mektebli

Özündən ağır çantanın altında qalan məktəbli

Baxış sayı: 1. 357

Məktəbli çantasının ağırlığı valideyn və şagirdlərin ağrılı yeridir. Xüsusilə də, ibtidai sinif uşaqları ağır çantaları, dərslikləri daşımaq iqtidarında deyillər. Ekspertlərin dəfələrlə dediyi “Şagird dərsdə öyrənməlidir, iş dəftərləri məktəbdə qalmalıdır” təklifi gerçəklikdə işləmir. Nəticədə şagirdlər 4-5 dərslik və onların iş dəftərlərini, bəzən elə testləri də çantada daşımalı olurlar. Bir sözlə, məktəbli çantası şagirdin daşıya bildiyi normal çəkidə olmalıdır. Amma bizdə belə deyil.

Bakı sakini Elnarə Xudiyeva bizimlə söhbətində bildirib ki, təhsil sistemindəki mövcud durum tədris prosesinin keyfiyyətini yüksəltmək əvəzinə əksinə geri aparır: “Bu gün valideynlər həm özləri uşaqların yerinə dərs oxuyur, yəni tapşırıqları edir, həm də ağır, uşaqların yaş təfəkkürünə uyğun gəlməyən çalışmalarla dolu iş dəftərləri, testləri və s. daşıyırlar. Düşünürəm, komissiya təşkil olunmalı, siniflərdə tədrisin keçirilmə qaydası, tədris proqramının uşaqların yaşına uyğun olub-olmaması əsaslı, ciddi şəkildə yoxlanılmalıdır. Bir sinifdən 3-4 uşağın proqramı sərbəst qavraması, qalanların repetitorlarda gününü keçirməsi ilk növbədə proqramın və dərsliklərin düzgün tərtib olunmadığını göstərir”.

 

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədov bildirir ki, bəzi valideynlər məktəbə yollanan uşaqları üçün məktəb ləvazimatı alarkən ən çox onların çantasının görünüşünə, tikilişinə fikir verirlər: “Çünki bəzən şagirdlərin götürdüyü çantaların ya özü ağır olur, ya da onun içərisinə o qədər dəftər-kitab yığılır ki, bu da şagirdlər arasında onurğa əyriliyinə kimi gətirib çıxarır. Ağır çantaları daşımaq uşaqlarda bir çox xəstəliklərə yol açır. Ona görə də məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir”.

Ekspert deyir ki, eyni zamanda çantanın materialına, onun necə daşındığına diqqət yetirmək lazımdır. Bunu etmədikdə yük birtərəfli qaydada bir çiyni üstə düşur və skaliozla nəticələnir. Bu isə sonda onurğa əyriliyinə gətirib çıxarır.

Əsədov qeyd edir ki, bu gün təkcə dərs oxumaq yox, həm də o dərsi oxumaq üçün kitabları qoyduğumuz çantaları daşımaq müşkülə çevrilib: “İndi əksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlərdən çox valideynlərin daşıdığını görürük. Bu isə, əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir. Ağırlığı bəzən hətta 10 kiloqramı keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları yükə çevrilib. Çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır. Bilirsiz, şagird özü ilə hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa, bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır”.

Həmsöhbətimiz məktəbli çantasının necə olması ilə bağlı beynəlxalq təcrübəni və qəbul olunan prinsipləri də açıqladı: “Çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər”.

Bununla bağlı monitorinq apardığını deyən ekspertin sözlərinə görə, məlum olub ki, I sinif üçün 5 kitab var, onların çəkisi 2 kiloqram 145 qramdır, iş dəftərləri ilə birlikdə 4 kiloqram və ya 5 kiloqrama yaxındır. Əlavə qələm və digər ləvazimatları da daxil etdikdə bu rəqəm 7 kiloqrama çatır. Əlbətdə ki, bu 1-ci sinif şagirdi üçün çoxdur.

K.Əsədov bu məsələdən çıxış yolunu təklif edir ki, çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı, kitabların həcmində ixtisarlar edilməlidir: “Bundan başqa, elektron dərsliklərdən istifadə etməklə məsələni həll etmək mümkündür, eyni zamanda hər bir şagirdə eyni dərslikdən 2 nüsxə verib birini evdə, birini sinifdə saxlamaqla çantanı yükdən azad etmək olar”.

 

Tibbi ekspert, terapevt Hüseyn Mehdiyevin dediyinə görə, son zamanlar məktəblilərin çantalarının çox ağır olması tez-tez müzakirə olunur və gündəmdə olan məsələdir: “Bunun uşaqlarda hansı fəsadlara səbəb olmasından da çox danışılır. Uşaqlar üçün alınan məktəbli çantası və içinə yığılanlar doğrudan da çox ağır olur. Belə çantaları uşaqlar, elə valideynlər üçün daşımaq çox çətindir. Çox vaxt görürsən ki, valideynlər çantaları uşaqların belinə taxmaq əvəzinə öz əlində tutur və uşağın yanınca gedirlər. Çanta normal ağırlıqdadırsa, onu uşaq iki çiynindən asarsa, bu, onun onurğasına təsir etmir. Sözsüz ki, məktəbli çantası çox ağırdırsa, üstəlik uşaq onu çiyninin bir tərəfindən asırsa, belə vəziyyətdə onurğada problemlər yarana bilər. Belə ki, çantanı bir çiynindən asdıqda uşaq istər-istəməz həmin istiqamətdə əyilir. Bu da uşaqlarda sümük oynaq sistemi tam inkişaf etmədiyinə görə bu proses təkrar olunduqca tədricən onurğa sütununda skalioz və yaxud küfoz kimi xəstəliklərin əmələ gəlməsinin bünövrəsi qoyulur. Burada uşağın oturuşundan da çox şey asılıdır”.

H.Mehdiyev qeyd edir ki, uşaqların ağır çanta daşıması gələcəkdə onlar üçün səhhətləri ilə bağlı problemlər yaradacaq: “Sümüklərin əyilməsinə də gətirib çıxarır. Ona görə də bütün bunları valideynlər nəzərə almalıdır. Mümkün qədər məktəbli çantasını yüngülləşdirməyə çalışmalı, əlavə vəsaitlər qoymaqdan çəkinməlidir. Daha balaca və yüngül çantalar alınmalıdır. Eləcə də, iş dəftərlərinin məktəbdə saxlanılması, yəni özü ilə evə daşımaması təcrübəsindən də yararlanmaq olar. Bunlar mümkün olmursa, valideynlər məktəbli çantalarını özləri daşısınlar. Məktəbli çantasını uşaq özü aparmaq məcburiyyətindədirsə, çanta uşağın hər iki çiyninə keçirilməli, düz dayanmalı, uşağı əyməməlidir. Belə olan halda onurğaya dəyə bilən zərəri minimuma endirmiş oluruq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir