uz

Özünü bəyənməmək, yoxsa sosial problem?

Baxış sayı: 497

“Dismorfofobiya” adlanan bu narahatlıq ilk dəfə italyan psixiyatr Enriko Morselli tərəfindən 1886-cı ildə müəyyən edilən psixoloji pozuntudur. Özünü bəyənməmək, güzgü xəstəliyi, ya da bədən dismorfik pozuntusu olaraq da tanınır. Bu pozuntuda şəxs vücudunun bir hissəsini bəyənmir və ya görüntüsünün pis olduğunu düşünür. Mütəxəssilər bildirirlər ki, şəxsin bədəninə aid mənfi düşüncələri iki şəkildə ortaya çıxa bilər. Birincisi, şəxsin öz bədəninə aid müsbət qavrayışın pozulmuş olmasıdır. Yəni bədəninin burun, qulaq, əl kimi bəzi hissələrini bəyənməməsidir. İkincisi isə başqalarının onun bədənindəki bəzi hissələri bəyənmədiyini düşünməsidir. Bəzən ikisi bir arada da görülə bilər. Hər iki vəziyyətdə bu pozuntu ilə bərabər başqa problemlər də vardır. Məsələn, depresiya və vəsvəsə bu xəstəliyi müşayiət edən xəstəliklər arasındadır.

Dismorfofobiya pozuntusunda görünən real bir bədənsəl qüsur olmamasına baxmayaraq, şəxs  bir pozuntusu olduğunu vəya çox çirkin olduğunu düşünərək tez-tez estetik əməliyyatlar etdirir. Bəzi vəziyyətlərdə şəxsin həqiqətən də fiziki bir problemi ola bilər və şəxs bu pozunutunu o qədər böyüdür, o qədər dərd edir ki, bir müddət sonra bu narahatlıqdan əlavə bədəninin başqa yerlərində də problemlər olduğunu  düşünməyə başlayır. Psixoloqların fikrincə, dismorfofobiyanın güzgü xəstəliyi kimi tanınmasının səbəbi isə şəxsin ya güzgüdən, necə deyərlər, küsməsi ya da tez-tez güzgüyə baxaraq özünü incələmə ehtiyacı hiss etməsindən qaynaqlanır. Bu narahatlıq ümumiyyətlə, özünə qapalı, dostluq etməkdə problem yaşayan, insanların tənqidlərinə və düşüncələrinə çox önəm verən və təşviş dərəcəsi yüksək olan insanlarda daha çox rast gəlinə bilir.

UZ

Mütəxəssislər qeyd edirlər ki, dismorfofobiya hər dönəmdə yarana bilən bir narahatlıq olmaqla bərabər, onun son illərdə daha çox artmasına səbəb insanlarda estetik qavrayışın dəyişməsidir. Getdikcə daha çox insanın estetik uzmanlarına müraciət etdiyini və əsasən də sinə, ümumi üz əməliyyatları etdirdiyini görürük. Texnologiya sahəsindəki inkişaf da estetik əməliyyatların  daha çox populyarlaşmasında və qəbul olunmasında önəmli faktorlar arasındadır. Psixoloqlarsa bildirirlər ki, sosial paylaşım platformalarında insanların bir-biri ilə ünsiyyət və əlaqələri artdıqca, onların özləri ilə bağlı estetik təşvişlərində də ciddi mənada artmalar olur. Daha yaxşı və gözəl görünmək, daha yaxşı geyinmək, daha paraıltılı həyat yaşamaq kimi istəklərin artması dismorfofobiya narahatlığına birbaşa səbəb olmasa belə, ona təsir edən faktorlar arasındadır.

 

Röya Rasimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir