sevinc fedai

Qızlar, ər qaçmır…

Baxış sayı: 1. 678

Məktəb vaxtı yaxınlıq etdiyim bir neçə qız varıydı, yaxşı yola gedirdik, o yaşa uyğun sirrimizi-sözümüzü bölüşürdük. Ancaq böyüdükcə, necə deyərlər, gördüm ki, başqa dünyaların adamlarıyıq. Belə ki, məni məktəbi bitirİncəyə qədər maraqlandıran tək şey dərslərim, ali məktəbə qəbul olmaq idi. Elə bilirdim ki, bir məktəblinin dərdi-səri ancaq bu olmalıdır. Məsələn, hansısa qızın ali məktəbə getmək istəyinin olmadığını, qəbul imtahanına qatılmayacağını, hansısa sənətə yiyələnmək arzusunun olmadığını biləndə təəccüblənirdim. Fikirləşirdim ki, necə yəni ali məktəbə getməyəcək, bəs neyləyəcək?

“Neyləyəcək?” sualımın cavabı isə çox asanıymış, əslində. Ərə gedəcəklərmiş. 7-8-ci sinifdən bir-birilə baxışmağa, məktublaşmağa, dalda-bucaqda görüşməyə başlayan qız-oğlanların arzusu bu imiş: məktəbi bitirən kimi evlənmək. Mən geridə qalmış isə, hətta sinif yoldaşlarım bu barədə danışanda isə elə bilirdim ki, onlar ayıb iş görürlər, bu söhbətdə iştirak etməklə mən də onların ayıbına ortaq oluram. Hətta bəzən dedikləri hansısa sözü başa düşməyib mat-mat baxmağımla gülüş obyekti də olurdum.

Zaman keçdikcə onların “sevgi” münasibətlərinin şahidi olur, kənardan ağı qaradan daha yaxşı seçə bilirdim. Doğru yolda olmadıqlarını deyəndə isə məndən uzaqlaşır, hər şeyi məndən gizlədirdilər. Amma sonra yaşadıqları tale heç kimdən gizli qalmadı. Qoşulub qaçan kim, 1 ilin içində evlənib boşanan kim, körpə uşaqla evdən qovulan kim, həbsdə olan narkoman ərə yemək daşıyan kim … Bütün bunlar baş verdiyi bir vaxtda mən ali məktəbdə oxuyurdum, yenə də ərə getməkdən də böyük arzularım var idi. Hər dəfə hansısa sinif yoldaşımın bu xəbərini alanda isə əlimdən üzülməkdən başqa heç nə gəlmirdi.
Ailə qurmaq da vacibdir, insan ömrünü tək başa vurası deyil ki… Ancaq hər şeyin zamanı var, vaxtı var. Hər kəs üçün bu zaman müxtəlif ola bilər. Amma ən əsası, sən artıq həyatı, doğruları dərk edəcək yaşa gəlməlisən, müəyyən dünyagörüşə malik olmalısan, ağı qaradan seçə bilməlisən, öz ayaqların üstündə dayana bilməlisən. Öz ayaqları üstündə dayana bilmək ifadəsi nə qədər şablonlaşsa da…

Bax hələ bu yaşımızda belə oxuduğumuz hər hansı bir əsər necə fikirlərimizi dəyişir, yaşadığımız, qarşılaşdığımız hər hansı bir hadisə keçmişdə necə səhvlər buraxdığımızı göstərir. Yəni bu həyat təcrübəsini qazanmaq, daha az səhv etmək üçün yaşamaq, görmək, oxumaq, ünsiyyətdə olmaq lazımdır. 16-17 yaşında biz hansı həyat təcrübəsinə malik ola bilərik ki, hələ bir bilək də ərə getmək, ailə həyatı qurmaq, yuva qurmaq nə deməkdir, necə olur? Ərə getdiyimiz adamı doğrumu seçmişik, onunla bir evdə yaşaya bilərikmi, onunla çətin günlərin öhdəsindən gələ bilərikmi? Övlad dünyaya gətirib böyüdə bilərikmi? Üç gündür, bir aydır tanıdığınız oğlana ərə getməklə dünyanın xoşbəxti olursunuz. Neçə gün, neçə həftə davam edir bu? Bir aydan sonra ata-ananıza zəng vurursunuz ki, gəlin məni aparın. Onlar da apara, aparmaya.

Yaxşı, gəlib apardılar. Sonra, sonra necə olacaq sizin taleyiniz? Əlinizdə bir sənətiniz yox, təhsiliniz yox, sizə doğru yol göstərəcək, sizə bir işıq yolu açacaq üç-beş tanışınız yox, qısası dünyadan xəbəriniz yox… Tale sizə başqa oyun oynayanda gözünüz qaralır, daha böyük yanlışlara yol verirsiniz. Bununla da türklər demiş, bütün həyatınız kayır… Buna görəmi gəlmişdiniz dünyaya? Niyə doğulduğunuz, necə yaşayacağınız barəsində bir düşünmək, götür-qoy eləmək üçün filosof olmağa ehtiyac yoxdur. Sadəcə, səbr, təmkin, yaşamaq, fikirləşmək, zaman lazımdır, tələsmək yox… Necə deyərlər, “ər qaçmır”, narahat olmayın 3 yaşından arzusunda olduğunuz o ağ gəlinliyi də geyinəcəksiniz….

Bütün bunları müəllimindən hamilə qalan məktəb şagirdinin müsahibəsini oxuyandan sonra yazmaq qərarına gəldim. Yenə məktəb illərim, yenə o vaxtkı düşüncələrim, yenə o vaxtkı qızlar yadıma düşdü. O müsahibədə gördüyüm sözlərə, ayıqlığa yenə illər əvvəl olduğu kimi mat qaldım. Necə yəni müəllim məni soyundurub şəklimi çəkdi, necə yəni məni şantaj elədi, necə arxadan ağzımı tutub təcavüz elədi, necə yəni altı aydı hamiləyəm, xəbərim yoxdur? Adam az qala dəli ola. Niyə özünə bu qədər yağı kəsildin, qız?

Biz bu yaşda olanda həyətdə dizimizi qanadıb ağlaya-ağlaya anamızın üstünə qaçırdıq. Başına bu boyda hadisə gəldi, sən niyə ağlaya-ağlaya ananın üstünə qaçmadın, qız? Niyə?

Sevinc Fədai, “Milli.az”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir