sehla ismayil

Qızlara abır-həya öyrədək, amma necə?

Baxış sayı: 1. 121

Sabiq deputat, psixoloq Gülər Əhmədova bu gün sosial şəbəkədəki hesabında maraqlı bir status yazıb və bu fikir müzakirələrə səbəb olub. G. Əhmədova yazıb ki, analar, bu qızlarınıza təhsil verəndə bir az da abır-həya  öyrədin.

Abrı-həya, tərbiyə məsələsində niyə məhz qızların önə çəkilməsi, müasir gəncliyin davranış qaydaları, cəmiyyətin yazılmamış köhnə qanunlarına riayət etməmələri və sair də sosial şəbəkədə gedən müzakirənin əsas predmetinə çevrilib. Gənc qızların vurğulanmasının səbəbi həm də onların gələcəkdə ana olub, övlad tərbiyə etmələri ilə bağlıdır.

 

Mövzuya ekspert yardımı ilə işıq salmağa çalışdıq.

 

 “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl bildirdi ki, normal  davranış qaydaları, etik və əxlaqi  münasibətlər cəmiyyətə mütləq aşılanmalıdır: “Bu təkcə qadınlara və qızlara şamil olunmamalıdır. Ümumiyyətlə, uşaqların tərbiyəsində mütləq bu məsələyə diqqət edilməlidir. Məktəbdə təhsil prosesində, eyni zamanda məktəbəqədər dövrdə bu həm qızlara , həm də oğlanlara aşılanmalıdır. Gülər xanımın bu fikirləri hansı kontekstdə dediyini bilmirəm. Ancaq cəmiyyətin bir üzvü  kimi onu deyə bilərəm ki, hazırda istər oğlanların da , istərsə də qızların da davranışında aşırı sərbəstlik var. Sərbəstliklə tərbiyəsizlik  arasında incə bir hədd var. Sərbəstliyi heç zaman tərbiyəsizlik həddinə gətirib çıxartmaq olmaz. O səbəbdən gənclərə cəmiyyətin yazılmamış davranış normaları da aşılanmalıdır. Bu həm də maarifləndirmə proqramlarının tərkib hissəsi olmalıdır”.

Ş.İsmayıl vurğuladı ki, Azərbaycan cəmiyyəti müasirliyi və dünyəviliyi ilə birlikdə, qədim ənənələrinə də sadiqdir: “Milli adət-ənənələrimizə dayanan bu qaydalardan da qətiyyən imtina etmək olmaz. Həmin dəyərlərin aşılanması üçün təhsil mərkəzlərindən istifadə etmək lazımdır. Məktəblərdə müvafiq dərslər keçirilməlidir. Ailələrin hamısının təhsil səviyyəsi eyni deyil, buna bilik və bacarıqları çatmaya bilər. Ona görə məktəblərdə və məktəbəqədər müəssisələrdə müəyyən bir profil üzrə milli dəyərlər aşılansa, daha məqsədəuyğun olardı. Uşaq yaşlarından etika və estetika öyrədilərdi. Bu bizim xalqımıza ancaq baş ucalığı gətirən bir məqam  olar”.

Ekspert onu da qeyd etdi ki. bu məsələdə təkcə qadınlara yüklənmək lazım deyil: “Uşağın tərbiyəsi ilə bağlı qadınlar qədər kişilər də məşğul olmalıdır. Söhbət təkcə öyüd –nəsihətdən deyil, şəxsi nümunədən gedir. Övlad evdə valideynlərdə abır-həya görərsə, bu tamam fərqli bir keyfiyyət müstəvisinə gətirib çıxara bilər.  Valideyn uşağa dediyi nəsihəti özü həyata keçirmirsə, o zaman bu mənasız olur. Məktəblərdə isə bu əxlaq qaydaları hər müəllimənin yorumuna görə yox, bəlli standartlar çərçivəsində aparılmalıdır. Yalnız o halda yaxşı nəticələr ala bilərik”. (Musavat.com)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir