Sevinc Elsever

Rəfiqəsini fotoşopla aldadıb qardaşına qaçıran bacı

Baxış sayı: 1. 585

Ona şəklini göstərdikləri oğlan əməlli-başlı yaraşıqlı idi, bu maşındakı oğlanla heç bir əlaqəsi yox idi. Vəsilənin dişi bağırsağını kəsirdi: “Elə buna gedincə, qırx illik qonşumuzun oğlu Qədirə gedərdim də!”- deyə düşünürdü, “Kül başına, Vəsilə, səni aldadıblar”.

Vəsiləni üzü şəhərə aparırdılar. Bir müddət şəhərdə Azərlə Sevilin bibisigildə qalacaqdılar, ara sakitləşəndən sonra kəndə qayıdacaqdılar. Sürücü də Sevilgilə yad deyildi. Sevilin doğmaca bibisi oğlu idi. Bakıdan dayısı oğluna qız qaçırtmaqda kömək eləməyə gəlmişdi.

Sevil qonşu kəndin qızı idi, keçən il Vəsilə ilə birgə rayon mərkəzindəki tibb kursuna gedirdilər, orda yaxınlaşıb dostlaşmışdılar. O vaxtdan bəri əlaqələri kəsməmişdilər, vatsapla yazışıb-danışmışdılar. Vəsilənin saqqızını Sevil oğurlamışdı.

Qardaşının şəklini fotoşopda düzəltmişdi, neyləmişdisə, oğlan Vəsilənin ürəyinə yatmışdı. Görüşüb danışmaqlarına imkan yox idi. Vəsilənin qardaşları, atası onun başını tərsə kəsərdi. Sevilin dediyinə görə, elçi göndərməyə, nişanlı qalmağa da oğlanın imkanı yox idi. “Atasız oğlandı, eybi yoxdu, madam da belə yaraşıqlı oğlandı, eybəcər Qədirdən də canımı qurtararam” – deyə Vəsilə düşünmüş, ürəyi atmışdı.

Qədirgil bir neçə dəfə elçi gəlmişdilər. Baxmayaraq ki, nəinki bu kənddən, elə bu ölkədən, bu dünyadan Vəsilənin adını tutan bircə adam Qədir idi, Vəsilə iki ayağını bir başmağa dirəyib “yox ”deyirdi.

Qədir heç Vəsilənin döşünə yatmırdı. Bu boyda kənddə onun adını ancaq Qədirin tutmağı, başqa heç kimin qapılarına elçi düşməməyi, söz göndərməməyi Vəsilənin ağrına gedirdi. Ona elə gəlirdi ki, Qədirə ərə getsə, lap öz dili ilə razılığını bildirsə də, öz xoşu ilə ərə getmiş olmayacaq, məcbur qaldığı üçün Qədirlə evlənmiş olacaq. Vəsilə gözləyirdi kimsə, bir başqa adam onun adını tutsun.

Adı durduğu yerdə Qədirlə çıxmışdı. Bütün kənd Qədirin Vəsiləni istəməyindən danışırdı. Vəsilə ha özünü öldürsə də, ha dili ilə, gözü ilə, bədəni ilə hayqırsa da ki, Qədiri istəmir, onun fikri, onun hissləri vacib deyildi. Əsas o idi, Qədir fikrində ciddidi, Qədir Vəsilə ilə evlənmək arzusundadı.

Bu da Vəsiləni özündən çıxarırdı. Elə ona görə də Sevilgilin qoşulub qaçmaq təklifinə razı olmuşdu. Azərə bir könüldən min könülə vurulduğundan yox, eləcənə qımırından.

Amma indi görürdü ki, aldanıb, səhv eləyib. Bu oğlan çirkinlikdə nəinki Qədirdən geri qalmır, üstəlik onu qaçırıb toysuz-mağarsız özünə arvad eləmək istəyir. “Nə yoğurdum, nə yapdım, yağlıca tikə tapdım!”…

Bilinmir ki, dədəsi, qardaşları Vəsiləni alqışlayacaq, qarğışlayacaq. Üstəlik, tanımaza-bilməzə, gözüyumulu ərə getmək olar? Yenə heç olmasa, Qədiri az-çox tanıyır.

Vəsilənin başı elə bil qəfil daşa dəymişdi, kor gözlərini açmışdı, qəflət yuxusundan ayılmışdı.

Bəs indi neyləsin? Başına haranın daşını töksün? Necə desin ki, mən bu oğlanı istəmirəm, məni geri, dədəmin xarabasına qaytarın. Bunu eləyərlərmi? Yox!

Lap tutalım bu oğlana getmək istəmədiyini dedi, deməyəcəklər bizi dolamısan?

Evdən çıxdığı üç saatdan çox olar. Çox güman ki, yoxluğundan xəbər tutublar, düşüblər dağa-dərəyə, qoşulub qaçdığını öyrəniblər.

Vəsilə neyləyəcəyini, nə edəcəyini düşünə-düşünə havalanırdı. “Yox, mən bircə gün də bu eybəcərlə bir damın altında yaşaya bilmərəm. Üstəlik, üzündən zəhrimar yağır, qaraqabaqdı da”.

Elə bil Allah istədi, Vəsiləni düşdüyü bu tordan qurtarsın, nədi? Qızın qəfil ürəyi bulanmağa başladı. Uşaqlıqdan maşına minəndə onun ürəyi bulanardı. Bu dəfə deyəsən qara-qara düşüncələrdən ürəyi bulanmağa başlamışdı. Vəziyyətin nə yerdə olduğunu son anda maşındakılara başa sala bildi. Az qalmışdı qusub üstünü-başını batırsın.

Vəsilənin ayağı torpağa dəyən kimi ürkək ceyran tək qaçmaq istədi. Ayaqları torpaqdan güc aldı. Bacardığı qədər maşından aralanıb çömbəldi, qusub rahatladı. Oğlanın onu bu vəziyyətdə görüb-görməyəcəyi də vecinə olmadı, ayrı vaxt bu vəziyyətə düşəndə maşındakılardan utanar, xəcalətlə üzr istəyərdi.

Vəsilə qaytarandan, Sevilin butulka ilə tökdüyü sudan üz-gözünə vurub özünə gəldikdən sonra, gözü kənarda dayanan Yol Patrul Xidmətinin maşınına sataşdı. Maşının üstündəki YPX hərflərini “Yardım! Polis! Xilas!” kimi oxudu. Və qeyri-adi ixtiyarla elə bu kəlmələri qışqırmağa başladı: “Yardım!”, “Polis!”, “Xilas!”

Onun qolundan tutaraq kömək eləməyə çalışan Sevilin gözləri kəlləsinə çıxdı, ağzını açmağa belə imkan tapa bilmədi, təəccübündən matı-qutu qurudu.

Maşındakı oğlanlar isə nəsə düşünməyə imkan tapa bilmədilər, polis onların başının üstünü aldı.

İki dəqiqə keçmədi ki, ətraflarına polislər yığışdı. Sevilgil qatı cinayətkar dəstə kimi dövrələndi. Hər şey elə göz qırpımında baş vermişdi, binəva Azər hətta qorxusundan hər iki əlini yuxarı qaldırmışdı. Halbuki ona sarı silah doğruldan da yox idi. İllərdi filmlərdə gördüyü əhvalat başına gəlmişdi qəribin. İndi özünü necə aparacağını, işin içindən necə çıxacağını belə bilmirdi.

O axşam Vəsiləni bağrına basıb duz kimi yalayan, gedib –gəlib əlini kürəyinə qoyub öyən atası başlarına yığışan qohum-qardaşa qızlarını qəhrəman kimi təqdim edirdilər.

“Ciyəriyanmışın hərəkətinə bax e, sən Allah! Sən gəl qızı aldat, evdən çıxart apar, de ki, ad günümdü, qonaq aparıram. Kül olsun mənim ana başıma! Özüm öz əlimlə verdim qızımı, apardılar. Mən nə bilim, hardan bilim bunun niyyətini?! İlan dili çıxartdı. Sonra da qardaşınla, bibinoğluyla köməkləş qaçırt. Qız hərəkətidi bu?! Yaxşı ki, ayıq oldu Vəsiləm! Qız uşağı gərək gözüaçıq olsun!” – anası hər gələnə əzbərlədiyi bu cümləni deyirdi.

“Aslanın erkəyi, dişisi olmaz! Halal olsun Vəsilə qızıma!” – bu sözləri də atası əzbərləmişdi.

İndi Qədir də Vəsilənin qədrini bir bilirdisə, iki bilməyə başlamışdı. Bəs necə? O qızı ki, iki kişi, bir qadın qaçırıb apara bilməmişdi, o qız ki, namusunu axıra qədər kişi qızı kimi qorumuşdu, ondan yaxşı arvadmı olardı? Qədir əvvəl gündən gedib-gəlib Vəsilədən əl çəkmədiyinə bir daha şükür etmişdi. Hərdən o, ruhdan düşmüş, Vəsiləni həmişəlik unutmaq üçün əlindən gələni eləməyə, qızı özü öz gözündən salmağa çalışmışdı, amma heç cür bacarmamışdı. Yaxşı ki, bacarmamışdı!

Vəsilənin qiyməti gələcək qaynata-qaynanasının yanında da göylərə yüksəlmişdi. Bir dediyini iki eləmir, bir “qızım” deyirdilər, biri də ağızlarından düşürdü.

Bir həftədən sonra Vəsilənin toyu çalındı. Onu Qədirə gəlin apardılar.

Vəsilə ağ gəlinlik paltarında qu quşuna bənzəyirdi. Qədir elə bilirdi, qız indicə qanadlanacaq, Azərdən qaçdığı kimi, ondan da qaçacaq. Qorxuyla ürəyi əsirdi. Amma yox, hər şey adi qaydada, sakit, macərasız qurtardı. Qədir qızı qoluna salıb həyətlərindən çıxararaq gəlin maşınına sarı apardı.

Həmin vaxt növbəti dindirmədən sonra ayaq üstə güclə dayanan Azərin qoluna girən polis işçiləri onu yenidən dörd divar arasına salmağa aparırdılar.

Vəsilə altı aylıq hamilə olanda, Azəri də, bacısını da buraxdılar. Bibilərinin oğlu heç tutulmamışdı da. Bibi pul tapıb oğlunu təmizə çıxartdırmışdı. Vəkilin verdiyi ağılla bibioğlu heç nədən xəbəri olmadığını, kəndə gəzməyə gəldiyini, qayıdanbaş da dayısı uşaqlarının xahişi ilə onları şəhərə apardığını demişdi. Onların yanındakı qızı da ilk dəfə gördüyünü, qaçırmaq məqsədi ilə yanlarında apardıqlarını bilmədiyini söyləmişdi.

Azərlə Sevilin anası ərindən ona və uşaqlarına qalan yeganə mirası – içində yaşadıqları, son ümidləri olan evlərini satmağa məcbur qalmışdı. Dəyərindən ucuz satılan evə altı aydan sonra bir müştəri tapılmışdı.

Bir dəfə rayon mərkəzinə gedən kənd avtobusunda Vəsilə Azərlə Sevilin gündən-günə beli daha da bükülmüş, qocalmış anası Gilasla qarşılaşdı. Vəsilə qaynanası ilə rayon mərkəzi xəstəxanasında tapdığı doğum həkiminin yanına gedirdi. Vəsilə heç bilmədi ki, qadın onların kəndinə oğlunu, qızını məhkəməyə vermiş atasına növbəti dəfə yalvarıb-yaxarmağa gəlib. Dar, Nuh əyyamından qalan kənd avtobusu ağzınacan dolmuşdu. Amma aşağıda, dayanacaqda yenə adamlar qalmışdı. Onlar növbəti avtobusun boş gələcəyini, oturub rahat yol gedəcəklərini gözləyirdilər. Vəsilə ilə qaynanası da iki belə dolu avtobusu buraxmışdı. Nəhayət, boş yer tapdıqları avtobusda yer eləmişdilər özlərinə.

Dərdli Gilas isə rahatlıq axtarmaq xəyalına da düşməmişdi. Bir saatlıq yolu ayaq üstə gedəcəyini nəzərə almamışdı. Ağzına qədər dolmuş avtobusda başının üstündəki dəmirdən sallaşa-sallaşa əziyyətlə yol gedirdi. Vəsilənin qaynanasının qorxusundan qıza tərəf heç baxmırdı da. Amma Vəsilə hərdən gözucu qadını nəzərdən keçirirdi. Qadını başdan-ayağa süzür, sızıldayan vicdanını sakitləşdirmək üçün pıçıldayırdı: “Canı vardı o da bizim kimi rahatlığını düşünəydi, boş avtobus gözləyəydi, ağzınacan dolu avtobusa təpilməyəydi. İndi yolun sonuna qədər beləcə əziyyət çəkəcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir