Bütün dünyada olduğu kimi Azərbaycanda da məsləhətlə və təyinatsız dərman istifadəsi xalqın sağlamlığına və müalicə xərclərinə çox təsir edir. Xüsusilə yaşlı xəstələrdə məsləhətlə dərman istifadəsinin hər gün çoxalması səbəbindən ciddi sağlamlıq problemləri yaranır.
Həddindən artıq və həkim tövsiyəsi olmadan dərman istifadəsi arzuolunmaz vəziyyətlərə səbəb ola bilər. Qonşu, qohum, tanış vasitəsi ilə dərman alıb içərkən bu davranışın allergik reaksiyalar, qaraciyər və böyrək çatışmazlığı yarada biləcəyi ehtimalı da nəzərə alınmalıdır. Çünki birlikdə qəbul edilən dərmanların tərkibindəki maddələr bir-biri ilə reaksiyaya girə, daxili orqanlara zərər verə bilər.
Dərmanların, xüsusilə də antibiotiklərin düzgün, doğru dozada və doğru zamanda istifadə edilmədiyi təqdirdə orqanizmə zərər verə biləcəyi, gözlənilməz xəstəliklər və yan təsirlərin meydana gələ biləcəyi diqqətdə saxlanmalıdır. Soyuqdəymə və qripin daha çox evdə dincəlməklə, bol maye içməklə və sadə dərmanlarla müalicə oluna biləcək xəstəlik olduğunu qəbul etməyən, daha tez sağalmağa çalışan insanlar çeşidli dərman istifadəsinə, fərqli həkim müalicəsinə ehtiyac hiss edir. Nəzarətsiz və fərqli şəkildə dərman istifadəsinin xəstəliyi ağırlaşdırma ehtimalı var. Hətta vitaminin belə həkim məsləhəti olmadan qəbul edilməməsi vacibdir.
Xüsusilə qrip müalicəsində antibiotiklərdən istifadə yolverilməzdir. Hazırda antibiotik istifadəsi ciddi problemdir. Qrip zamanı antibiotik tələb olunmur, amma həkimlər məsləhət görür ki, qripdən sonra bakterial infeksiya varsa həkim təyinatı ilə istifadə oluna bilər. Əgər qrip zamanı bəlğəm, sarı-yaşıl axıntı yoxdursa antibiotik təyinatı doğru deyil. Antibiotiklərin lazımsız yerə istifadəsi təkcə zərərli deyil, həm də təhlükəlidir. Bir müddət sonra o antibiotik o infeksiyalara təsir gücünü itirir, xəstəliyi ram edə bilmir, bədən antibiotiklərə qarşı immun sistemi yaradır. Antibiotiklərdən çox istifadə floramızı pozur. Halbuki, antibiotikin məhv etdiyi bakteriyaların oqanizminizdə bir balansı, xidməti, faydası var.
Ən çox yaşlı insanlar tövsiyə ilə dərman içir
Antibiotiklərin düzgün istifadəsi yalnız həkim nəzarəti altında və həkimin təyin etdiyi dozada olarsa mümkündür. Məsələn, tənəffüs yolu infeksiyaları üçün bir qutu antibiotik yazılıbsa, ikinci qutunu öz qərarınızla qəbul etməyin. Bunu yalnız həkim məsləhət görə, təyin edə bilər. Yaxud, iki qutu yazılan antibiotiki bir qutu qəbul edərək artıq sağaldığınızı düşünürək xəstəliyi təkrar gücləndirə bilərsiniz.
Müşahidələrə görə ölkəmizdə yaşlı xəstələrin istifadə etdiyi reseptsiz dərmanların əksəriyyəti ağrıkəsicilər, qəbizlik dərmanları və vitaminlərdir. Yaşlı xəstələr çox vaxt istifadə etdikləri bitki mənşəli məhsullar və vitaminlər barədə həkimlərinə məlumat vermirlər. Bununla belə, qeyri-dərman olan qida əlavələri də dərmanlarla eyni vaxt qəbul edilir deyə qarşılıqlı təsir göstərir, allergik reaksiyalar müşahidə olunur.
Yaşlı insanların tez-tez istifadə etdiyi bu tip dərmanlar və qida əlavələri mərkəzi sinir sistemini hədəf alır. Xüsusilə, antibiotiklər, ağrıkəsicilər, qan durulaşdıran dərmanlar, təzyiq dərmanları, tənəffüs yollarını açan dərmanlar, sidikqovucular və qan şəkərini azaldan dərmanlar eyni vaxtda qəbul edilir və ciddi yan təsirlərə səbəb olur. Yaşlılarda ən çox müşahidə edilən reaksiyalar depressiya, yaddaş pozulmaları, narahatlıq, ani yıxılma, qeyri-iradi hərəkətlərə səbəb olan xəstəliklər, qəbizlik və sidik qaçırmadır.
Hər ağrı üçün dərman içilməməlidir
Həkimlər deyir ki, hər bir simptom və ya şikayət üçün dərhal dərman istifadə edilməməlidir. İstifadə olunan bütün dərmanlar həkimlə məsləhətləşdirilməlidir. Siqaret, spirt və kofeinli içkilərin qəbulu barədə həkimə müfəssəl məlumat verilməlidir ki, dərman təyinatı zamanı bunlar nəzərə alınsın. Dərmanlar həkim tərəfindən tövsiyə olunan dozada və müalicə cədvəlinə uyğun istifadə edilməlidir. İstifadə edilən dərmanlarla bağlı ən çik allergik reaksiya da olsa, mütləq həkimə bildirilməlidir. Bitki mənşəli olaraq satılan əlavələr yalnız həkimlərin məsləhəti ilə qəbul edilməlidir.
Xüsusilə yaşlı xəstələr qonşu, qohum məsləhəti ilə dərman qəbulundan uzaq olmalıdır. Çünki dərman tövsiyə edilərkən müalicə fərdi şəkildə aparılmalı və xəstə üçün ən uyğun dərman seçilməlidir. Tanışın, qonşunun məsləhət gördüyü dərman sizin bədəninizdə fərqli effekt verə, hətta sizi komaya belə sala bilər.
Həkimlər dərman təyinatını mümkün olan ən aşağı dozadan başlayırlar, orqanizm dərmana qarşı reaksiya vermədikdə artırırlar, lakin məsləhətlə içdiyiniz dərman yüksək dozada ola və sizi öldürə bilər. Dərman mümkün olan ən aşağı dozadan başlamalıdır və doza tənzimlənməsi diqqətlə aparılmalıdır. Xüsusilə, depressiv insanların sakitləşdirici xüsusiyyətlərə malik olan dərmanları tövsiyə ilə içməsi sağlamlıqlarına ciddi təhlükə ola bilər.
Lalə Mehralı