XESTELİK

Payız xəstəliklərindən necə qorunmalı? – Həkim məsləhəti

Baxış sayı: 1. 995

Payızın gəlişinə az müddət qalır. Bir çoxumuz, xüsusən də uşaqlar yaydan payıza keçəndə tez-tez xəstələnməyə başlayır.   Havanın tempraturu bir qədər enən kimi “soyuq oldu” deyib, özümüzü qorumağa çalışırıq. Amma mütəxəssislərə görə,   yaydan payıza keçid dövründə xəstələnmə səbəbi soyuq deyil, orqanizmin istiliyinin aşağı düşməsidir. Yəni yay-qış mövsümlərində orqanizmin istiliyini 37 dərəcə istilikdə saxlaya bilsək, əsla xəstələnmərik.
Payız-qış aylarında havanın tempraturu aşağı düşdüyü üçün   bədən istiliyi də azalır. Bunun nəticəsində maddələr mübadiləsi yavaşıyır, mikroblar aktivləşərək, xəstəliyin yaranmasına səbəb olur.

Mütəxəssislər bildirirlər ki, bədən istiliyi ilə olduğumuz mühitin istiliyi arasında fərq nə qədər çox olarsa, xəstəliyə tutulma riski də bir o qədər böyük olur. Buna görə də payızda və qışda xəstəliklərdən qorunmaq üçün qalın geyinmək əvəzinə tərləməkdən qorunmaq lazımdır. Bədən istiliyinin sabitliyini qorumaq müqaviməti salmadan sağlam qalmağa yardım edir.

Həkim terapevt Məlahət Abbasovanın sözlərinə görə, həddən artıq qalın geyinmək insanı xəstə edir: “Havalar bir balaca soyuyan kimi hamı başlayır üst-üstə geyinməyə. Unudurlar ki, qalın geyinmək xəstəlikdən qorumur, xəstəliyə səbəb olur.  Çünki qalın geyindiyiniz zaman bədən tərləyir. Qalın geyindiyiniz üçün tər buxarlanıb çölə xaric edilmir. Bu zaman bədən nəmli və ya yaş qalır. Belə vəziyyətdə tər bədəndə soyuq mühit yaradaraq bədən müqavimətini salır və xəstələnmə riskini artırır”.

Həkim payız-qış aylarında xəstəlikdən qorunmaq üçün necə geyinməyin lazım olduğunu da qeyd edir. Dediyinə görə, payız və ya qış aylarında qalın köynəklər, donlar əvəzinə 2-3 nazik paltar geyinmək daha məsləhətlidir. M.Abbasova hesab edir ki, 2-3 nazik paltar geynməklə bədəni daha çox qorumaq mümkündür: “Nazik paltarlar tərləmənin qarşısını alır. 2-3 qat arasında olan hava istilik itkisinin qarşısını alır. Məsələn, nazik bir köynəyin üzərindən nazik bir jilet və ya gödəkçə geyə bilərsiniz. Payız-qış aylarında xəstəliklərdən qorunmaq üçün corab geymək də vacibdir. Çünki corab ayağın xarici mühitlə təmasının qarşısını almaqla yanaşı, bədənin istilik itkisinin qarşısını da alır”.

Payız və qış aylarında ağız, burun və boğazınızı şal və şarfla bağlayın. Ağız-burun, boğaz bağlanan zaman tənəffüs yolu ilə bulaşan mikrobların qrip, bronxit və sətəlcəm kimi xəstəliklərin qarşısını almış olursunuz. Şarf da bədən istiliyinin itirilməsinin qarşısını alır: “Qarşıdan payız, yağışlar fəsli gəlir. Çox zaman gənclərimiz yağışların altında islanmağa üstünlük verirlər. Amma mən məsləhət görərdim ki, başlarına papaq qoysunlar. Papaq baş və qulaq bölgəsinin soyuqlamasının qarşısını alır. Payız-qış aylarında ən əsas geyim alt geyimi-maykalardır. Mayka bədən istiliyini qoruyur. Ancaq çox tərləməmək üçün qalın mayka geyinmək olmaz”.

Həmsöhbətimiz payızda xəstlənənməmək üçün rəngli geyimlərə üstünlük verməyi məsləhət görür. Çünki tünd rənglər günəş şüalarını özünə çəkir və bədəni soyuqdan qoruyur. “Yun geyimlərdən uzaq olmaq məsləhət görülür. Çünki yun geyimlər tərləməyə səbəb olmaqla yanaşı, allergik reaksiyalara da səbəb olur. Yeni aldığınız geyimləri, xüsusilə alt geyimləri istifadə etməmişdən əvvəl mütləq yuyun. Qaz tükündən olan geyimlər soyuğu keçirməməklə yanaşı yaxşı izolyator rolunu oynayır”.

Həkim bildirir ki, payız aylarında evin havasını tez-tez dəyişdirmək də xəstələnmə riskini azaldır: “Otaqlarınızın havasını tez-tez dəyişin. İnsanlarla görüşərkən əllə salamlaşmayın. Qrip və xəstə insanlarla təmasdan qaçın. Üz, göz, burun və ağızınıza az toxunun. Soyuqdəymə və qrip əsasən burun və ağız vasitəsilə yoluxur. Asqırandan sonra əllərinizi yumadan üzünüzə, ağız-burnunuza toxunmayın. Burun axıntısını udmayın, fınxıraraq çıxarmağa çalışın. Bu yolla siz bədəninizdə olan infeksiyaları çölə atırsınız. Asqırma və ya fınxırma zamanı kağız dəsmallardan istifadə edin. Bol vitamin qəbul edin. Vitaminləri dərman şəklində deyil, tünd yaşıl, qırmızı və sarı rəngli meyvə və tərəvəzlər istehlak edərək qəbul edin. C vitamini immunitet sisteminizi gücləndirərək sizi xəstəlikıərdən qoruyacaq. Payız və qış aylarında isti toyuq supu orqanizm üçün çox faydalıdır”.

Stress və həddindən artıq yorğunluq immunitet sistemini zəiflədir. Stresinizi azaldacaq meditasiya məşqləri edin.  Axşamlar erkən yatın. Xəstə olduğunuz zamanlarda daha çox su için. İlıq su, zəncəfil, bal, limon, darçın, adaçayı, cökə,  çayları çox faydalıdır. Süd və südlü içkilər məsləhət görülmür.
M.Abbasovanın bildirdiyinə görə, özünüzü payızın ilk günlərində xəstələnməkdən qoruya bilsəniz, daha sonra az xəstələnəcəksiniz. “Çünki payız girən kimi xəstələnən orqanizm gec sağalır və özünü tam toplaya bilmədiyindən  tez-tez xəstələnir. Buna görə də, hava bir balaca sərinləyən kimi həkimin məsləhətlərinə əməl etməyə başlayın”.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir