… Sən onu ilk gündən necə zalım həyatın öhdəsinə buraxa bilərsən axı?

Hələ qolları olmadığına görə…

Axı körpənin dünyaya gəlib-gəlməməsi onun yox, sənin qərarın olub.

Axı tibb çox inkişaf edib. Vaxtında hər şeyi bilib, onun həyata gəlməməsi üçün nəsə edə bilərdin. Amma artıq gecdir. İndi onun seçdiyi yox, bizim qurduğumuz bu dünyada yaşamaqdan başqa çarəsi yoxdur.

Necə bir vicdan sahibi olasan ki, yenicə dünyaya gəlmiş körpədən imtina edəsən?

Onun qolları yoxdur, amma yaşamaq haqqı var. Qorunmaq, sevilmək, ana qucağına sığınmaq haqqı var. Bəlkə də indi bu dünyada ən çox ehtiyacı olan şey elə ana qucağıdır.

Bu qərar verən bir insanın vicdanı ola bilərmi?

Axı necə edəsən ki, bu qədər sarsıdıcı hadisənin içində normal psixologiyada qala biləsən? Yəqin ki, bunun üçün ən azı, övladından imtina edən o qadın qədər vicdansız olmaq lazımdır.

 

Gülnar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir