RUHIYYE RUSTEMOVA

Özünü izolyasiyanın insanlara müsbət və mənfi təsirləri – “QƏBUL OTAĞI”

Baxış sayı: 1. 333

“Gencaile.az” saytı bu gündən etibarən “Qəbul otağı” rubrikasına start verir. Bu rubrikada sizə ailə və uşaq psixoloqu, Rusiya Psixoloqlar Birliyinin üzvü, AMAC ana və uşaq psixoloji dəstək birliyinin rəhbəri Ruhiyyə Rüstəmovanın təqdimatında müxtəlif mövzulara dair psixoloji yanaşmanın əks olunduğu yazılar təqdim olunacaq. Beləliklə, “Qəbul otağı”nda ilk olaraq  karantin sonrası insanların sosial adaptasiyası və özünü izolyasiyanın insanlara müsbət və mənfi təsirlərindən bəhs edəcəyik.

 

Karantin bizim psixoloji və zehni sağlamlığımıza necə təsir göstərə bilər?

Bu psixoloqları və həkimləri maraqlandıran ən mühim suallardan biridir. Karantin zamanı və ondan sonra gələn dönəmdə bu problemi araşdıran çoxlu sayda tədqiqatlar mövcuddur və nəticədə bu gün biz karantinin sonralar insanların həyatında stress pozuqluğu faktoru olacağını deyə bilərik. Karantin dövründə yeni dönəmə keçməyi sevinclə gözləyən insanlar, eyni zamanda karantin dövrünün bitməsindən, yeni mərhələyə keçiddən qorxan insanlar var. Özünü təcrid mərhələsində psixoloji gərgin insanlar ailələrində və ünsiyyətləri kəsilmiş ətrafda yeni bir gələcək planı qurmaqda çətinlik çəkdikləri halda, digərləri isə karantindən sonra həyatlarını yeni bir başlanğıc kimi görürlər.

Karantindən öncə ailəsi ilə sıx ünsiyyəti olmayan ailə başçıları və uşaqlar özünü təcrid ərəfəsində yeni ünsiyyət formasına keçdilər. Bir çox ailələr stabil sağlam ruhlu karantin dönəmi yaşadılar, digərləri isə bu dönəmdə kəskin ailədaxili problemlərlə qarşılaşdılar. Özünə təcrid ailələrdə uşaqların və böyüklərin psixoloji sağlamlığına təsir göstərərək, bir çox ailələrdə travma sonrası stressə səbəb ola bilər. Karantin dövründə ailələrdə  yaranmış maksimal narahatlığın səviyyəsini qiymətləndirsək, karantindən çıxmaq bizə göründüyü kimi asan olmayacağı göz qarşısındadır. Çünki, psixoloji güclü və zəif olan insanlar kifayət qədər düşünüb gələcəyə dair daha düzgün planlar qura bilər və ya gələcəkdən ümidsiz vəziyyətə düşərək, psixoloji travma yaşaya bilərlər. Karantin dövründə cəmiyyətdən, ünsiyyətdən təcrid olunmuş gənclərin, yeniyetmələrin, uşaqların da maraq dairəsi dəyişdi. Gənclər karantin dövründə keçirilən təlim proqramlarında kifayət qədər yaralanıb, daha çox inkişaf edə bildilər, yeniyetmələrin təhsildə inkişaf üçün kifayət qədər zamanları oldu. Azyaşlı uşaqlar isə valideynlərlə hər zaman arzuladıqları birgə zaman keçirmə şansını qazandılar. Digər dəyişikliklər isə karantinə qədər, valideynlər uşaqları internet bağlılıqlarından uzaqlaşdırmaq istədikləri halda, karantin dövründə uşaqlar daha çox vaxtlarını onlayn təhsillə bağlı olaraq komputer arxasında keçirdilər. Evdə təhsil isə valideynlərin uşaqlar üzərində nəzarətinin artması ilə uşaqların gərginliyi və stressi artırdı. Nəticədə, dissosiyativ pozuntu, özgüvən azlığı, aqressivlik, obsessiv pozuntuları olan uşaqların sayı daha da çoxaldı. Digər tərəfdən isə valideynlər uşaqlarının müsbət və mənfi alışqanlıqları izləyib, onların psixoloji durumunu daha yaxından izləmək üçün kifayət qədər vaxtları oldu.

 

Bəs, karantində sonra böyüklər nə edəcək?

Uzunmüddətli aradan sonra yenidən işə qayıdan insanlar stress yaşayacaqlarmı? Karantindən sonra ticarət mərkəzlərinə, kinoteatrlara qaçmaq, təcili olaraq sevimli restoranlara, bütün qohumları, dostları ziyarət etmək və karantin öncəki surətli həyat rejiminə keçmək psixoloji yorğunluq yaradacaqmı?

Məlumdur ki, yay tətilindən sonra işə adaptasiya insan psixologiyası üçün hər zaman gərginlik yaradıb. Nəzərə alsaq ki, məzuniyyətlər və tətillər 1 həftə, 3 ay müddətində davam etdiyi halda, karantin insanlara daha uzun müddətli və aqressiv izolyasiya dövrü yaşatdı. Bu dövrdən sonra, normal həyata keçid mərhələsi, “hər şeyi bir anda etmək cəhdi” insan sağlamlığına müsbət deyil, mənfi təsir də edə bilər. İnsanlar karantin bitdikdən sonra, “daha hər şey əvvəlki, kimi olmayacaq”, “dünya artıq əvvəlki, kimi olmayacaq”, “görək başımıza daha nələr gələcək?!” kimi ifadələrinin nə demək olduğunu başa düşmələri üçün, “əvvəl” nə olduğunu və şəxsiyyətdə hansı dəyişiklərin baş verdiyini anlamaları lazımdır. Bu dəyişikliklər böyük ehtimal ki, özünü qavramada dəyişikliklərə səbəb olacaq, psixikamızda izlər buraxacaq, şəxsi həyatda və cəmiyyətdə davranışa təsir edəcək. Paradiqmada yaşayan hər kəs, müxtəlif şəraitdə öz həyatını yarada bilər və olduğunu mühitə uyğunlaşaraq inkişaf edə bilər. Karantində insanlar keçmişi və gələcəyi yenidən qiymətləndirmək,  özlərinin şəxsi zəifliklərini üstələməyi, həyatları üzərində və həyat üzərində nəzarəti gücləndirməyi: etirazı, qəzəbi, depressiyanı və qəbullanmanı idarə etməyi öyrəndilər. Məsələn, karantin zamanı təlimlərdə, xüsusi proqramlarda insanlar özlərini ekrandan izləməyə, öz səslərini eşitməyə və şəxsi mimiklərlə, emosiyaları ilə tanış olma şansını qazandılar. Hansı ki, bundan öncə böyük əksəriyyət özünü başqalarının gözü ilə analiz edirdi.

Eyni zamanda, özünü izolyasiyanın neqativ nəticələrindən: həyəcan, təşviş, depressiv hal, panikalardan qaçmaq ehtimalı azdır. Məsələn, tibb işçilərinin sağlamlı bir-başa təhlükə altında oldu. Covid- 19- a yoluxmuş ailələr psixoloji travma aldılar. İtki baş verən ailələrdə isə, travma daha kəskin oldu. Ən böyük zərbəni isə körpə uşaqları olan ailələr aldılar. Çünki, azyaşlı uşaqlara izolyasiyanın mahiyyətini və səbəbini izah etmək kifayət qədər çətindir.

Bir çox planlar, alışqanlıqlar dəyişilsə də, ailələrdə emosinal bağ gücləndi, insanlar dəyərlərinə, sağlamlıqlarına, ailələrinə, ünsiyyətlərə və kiçik sevinclərə fokuslandılar.

 

 

Ruhiyyə Rüstəmova

 Ailə və uşaq psixoloqu, AMAC ana və uşaq psixoloji dəstək birliyinin rəhbəri

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir